KÖŞƏ

Vəli İlyasov

Dirijorun qırıq çubuğu

26 may 2022 01:59
1150

Revanşistlər artıq son “güllə”lərini atırlar

Hamının çoxdan gözlədiyi üzücü problemin real həlli artıq start götürür. Dayanıqlı sülhə nail olunandan sonra Azərbaycan və erməni xalqları otuz dörd ildən sonra ilk dəfə olaraq nəhayət, dərindən nəfəs alacaqlar. Silahlar susacaq, normal qarşılıqlı əlaqələr yaranacaq, kommunikasiyalar açılacaq, məqbul münasibətlər bərqərar olacaq.

Bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir: “Müzakirə səmimi və məhsuldar keçdi. Biz məsələlərin bütün spektrini nəzərdən keçirdik. Biz humanitar məsələləri, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həllini ətraflı müzakirə etdik.”.

Şarl Mişel mətbuat üçün bəyanatında onu da vurğulayırdı ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.

Liderlər, həmçinin nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəlinib. Yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirməyin yolunu müəyyənləşdiriblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq.

Aİ tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Görüşdə əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, Avropa İttifaqı bu məsələlərin həllində dəstəyini gücləndirməyə hazırdır. “Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Təşəkkürlər”,-deyə bəyanatda vurğulanır.

Göründüyü kimi,  əgər əvvəlki iki bəyanatda Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatlara və razılaşmalara diqqət yetirilirdisə, indi bu haqda qətiyyən danışılmır. Artıq Minsk qrupunun həmsədrliyindən də söz açılmır. Yekun bəyanatda Qarabağın statusu məsələsi ümumiyyətlə, qaldırılmır, öz müqəddəratını təyinetmə hüququndan bəhs edilmir, əvəzində Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizliyindən danışılır.

Təəccüblüdür ki, Ermənistan cəmiyyətində bəziləri buna “dodaq büzür”, narazılıqlarını üsyankarcasına bildirirlər. Açıq görünür ki, orada yeni müharibə olmasına, nahaq qan axıdılmasına həris olan kiçik qruplar hələ də var. Bu baxımdan heç də təəccüblü deyil ki, otuz üç illik pozulmuş Ermənistan-Azərbaycan münasibətlərini normallaşdıracaq bu açıqlamadan sonra İrəvanda aksiyalar yenidən qızışıb. Revanşist və daşnak  “lider”lər yenidən meydana atılaraq saxta vətənpərvərliklərini nümayiş etdiriblər. Onlar sülhə gedən yola qarşı çıxaraq vəziyyəti süni surətdə gərginləşdirməyə çalışırlar. Aksiyanın əsas təşkilatçısı qismində çıxış edən mürtəce daşnak İşxan Saqatelyan Xarici İşlər Nazirliyinin bütün giriş-çıxışlarını bağlamaq çağırışı edib. Polislə qarşıdurma yaranıb.

Fransa meydanından yürüşə başlayan etirazçılar artıq XİN-in inzibati binasının ətrafını mühasirəyə alır. Müxalifət XİN-i bloklamaq niyyətindədir. Brüssel razılaşmasında Qarabağın “statusu”nun bir daha dəfn edilməsi, sərhədlərin təyin edilməsi, kommunikasiyaların açılması barədə razılığa gəlinməsi və Qarabağdakı ermənilərin “etnik erməni əhalisi” olaraq qeyd edilməsi  revanşistlər tərəfindən həzm edilmir.

Əslində İrəvandakı bu aksiya kənardan sifariş olub iki ölkənin münasibətlərinin daha pisləşdirilməsinə xidmət edir. Bundan məqsəd vaxt qazanmaq, mövqe üstünlüyü əldə etdikdə isə Azərbaycana qarşı ərazi iddialarını davam etdirməkdir.

Ağıllı ermənilər Brüssel görüşündə əldə olunan razılaşmalara ikiəlli razıdır, çünki onlar müharibədən beziblər və rahat yaşamaq istəyirlər. Ancaq ermənilərin hamısı ağıllı deyil axı. Beyinləri yüz illərdir avantürist ideyalarla doldurulmuş bu adamların başlarından o axmaq fikirləri maqqaşla da çıxarmaq mümkün deyil. Həmişə başqalarına qul-qaravaşlıq, nökərlik, mehtərlik edən ermənilər dədə-babalarından qalmış bu mirası yenə də davam etdirməkdədirlər. Onlar üçün “hazır dua”, ağıl, sifariş yenə də Moskvadakı ağalarından gəlir. Özü öz taleyini həll etməkdə aciz qalan qəribə toplum yüz illərdir başqasının “dirijor çubuğ”nun işarəsi ilə oturub-durur. Ona görə də indi ermənilər iqtisadiyyatı çökmüş, hər cür böhran içində boğulan bir ölkədə əzabla yaşamağa məhkum olublar. Özləri bilərlər. Necə deyərlər, can onların, cəhənnəm Tanrının…