Sinir sisteminin pozğunluğu nəticəsində yaranan bəzi xəstəliklər insan orqanizminin normal fəaliyyətini pozur. Demək olar ki, belə tip xəstəliklərə düçar olan insanların həyatı tamamilə dəyişir. Bu xəstəliklərlərin bəzilərini təqdim edirik.
“Witzelsucht”- gülüş xəstəliyi
Belə xəstələrin beyinlərinin sağ yarımkürəsində problem olur. Əgər problem sol yarımkürədə olarsa, xəstəliyin əlaməti tam əksinə, qaraqabaqlıq, özünəqapanmaqla müşayiət olunur.
“Witzelsucht” xəstəliyinə tutulanların ən böyük problemlərindən biri ətrafdakı insanları rahatsız etmələridir. Onlar istənilən məqamda və istənilən məkanda yersiz zarafatları və gülüşləri ilə xoşagəlməz vəziyyət yarada bilirlər. Məsələ burasındadır ki, belə xəstələr yumor hissini, başqalarının zarafatlarını qəbul edə bilmirlər. Komediya janrında olan filmlər belə bu xəstələri güldürə bilmir və onlar bu filmlərə ciddi bir film kimi baxırlar. Ancaq film qurtardıqdan sonra sözün əsl mənasında komediya başlanır. Onlar bu filmdə göstərilən süjetləri öz məharətlərinə uyğun təkrarlamağa başlayırlar.
Bu gülməli xəstəliyin ən acınacaqlı tərəflərindən biri də odur ki, onlarla ciddi fikir mübadiləsi aparmaq və söhbət etmək mümkün deyil. Qarşıdakı insan nə qədər ciddi olarsa belə, xəstələrin gülüşü də bir o qədər sürəkli olar.
Hələ ki, tibb elmi bu xəstəliyin müalicəsində acizdir. Həkimlər sadəcə bəzi dərman pereparatlarının vasitəsi ilə davamlı gülüşləri çox qısa bir müddətə müvəqqəti olaraq dayandıra bilirlər.
Erotomani
Bu psixoloji pozğunluğdan əziyyət çəkənlər kimlərinsə onlara aşiq olduqlarını zənn edirlər. Xəstə xəyali fanatlarının gizli siqnallar və telepatiya yolu ilə onlara mesaj verdiklərinə inanır. Sevgilisi kimi gördüyü adamdan rədd cavabı alanda belə hesab edirlər ki, həmin şəxs münasibətlərini cəmiyyətdən gizləmək istəyir.
Quasimodo sindromu
Öz fiziki görünüşündə qüsur olduğunu düşünmək və həyatını buna bağlamaq. Bu sindromdan əziyyət çəkənlər hər dəfə öz bədəninin hər hansı yerində qüsur tapır, o qüsuru aradan qaldırmaq üçün saatlarla güzgünün qabağında özünə baxıb əsəb keçirir. Bu tip xəstələr fiziki görünüşlərinə həddindən artıq həssas yanaşdıqlarından daim əzab çəkir, qapalı həyat sürməkdədirlər.Hətta onların bu həssaslığı intihara da səbəb ola bilər.
Kriptomnezi
Əvvəllər oxuduğu hansısa əsəri, yaxud dinlədiyi musiqi parçasını sonradan unudan və alt şüurunda o əsərin müəllifinin özü olduğunu düşünən insanlar məhz kriptomnezidən əziyyət çəkənlərərdi. Bu xəstəlik daha çox yaradıcılıqla məşğul olan şəxslərdə yaranır.
Minxauzen sindromu
Minxauzen sindromundan əziyyət çəkən insan tez-tez xəstəxanalara gedir, özündən xəstəliklər uydurur və tibbi müayinələrdən keçir. Bəziləri hətta özünə xəsarət də yetirir. Beləliklə xəstə olduğunu göstərmək istəyir. Bu sindrom adını baron Minxauzendən alıb. Rəvayətə görə, Minxauzen müharibədə iştirak etməsə də, döyüşlərdə olanları özünün başına gələn kimi danışmış və beləcə, məşhurlaşmışdı. 1951-ci ildə Riçard Alan Con Aşher xəstəxanada lazımsız yerə müalicə almağa gələn bir qrup insanın bu sindromdan əziyyət çəkdiklərini müəyyən etmişdi.
"Alien hand" sindromu
Bu xəstəlikdən əziyyət çəkən insanlar qollarından birini idarə edə bilmirlər. Həmin qol və ya əl öz-özünə, insanın iradəsindən kənar olaraq hərəkət edir. Xəstə isə əlini, ya da qolunu dayandıra bilmir. Bir çox hallarda bu cür xəstələr bir əlinin ona aid olmadığını və o əlin müstəqil şəkildə hərəkət etdiyini düşünür.
Likantropi
Özünü canavar-adam hesab edən şəxslər bu xəstəlikdən əziyyət çəkir. Xəstə ağzının və dişlərinin formasını dəyişdirdiyinə, bədəninin tükləndiyinə inanır.
Apotemnophilia
Xəstə bədənindəki hər hansı bir hissin ona aid olmadığını düşünür. Bu hiss o qədər güclü olur ki, onlar sağlam yerlərini belə sıradan çıxarmaq haqda düşünürlər. Bu nevroloji xəstəliyin hələ ki, müalicəsi yoxdur.
“Cotard” sindromu
Şəxs özünün var olmadığını, öldüyünü düşünür. Onlar elə hesab edir ki, bədənləri, damarlarında axan qanları yoxa çıxıb. Onlara elə gəlir ki, dünyadan köçüblər və bədənləri artıq çürüyüb gedir.
Kluver-Buku sindromu
Yaddaş itkisi, əşyalara cinsi istək və yeyilməyəcək şeyləri yemək istəmək arzusu bu sindromun əsas əlamətlərindəndir. Bu xəstələr bəzən ən yaxınlarını belə tanımaqda çətinlik çəkirlər.
Paramnezi
Bu xəstələr xatirələrini qarışdırırlar. Üstəlik hər şeyi iki görürlər. Hansısa məkana girəndə o məkanın iki kopyası olduğuna inanırlar. Onlar paralel dünyada yaşadıqlarını zənn edirlər.
Samirə Tağıyeva, “İki sahil”