KÖŞƏ

Vəli İlyasov

Vanetsyanın saxta lirikası...

20 may 2022 01:36
1070

Fransa meydanı, yoxsa revanşistlər üçün məzə yeri?

İrəvanda mitinqçilərin üstünə yağış yağıb. Bundan guya təsirlənən Artur Vanetsyan lirik duyğulara qapılıb. Ətrafındakıları da öz lirikasına cəlb etmək üçün deyib: “Yağış müharibədə həlak olan uşaqlarımızın göz yaşlarıdır, çünki biz onları qurban verən hakimiyyətdən qurtula bilmədik”.

Yağış İrəvanın Fransa meydanında çıxış edən Ermənistan Milli Assambleyasının şərəfi olmayan “Şərəfim var” fraksiyasının rəhbəri, “Hayrenik” (“Vətən”) partiyasının sədri Artur Vanetsyanın bir neçə gün əvvəl Qarabağda 44 günlük müharibədə həlak olmuş bir hərbçinin valideyni ilə başına gələn söhbəti xatırladıb. “Dedim: yenə yağış yağır, artıq mayın ortalarıdır, İrəvanda uzun sürən yağışlar olmayıb. Cavab verdi: bunlar yuxarıda ağlayan oğullarımızdır, bu onların göz yaşlarıdır. Bilirsən niyə ağlayırlar? Onlar ən qiymətlilərini ən qiymətlilərinə verdilər, amma biz hələ də onları öldürən və qurban verən hakimiyyətdən qurtula bilmirik”, - deyə Vanetsyan tribunadan saxta hüznlə bildirib. O, söz verib ki, çox qısa müddətdə bütün günahkarlar cəzalandırılacaq: "Minlərlə oğlanımızı qurban verən və sonra qurbanların qarşısını almağın mümkün olduğunu bəyan edən bütün günahkarlar cavab verəcəklər." 

Lakin “köhnə bayatı”lar daha keçmir. Erməni toplumu kimin kim olduğunu nəhayət, anlayıb və davakarların axıtdıqları timsahvari göz yaşlarına daha inanmır. Erməni toplumu öz iddialarını yeritmək üçün nə qədər dəlillər gətirsə də, Vanetsyanın çirkin əməllərindən xəbərdardır və ona qarşı əvvəllər olan-qalan inamı 2020-ci ildə torpağa gömüldü. Çünki cinayətkar “Qarabağ klanı”nın ən fəal üzvlərindən biri olan general Vanetsyan erməni gənclərinin nahaqdan qırğına verilməsinin günahkarlarından biridir. Onun öz əli ilə ölümə göndərdiyi gənclər üçün indi ağı deməyi əsl erməni saxtakarlığıdır. O, bəlkə də sadəcə olaraq erməniləri ələ salır. Çünki general Vanetsyan bədnam qondarma “dqr”də “nazir müavini”, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrində işləyərkən Koçaryan və Sarkisyanla bərabər yalnız öz korporativ mənafeyini düşünürdü. Məhz bu məqsədə çatmaq üçün sadə ermənilərin oğullarını müharibəyə göndərirdi. Ona görə ki, ara qarışıq olsun, o da arxayınca sərvət toplasın. İndi ölümə göndərdiyi oğulların valideynlərinə saxta canıyananlıq göstərir. Məzəli və acınacaqlı ssenaridir. Deyilmi?

Artur Vanetsyan bu günlərdə Qarabağa səfər etdiyini bildirib. Rusiya sülhməramlıları Azərbaycana qarşı cinayət törədən birisinin rəsmi Bakının icazəsi olmadan ərazilərimizə buraxılmasına aydınlıq gətirməlidir.

Şübhəsiz, Vanetsyana və onun kimilərinə müharibə sərf edir. Müharibə onlar üçün sərvət mənbəyi və milyonlar deməkdir. Yoxsa yağışın altında meydanda nə işi var Arturun? Topladığı var-dövlət nəvəsinə də, nəticəsinə də çatar.  Ancaq puldan və mənsəbdən  gözü doymayan Vanetsyanı xəstə təxəyyülü yenə- yeni cinayətlərə sövq edir.

İrəvanın Fransa meydanında Arturla bərabər Serjik Sarkisyan, Robert Koçaryan, keçmiş spiker müavini İşxan Saqatelyan,  keçmiş müdafiə naziri Seyran Ohanyan, eks-nazirlər və əlləri milyonlara öyrəşmiş yüksək çinli hərbçilər də onunla bərabər yağışın altında qalıblar.  Adları çəkilən bu şəxslər sosial tapşırığı erməni toplumundan deyil, Moskvadakı ağalarından alırlar.  Artur Vanetsyanın gözlənilmədən Moskvaya uçması təsadüfi deyil. Bir neçə ildir ki, onun Moskvanın casusu olması barədə məlumatlar yayılır. Təbii ki, ona orada hansısa təlimatlar verəcəklər. Ondan əvvəl Nikol Paşinyanın Moskvaya səfəri, spiker Ararat Mirzoyanın “Minsk qrupu”nun dirçəldilməsi arzuları Azərbaycanla sülh müqaviləsinin bağlanmamasına və ya gecikdirilməsinə hesablanıb.

İrəvandakı Fransa meydanı əslində revanşistlər üçün məzə yeridir, “tutar qatıq, tutmaz ayran əlimizdədir” düşüncəsi ilə əhali arasında inam testi keçirirlər. Ancaq cərəyan edən hadisələr açıqca göstərir ki, bu test onlara qələbə və xoşbəxt gələcək vəd etmir. Bütün hallarda müharibə partiyaları və davakar qruplar erməni toplumun dəstəyini qazana bilməyəcək və Fransa meydanını məğlubiyyətlə tərk edəcəkdir. Üçüncü yol isə Ermənistanı bir dövlət kimi parçalayıb məhv edə bilər.