23 may 2022 17:00
1360

Təsadüfən yaranan ixtiralar - FOTO

Bəzi ixtiralar  var ki, onlar tamamilə təsadüf nəticəsində yaranıb. Onlardan bəzilərini  təqdim edirik.

Кardiostimulyator

Qreytbetç soyadlı alim tamamilə təsadüf nəticəsində milyonlarla insanın həyatını xilas edən qurğu ixtira edib.

Alim 1956-ci ildə Buffalo Universitetinin laboratoriyasında  insan ürəyinin ritmini qeyd etməyə kömək edən cihaz üzərində işlən zaman səhvən başqa rezistoru bağlayır. Rezistorun yaratdığı elektrik impulsları insan ürəyinin döyüntüsünə çox bənzəyirdi. Bunun nə qədər perspektivli olduğunu anlayan alim özcihazını  insan bədənində yerləşdirə bilmək üçün  mümkün qədər kiçik etmək üzərində işləməyə başlayır.

Kiçik ölçüdə olan cihaz ilk dəfə 1958-ci ildə itlər üzərində test edilir. Daha sonra Qreytbetç  bir çox insanın uzunömürlülüyü yolunda əhəmiyyətli bir addım olan ixtirasını patentləşdirir.

Kartof çipsləri 

Çipslərin Corc Kramın 24 avqust 1853-cü ildə Saratoqa Sprinqs kurortunda “Moon ' s Lake Lodge” hotelinin restoranında baş aşpaz işləyərkən təsadüfən kəşf etdiyi hesab olunur. Bir dəfə şam yeməyində dəmir yolu maqnatı Kornelius Vanderbilt qızardılmış kartofu “çox qalın”olmağından şikayət edərək mətbəxə qaytarır.  Baş aşpaz Kram maqnatı ələ salmaq qərarına gələrək kartofu, demək olar, kağız qalınlığında kəsərək qızardır. 

Lakin yemək maqnat və dostlarının  xoşuna gəlir. Reseptə "Saratoqa çipsləri" adı verilir. Bir müddət sonra çipslər restoranın ən məşhur firma yeməyinə çevrilir.

1860-cı ildə Kram öz restoranını açır (1890-cı ilə qədər işlədib). Onun hər bir stolunun üstündə çipslə dolu bir səbət qoyulur. Restoran tez bir zamanda istirahətə gələn zəngin amerikalıların sevimli məkanına çevrilir. 

Kram çipsləri restorandan çıxarmağa icazə vermirdi, lakin resept çox sadə olduğu üçün əksər restoranlarda müştərilərə təklif olunmağa başlayır.

 Rentgen şəkil

1895-ci ilin 8 noyabr tarixində fizika üzrə alman professor Vilqelm Rentgen yeni elektron lampalar üzərində sınaq işləri apararkən qəribə şüa işığı aşkar edir. Fizik  lüminessensiya (başqa səbəblərdən əmələ gələn işıqlanma hadisəsi)  örtüklü ekrandan gələn  zəif yaşıl işığı sezir.

Beləliklə, Vilqelm Rentgen mükəmməl kəşfə imza atır. Belə ki, alim maddənin hansısa bir görünməyən şüalara reaksiya verdiyini müəyyən edir. Nəticədə Rentgen lampa və ekran arasında müxtəlif bir material yerləşdirir və insan əlinin rentgen şəkilini çəkməyə nail olur. Deyilənlərə görə, bu onun həyat yoldaşının əli olur.

Qarğıdalı lopaları

Qarğıdalı lopalarının tarixi öz başlanğıcını XIX əsrdən götürüb. Miçiqan ştatında “Batl-Krik” sanatoriyasının sahibləri, həkim Kelloq və onun qardaşı Vill Kit Kelloq qarğıdalı unundan hansısa yeməyi hazırlayırdılar, lakin onlar pansionun təxirəsalınmaz işləri ilə bağlı təcili surətdə getməli olurlar.

Onlar qayıtdıqda isə qarğıdalı ununun bir qədər korlandığını görürlər. Çürüyən xəmirin  əvəzində isə lopa və toplar yaranır. Ruhdan düşən qardaşlar bu lopaları oda atırlar və məlum olur ki, onların bəziləri yüngül, bəziləri xoş xırtıldayan konsistensiyaya çevriliblər.

Sonradan bu lopalar Kelloqun pasiyentlərinə yeni yemək kimi təklif edilir. Süd və zefirlə süfrəyə verilən lopalar tezliklə məşhurlaşır. Vill Kit Kelloq lopalara şəkər əlavə edərək, onların dadını  geniş auditoriya üçün daha münasib edir.

Beləliklə, 1894-cü ildə orijinal qarğıdalı lopaları amerikalı həkim Con Harvi Kelloq  tərəfindən patentləşdirilir. 1906-cı ildə Kelloqlar yeni qida növünün kütləvi istehsalına başlayırlar və öz şirkətlərini yaradırlar.

Şəkər əvəzedici

Heç bilirdinizmi ki, şəkər əvəzedici yuyulmayan əllərin hesabına yaranıb.

1879-cu ildə bütün günü laboratoriyada maddələr üzərində sınaqlar aparan kimyaçı Konstantin Falberq evə qayıdarkən əllərini yumadan şam etməyə başlayır. Kimyaçı hiss edir ki, onun əlinin  dəydiyi  hər şeydən şirin dad gəlir. Ertəsi gün o, yeni kəşfini edir və onun adını “saxarin” qoyur.

Mikrodalğalı soba

Təəccüblü olsa da, mikrodalğalı soba, demək olar ki, təsadüfən icad edilib

Bəzi mənbələr iddia edirlər ki, o, işləyən maqnetronun ( elektron şüa)yanından keçərkən, cibində konfetlərin necə əridiyini hiss edib. Başqa bir versiyaya görə, Spenser maqnetronda sendviç qızdıran zaman bu ixtiranı etmişdir. Hər halda, ona qədər heç kim yemək  qızdırmaq üçün elektrik  şüadan istifadə etməmişdi.

Əvvəlki xidmətlərinə baxmayaraq, 1940-cı illərdə “Raytheon” şirkətində işləyərkən etdiyi ixtira Spenseri bütün dünyaya tanıdır.

Mikrodalğalı sobaya patent 1946-cı ildə verilir, “Radarange” adlı ilk soba isə 1947-ci ildə işıq üzü görür.

Bu, olduqca iri sobalar idi. Demək olar, insan boyu hündürlükdə, 300 kq ağırlığında olan bu sobalar müasir dövrdə istifadə etdiklərimiz mikrodalğalı sobadan çox fərqlənirdi. Onların qiyməti də olduqca yüksək - 3 min dollara yaxın idi.

Yalnız 1960-cı illərdə əlverişli qiymətlərlə (təxminən, 500 dollar) və nisbətən kiçik ölçülü məişət mikrodalğalı sobalarının kütləvi istehsalı başlanılır.

Çay paketi

Nyu York mağazasının satıcısı Tomas Sallivan özünəməxsus reklam kampaniyası edir. O, çayı ipək torbalarda satmağa başlayır. Çayın satışı inanılmaz dərəcədə artır. Alıcılar səhvən bütün torbanı qaynar suya salırmışlar və nəticə xoşlarına gəlirmiş  və beləliklə çay paketləri yaranır.

Samirə Tağıyeva, “İki sahil”