01 iyun 2022 17:00
1470

Dünyanın ən böyük bitkisi: 4500 yaşı varmış/FOTO

Avstraliyanın qərbindəki Şark körfəzi sahillərində 200 kvadrat kilometrdən çox əraziyə yayılan bir dəniz otunun dünyanın ən böyük bitkisi ola biləcəyi müəyyən edilib.

Avstraliyada çalışan elm adamları “Posidonia australis” adlı dəniz otunun tək bir toxumdan əmələ gəldiyini aşkar ediblər.

Dünya ekosisteminin ən mühüm hissələrindən biri olan dəniz otunu araşdıran alimlər bir müddətdir ki, Avstraliya sahillərindəki dəniz otlarına diqqət yetiriblər.

Qeyd edək ki, ekosistem bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemdir.

Ancaq heç kim Şark körfəzində qarşılaşacaqları bu vəziyyəti gözləmirdi. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qədər ərazini əhatə edən dəniz otu birdən çox bitkinin birləşməsindən deyil, tək bitkinin özünü çoxaldaraq ətrafa yayılmasından əmələ gəlib.

Alimlər körfəzdəki dəniz otlarında aşkar edilən genetik fərqləri müəyyən etmək üçün çoxlu sayda nümunələr toplayıblar. Lakin otların bir-birindən 180 km uzaqlıqdakı nöqtələrindən götürülən nümunələr “Posidonia australis”un birdən çox olmadığını, onun tək bitki olduğunu göstərib.

Tədqiqat qrupunun üzvü olan olan Flinders Universitetindən ekoloq Martin Breed "biz çox təəccübləndik. Burada nə baş verdiyini araşdırmaq istədik" deyə bildirib.

Qərbi Avstraliya Universitetindən tədqiqatçı Jane Edgeloe təbiətin bərpası layihələrində istifadə olunacaq növlərin seçilməsinə kömək edə biləcək bitki növlərinin axtarışı zamanı 18 000-ə yaxın genetik markerin araşdırıldığını qeyd edib. Ancaq sözügedən nümunələrin eyni bitkini təşkil edən fərqli hissələrin olduğunu bildirən J.Edgeloe dəniz otunun rizomlardan istifadə edərək böyüdüyünü vurğulayıb.

Suda yayılan bu dəniz otları tısbağalar, delfinlər, duqonqlar, xərçənglər, balıqlar və digər dəniz canlıları üçün yaşayış yerini təmin edir.

“Posidonia australis” adlı dəniz otunun ildə 35 santimetrə qədər böyüyə bildiyinə əsaslanaraq tədqiqatçılar “Proceedings of the Royal Society B” jurnalında dərc olunan məqalədə bitkinin 4500 yaşı olduğunu ehtimal ediblər.

Vüsal Cahanov, “İki sahil”