31 may 2022 16:30
1188

Misirdə qədim mumiyalar tapılıb - FOTO

Misirin paytaxtı Qahirənin Cənubundakı Sakkara arxeoloji sahəsində yüzlərlə yeni sarkofaq (qədim xalqlarda daş tabut) və bürünc heykəllər tapılıb. Ondan artıq piramida, heyvan məzarları və qədim Kopt xristian monastırları kimi tikililərin yerləşdiyi ərazidə bəzi məşhur şəxsiyyətlərin heykəlləri də aşkarlanıb.

Məlumata görə, yeni tapılan 150 bürünc heykəl arasında qədim dövrdə memarlıqda inqilab etmiş İmhotepin heykəli də var. Məşhur memarla yanaşı, Bastet, Anubis, Osiris, Amunmeen, İsis, Nefertum və Hathor kimi misirlilərin o dövrlər ilahə adlandırdıqları heykəllər də tapılıb.

Araşdırmalar nəticəsində bölgədə 250 yeni mumiya da aşkar edilib. Eramızdan əvvəl 5-ci əsrə aid olduğu deyilən mumiyaların taxta sarkofaqlarda yerləşdiyi bildirilib. Bir sarkofaqın içərisində daha əvvəl toxunulmamış möhürlənmiş papirusun da olduğu açıqlanıb. Papirus bərpa olunmaq üçün Misir muzeyinin laboratoriyasına göndərilib.

Sözügedən papirusun 9 metr uzunluğunda olduğu açıqlanıb. Papirusun məzmununun misirlilərin yeraltı dünyasında ölülərə rəhbərlik etmək üçün istifadə etdikləri sehrlərdən ibarət cənazə mətnləri toplusu olan "Ölülər Kitabı" olduğu təxmin edilir.

Xatırladaq ki, 250 sarkofaq və 150 ​​heykəl kəşf edilən bölgədə ən son mart ayında 5 Firon məzarı tapılıb.

Vüsal Cahanov, “İki sahil”