05 mart 2026 09:31
128

Danışarkən göz təması qurmaq NƏ İFADƏ EDİR?

Qarşımızdakı insanla söhbət zamanı göz-gözə gəlmək çox vaxt fərqində olmadan nümayiş etdirdiyimiz üstün ünsiyyət bacarığıdır. Ünsiyyətdə yalnız sözlər deyil, baxışlar da emosiyaları və düşüncələri ötürür. Bu, bəzən etibar yarada, bəzən maraq göstərə, bəzən isə gərginlik hissi doğura bilər. Mütəxəssislərə görə, göz təması qurmaq sosial əlaqələrin formalaşmasında ən təsirli vasitələrdən biridir. Bəs göz təması qarşı tərəfə əslində nə mesaj verir?

Göz təması maraq, empatiya və diqqət göstəricisidir

Psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, danışıq zamanı göz təması quran şəxslər qarşı tərəfə diqqətlə qulaq asdıqlarını və deyilənləri anlamağa çalışdıqlarını nümayiş etdirirlər. Baxışların yayınmaması söhbətə zehni olaraq qoşulmağın və mövzunu önəmsəməyin siqnalıdır. Bu səbəbdən göz təması güclü empatiya göstəricisi kimi qəbul olunur.

Tədqiqatlar, eyni zamanda, qarşılıqlı baxışın beyində sosial bağlanmanı təşviq edən prosesləri aktivləşdirdiyini ortaya qoyur. Bu mexanizm insanlar arasında etimad hissini artırır və ünsiyyəti daha səmimi edir. Lakin baxışların həddindən artıq uzun müddət davam etməsi bəzi hallarda narahatlıq yarada bilər. Təbii və balanslı göz təması qarşılıqlı rahatlığı qoruyan ən sağlam ünsiyyət forması hesab olunur.

Birbaşa baxış özünə güvənmək mesajıdır

Mütəxəssislərin fikrincə, göz təmasından yayınmayan şəxslər daha etibarlı və qətiyyətli qəbul edilir. İş müsahibələrində, təqdimatlarda və sosial münasibətlərdə birbaşa baxış insanın söylədiklərinə inandığını və özünə güvəndiyini göstərir. Bu davranış çox vaxt liderlik xüsusiyyətləri ilə əlaqələndirilir.

Bununla belə, göz təmasından qaçmaq hər zaman maraqsızlıq və ya səmimiyyətsizlik kimi qəbul olunmamalıdır. Utancaqlıq, həyəcan pozuntusu (anksiyete), etik normalar və ya intensiv düşünmə prosesi baxışların yayınmasına səbəb ola bilər.

Bəzi insanlar danışarkən diqqətlərini məlumatı emal etməyə yönəltmək üçün gözlərini başqa nöqtəyə çevirirlər. Buna görə də baxış davranışlarını qiymətləndirərkən kontekst və fərdi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır.

Şahnigar Əhmədova, “İki sahil”