KÖŞƏ

Vəli İlyasov

Paşinyan havaya nə buraxıb?

01 iyun 2022 01:14
1170

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ermənilərin gözünü bərk qamaşdırıb. Qısqanclıqdan qovrulan baş nazir Nikol Paşinyan əhalinin dodağını qaçırmaq üçün gözlənilmədən cəmiyyətə hay-küylü bir xəbər sırıyıb. Texniki nailiyyətlərdən uzaq olan Ermənistanda bu xəbərin qəfil cəmiyyətə buraxılması şok və şou effekti verib.

Yayılan şaiyələrə görə,  guya Ermənistan ilk kosmik peykini orbitə buraxıb. Nikol Paşinyan bunu böyük uğur olaraq təqdim edir, hakimiyyətə yaxın ekspert və media cameəsi də bu peyk vasitəsilə sərhədin təhlükəsizliyinin təmin edilməsindən tutmuş informasiya təminatına qədər bir çox iş görüləcəyinin təbliğatını aparırlar. Lakin Ermənistanın həqiqətən də orbitə peyk buraxdığına dair əsaslı şübhələr var. Bu şübhələri elə onların özləri yaradırlar. Əvvəla, peykin hazırlanması barədə əvvəllər ictimaiyyətə heç bir məlumat verilməyib və kosmosa buraxılışı ilə bağlı mərasim keçirilməyib. Şübhəsiz, Ermənistan kimi zəif bir ölkədə belə texniki hadisə baş versəydi bunu bütün dünya bilərdi. Lakin bunların heç biri baş verməyib. Görün erməni mütəxəssislər Paşinyanın yalanını necə üzə çıxarırlar.

 Mənbələr xəbər verir ki, Ermənistanın Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin rabitə və informasiya şöbəsinin keçmiş rəisi Suren Petrosyan orbitə peyk buraxılması xəbərinin mifdən başqa bir şey olmadığını deyir.  Sonra o, təfərrüatları belə açıqlayıb. “Baş nazirin peyklə bağlı bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub. Gerçək başqadır. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Ermənistana, eləcə də BTİ-nin bütün üzv dövlətlərinə kosmosda koordinasiya işləri aparmaq üçün müəyyən yer verir. 2015-ci ildə bizə bu prosesi bütün administrasiyalarla əlaqələndirmək və peyki buraxmaq üçün 4 il vaxt verildi. Bunu təyin olunan vaxtda etmədik. 2020-ci ildə daha 4 il vaxt verildi, həmin tarixdən  il yarım vaxt keçir, lakin bu müddətdə BTİ-nin bütün üzv dövlətlərindən icazə alaraq, peyk buraxmaq fiziki və texniki baxımdan mümkün deyil. Hansısa ölkə peykin buraxılması üçün sifariş verəndə ən azı 1,5 il vaxt tələb olunur və bütün üzvlərin razılığı olmasa, belə bir sifarişi verə bilməz”.

Onun sözlərinə görə, peykin orbitə buraxılması ilə bağlı qərarın etimad əsasında verildiyi açıqlaması da mifdən başqa bir şey deyil: “Belə çıxır ki, hökumət BTİ ilə gizli əlaqə saxlayıb. Kimdən gizlədirlər, erməni xalqından? Fakt budur ki, texniki cəhətdən bunun məxfi şəkildə edilməsi də mümkün deyil. BTİ-nin Nizamnaməsinə görə, peykin buraxılması üçün bütün üzv dövlətlərdən icazə alınmalıdır ki, üzvlər arasında Türkiyə və Azərbaycan da var, bu da məsələnin real olduğunu bir daha şübhə altına salır”.

Petrosyan bildirir ki, ən yaxşı halda Ermənistana SpaceX peyklərindən birinə giriş imkanı verilib, bu da bəzi məlumatları əldə etməyə şərait yaradır.

Lakin bütün bunlar fantaziyadır. Bir neçə il öncə “Armkosmos” erməni peykini yaratmalı idi. Bu, o demək deyil ki, peyk Ermənistan tərəfindən istehsal olunurdu, sadəcə olaraq, bu iş müxtəlif təşkilatlara sifariş edilməli idi. Hərçənd, rabitə peyki proqramı həyata keçirilməyib, çünki hökumət son anda bu proqramı maliyyələşdirməyib. Həmin vaxt peykin yaradılmasının dəyəri 200-250 milyon dollar idi, üstəgəl texniki xidmət xərcləri də var. Büdcədən belə bir maliyyənin ayrılması məlumatı yoxdur”, - erməni mütəxəssis vurğulayır.

Byurakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan orbitə buraxılan peykin mini peyk ola biləcəyini deyir.

Onun sözlərinə görə, hökumət bildirdi ki, peyki SpaceX kosmik gəmisindən istifadə edərək orbitə çıxarıblar. Bu, o deməkdir ki, söhbət ciddi funksiyalar yerinə yetirə bilməyən mini peykdən gedir. Bu mini peyk çox ucuz, kobud desək, oyuncaq kimi bir şeydir. Peykin istehsalı üçün lazım olan 250 milyon dollar ayrılsaydı, dövlət büdcəsinə təsir edərdi.

Hərbi ekspert Vahan Mıxoyan Ermənistanın sadəcə olaraq İspaniya şirkətindən peyk icarəyə götürdüyü qənaətindədir. Onun sözlərinə görə, İspaniya mediasında “Santander” bankının layihə üçün maliyyə vəsaiti ayırdığına dair məlumatı da peykin icarəsi üçün kreditin götürüldüyünü deməyə əsas verir.

Rəylərdən belə görünür ki, Ermənistanın başabəla baş naziri Nikol Paşinyan öz əhalisinə ağ yalan satır. Bu da onun acizliyindən doğur. Dörd illik hakimiyyəti müddətində hər hansı sahədə, o cümlədən də texniki sahədə  elə bir ciddi nailiyyət qazana bilməyən əfəl baş nazir bu yalanı ortaya atmaqla saxta qürur yeri yaratmağa çalışır, nəhayət, özünün nəyə qadir olduğunu nümayiş etdirmək istəyir. Ancaq bu da alınmır. İnanan yoxdur. Ona görə ki, dediyini sübut edə bilmir. Sadə ermənilər isə onun bu yalanını məsxərəyə qoyaraq danışırlar ki, ara, peykimiz olsaydı ya üzünü, ya da faydasını görərdik, bizim bu Paşik görəsən havaya nə buraxıb? Yəqin ki, oyuncaq peykdən xəbərləri yoxdur...Belə işlərə bəzən stəkanda fırtına da deyirlər...