SOCAR-ın Geofizika və Geologiya İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar SOCAR-ın Geofizika və Geologiya İdarəsində (GGİ) stolüstü idman növləri üzrə idarə birinciliyi, “95 dəqiqə - 95 sual - 95 cavab” bilik müsabiqəsi keçirilib. Müsabiqədə GGİ-nin ümumilikdə 95 nəfər işçisi iştirak edib.
Dünən isə Geofizika və Geologiya İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Geofizika və Geologiya İdarəsinin rəis müavini Ziyad Cəlilov iclası açaraq tarixi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən söz açıb. Z.Cəlilov Ulu Öndərin ölkəmizin çiçəklənməsi, qüdrətlənməsi istiqamətlərində misilsiz xidmətlərindən də danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Geofizika və Geologiya İdarəsində silsilə tədbirlər həyata keçirilib.
“Azərbaycanın bugünkü inkişafı, ərazi bütövlüyünün qorunması, neft strategiyasının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” deyən İdarə rəisi Elçin Şirinov Ulu Öndər haqqında dünya siyasətçilərinin fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Geofizika və Geologiya İdarəsinin rəisi Ulu Öndərin dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışaraq bildirib ki, məhz Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən sonra ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyib, xalqın birliyi yaranıb.
Neft sənayesinin inkişafında Ümummilli Liderin xidmətlərindən danışan E.Şirinov vurğulayıb ki, ulu öndər Heydər Əliyev ölkənin zəngin təbii sərvətlərindən düzgün şəkildə istifadə edərək 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu: “Bununla da Azərbaycana böyük miqdarda investisiya axını başladı. Azərbaycan neftinin xaricə daşınması üçün 2002-ci ildə Bakıda ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəmərinin təməli qoyuldu və tikintisinə başlanıldı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.” İdarə rəisi çıxışının sonunda vurğulayıb ki, hazırda ulu öndər Heydər Əliyev ideyalarını onun layiqli davamçısı Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində öz yerini və rolunu möhkəmləndirir.
GGİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb: “Bu dahi şəxsiyyət bütün varlığı ilə bağlı olduğu xalqı ilə elə qaynayıb-qarışmışdı ki, bu gün də nurlu siması, unudulmaz xatirəsi ilə qədirbilən insanların qəlbindədir. Müdrik siyasi xadim, Ulu Öndərimiz Heydər Əliyevin hər birimizin qəlbində əbədi heykəli ucalıb.” F.Əliyev çıxışının sonunda qeyd edib ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev ideyaları dayanır.
Sonra “95 dəqiqə - 95 sual - 95 cavab” bilik müsabiqəsinin və idman yarışlarının qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatlandırılanlardan Şahvələd Köçərli, Kazım Kazımov, Elşad Şahnəzərov, Vüqar Nəcəfov, Günel Yusifova və başqaları bildiriblər ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev ideyaları dayanır. Qaliblər ulu öndər Heydər Əliyevin anadan olmasnın 95 illiyi münasibətilə təşkil olunan yarışların həm iştirakçısı, həm də qalibi olduqları üçün qürur hissi keçirdiklərini vurğulayıblar.
Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara partiyanın üzvlük vəsiqələri təqdim olunub.