KÖŞƏ

Vəli İlyasov

Yenə də zatıqırıq Zatulin!..

09 iyun 2022 01:58
962

Bu avantürist İrəvana yalnız konyak içməyə deyil, həm də fitnə-fəsad törətməyə gəlib

Hazırda Ukrayna ilə müharibə Kreml üçün nə qədər əsas hədəf olsa da, Moskvadakı ermənipərəst dairələr Qarabağı da unutmayıblar. Bədxahlar Ermənistandakı davamlı küçə etirazlarının hələ məqsədə çatmadığını hiss etdikcə, Azərbaycanda yeni gərginlik ocağı yaratmaq üçün köhnə emissarlardan birini İrəvana göndərib. Biz bu tipi əvvəlki fitnə-fəsadlarına görə "yaxşı" tanıyırıq. O, Rusiya Dövlət Dumasında və televiziya kanallarındakı çıxışlarında Azərbaycana qarşı böhtan, şantaj və hədə-qorxu hədyanları ilə həddini aşanlardan biri, bəlkə də birincisidir. Yəni, ermənidən də betər ermənidir.

Keçmiş Qarabağ münaqişəsi yarandığı gündən Azərbaycana qatı düşmən kəsilən Rusiya Dövlət Dumasının  MDB ölkələri ilə iş üzrə komitənin sədr müavini Konstantin Zatulin erməni “qardaşlarına” sədaqət nümayış etdirərək  iyunun 1-dən 4-nə kimi İrəvanda səfərdə olub. Təbii ki, Ukrayna müharibəsinin qızğın vaxtında Kostya Zatulin İrəvana başmaq seyrinə gəlməyib. Verilən məlumatda deyilir ki, “səfərin məqsədi Ermənistandakı mövcud ictmai-siyasi vəziyyətlə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə tanışlıqdır”. Guya Zatulin İrəvana gəlməsə oradakı proseslərdən xəbərsiz qalacaqdı. Guya bu ermənidən betər erməni Qarabağ məsələsinin çoxdan həll olunduğunu bilmir. Otuz dörd ildən bəri şeytanın ocağına talaşa atan Zatulinin indi özünü burada baş verənlərdən xəbərsiz kimi aparması öz aləmində guya kiməsə badalaq gəlməkdir. Gülməli məntiqdir. Digər tərəfdən, onun dörd gün ərzində keçirdiyi görüşlərə diqqət yetirəndə məlum olur ki, Zatulin İrəvanda Ermənistanın dövlət rəsmiləri ilə deyil, məhz Qarabağın separatçı-terrorçuları ilə görüşüb, müzakirələr aparıb. Elə bununla da tülkü hiyləgərliyindən tora düşən kimi Zatulin də əsl niyyətini və çirkin sifətini göstərib.

Yayılan məlumatda bildirilir ki, Konstantin Zatulin cəhənnəmə göndərilmiş "dqr"in bütün keçmiş "prezidentləri" ilə görüşüb.  Birinci "prezident" Robert Koçaryan, Arkadi Qukasyan, Bako Saakyan, eləcə də terrorçubaşı Araik Arutyunyanla “ana-bacı” söhbəti edib. Deputat Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov və Dağlıq Qarabağın "rus icması"nın (rus icmasına bax ha!) rəhbəri Aleksandr Bordovla da danışıqlar aparıb.

Görəsən Kostya mövcud olmayan “dqr” rəhbərləri ilə nə məqsədlə görüşür? Bəlkə Kostya ölü diriltməyə gəlib? Ancaq bilməlidir ki, o cür məsələlərin həllinə onun həddi çatmaz. Aydın görünür ki, ələkçiyə qıl verən Zatulinin “torbasındakı pişik” Qarabağ məsələsidir, İrəvan deyil və bədnam deputat oraya "xəşil" çalmaq üçün gəlib.  Üstəlik, Xankəndidə mövcud olmayan “rus icması”nın oyuncaq rəhbəri Aleksandr Bordovla və rus hərbi kontingentinin Xankəndindəki komandanı, general-mayor Andrey Volkovla da görüş, Zatulinin səfərinin kompleks planla zəngin olduğunun göstəricisidir və tezliklə bu səfərin tüstüsünün Xankəndidə çıxacağının şahidi olacağıq.

Zatıqırıq Zatulinin bu səfərinin Moskvadakı ermənipərəst dairələrin növbəti fitnəkar siyasətinin birbaşa Xankəndi ilə bağlı olmasını təsdiq edir. Keçmiş separatçı terrorçubaşlarını bir araya gətirən zatıqırıq Zatulin şübhəsiz ki, curlarını tezliklə Xankəndidə birgə tədbir keçirməsinin zərurliyinə inandırmağa çalışır. Separatçıların Rusiyaya müraciət etməsi ən çox ehtimal olunan məsələdir və müharibə bitəndən sonra belə bir addım atacaqlarını gizlətmirdilər də.  Nikol Paşinyanın Azərbaycanla apardığı sülh danışıqlarını legitim saymayacaqlarını, quraşdırma ”rus icması"nın Moskvaya vətəndaşlıqla bağlı müraciəti, ardınca da Qarabağ ermənilərinin onlarla həmrəylik nümayiş etdirərək RF vətəndaşlığı üçün Rusiya dövlətinə eyni məzmunda müraciət qəbul etmələri Zatulinin təlimatları sırasında yer alan məsələlərdəndir. Zatulinin sülhməramlı hərbi kontingentin rəhbərliyini İrəvana çağırıb görüşməsində məqsədin separatçı liderlərin Azərbaycan sərhədini qanunsuz keçməsinə və Xankəndidə keçiriləcək hər hansı tədbirə şərait yaradılmasına, hətta qorunmasına dair göstərişlərlə bağlı olması inandırıcı görünür. Bütün bunlar mümkün olsa da, amma mənasız işdir. Bulanıq suda balıq tutmağa oxşayır. Görəsən bu Zatulinə nə düşüb ki, azərbaycanlılara düşmən kəsilib? Həll olunmuş məsələləri yenidən qurdalamağın nə mənası var?  Düşünürmü ki, Azərbaycanın deputatlarından biri Rusiyanın ağrılı nöqtələrindən birinə səfər edib orada onun əleyhinə iş aparsa ruslar o deputata necə münasibət göstərərlər?

Totemi ayı olan Kostya bilir ki, ayının min oyunu bir armudun başında olur. Amma o armud ayının deyil axı, ay Kostya! Yaxşısı budur ki, İrəvanda konyakını iç, sakitcə  evinə get, öz ölkənin başdan aşan problemləri ilə məşğul ol.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?