Qarşıdan yay gəlir və insanlar tətil günlərini səmərəli, unudulmaz etmək üçün əvvəlcədən səyahət proqramlarını planlamağa çalışırlar.
Bəzən isə səyahətçilər gedəcəkləri ölkələr haqqında yetərli bilgiyə sahib olmadıqları üçün tətilləri pis keçmir, hətta həyatlarını da təhlükəyə atırlar.
San Pedra Sula-Honduras
Elə bir şəhər düşünün ki, ildə hər 100.000 vətəndaşından 159 – u cinayətə qurban gedir. Hondurasdakı bu rəqəmlər San Pedra Sulanı dünyanın ən təhlükəli şəhəri etməyə kifayət edir. Son dərəcə yoxsulluqda yaşayan yerli əhali narkotik qruplaşmalarının çaxnaşmalarına görə küçəyə çıxmağa qorxur. Bu şəhərdə edilən cinayətlərin səviyyəsi elə həddə gəlib çıxmışdı ki, ölkədə mövcud olan ABŞ sülhməramlı qüvvələri belə dayana bilməyib bu şəhəri tərk etmək məcburiyyətində qalmışdır. Əlavə edək ki, bu şəhəri “dünyanın qətl paytaxtı” da adlandırırlar.
Kiudad Juarez-Meksika
Meksikanın ABŞ-la sərhədində yerləşən bu şəhər dünyanın narkotik mərkəzi olaraq adlandırılır. 2012 – ci ildə Kiudad Juarezdə cinayət səviyyəsi 57% – ə qədər düşdü və Meksika üçün bu sevindirici hadisə idi. Düşünün ki, cinayət səviyyəsinin bu qədər aşağı düşməsi şəhərin ən təhlükəli şəhərlər siyahısında 2 – ci yerdə olmasına əngəl olmadı.
Resifi-Braziliya
Resifi- Braziliyanın beşinci şəhəridir. Burada 3 milyondan yuxarı insan yaşayır. Bu şəhəri "Braziliya Venesiyası" adlandırsalar da,daha çox öz kriminal vəziyyəti ilə məşhurdur. Burada ildə təxminən 1000 nəfər öldürülür.
Joao-Pessoa-Braziliya
Bu şəhər yeniyetmə ölümlərinə görə məşhurdur. Burada hər 3-cü yeniyetmə 19 yaşına çatmamış ölür. Ümumilikdə, 723 600 insana ildə 560 ölüm düşür.
Çox maraqlıdır ki, bu şəhər dünyada yaşıllıq sahəsinə görə (7 kvadrat kilometr) Parisdən sonra 2-ci yerdədir dünyada . Buna baxmayaraq şəhərdə çox yüksək cinayətkarlıq halları var.
Karakas-Venesuella
Narkotik qaçaqmalçılığının mərkəzlərindən biri olan bu şəhər dünyanın ən təhlükəli yerlərindən biri sayılır. Çox böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, Venesuellada yoxsulluq ən mühüm problemlərdən biridir. Bu cənnət şəhərdə küçələr turistlər üçün çox təhlükəlidir. Hər küçə başında döyülərək qarət edilmiş insanlara rast gəlmək mümkündür. Qeyd edək ki, rəsmi adı Santyaqo-de-Leon-de-Karakas olan bu şəhər iqtisadi böhran səbəbindən son illər ciddi böhran keçirir. Hər 100 min sakinə 122 qətlin törədildiyi Karakasda qətl və zorakılıq hallarının əksəriyyətinin üstü açılmamış qalır. Şəhərin kənarında yerləşən kasıb məhəllələri isə xüsusilə təhlükə zonasıdır. Buna görə, həmin ərazilərə getmək turistlərə məsləhət görülmür.
Yeni Orlean- ABŞ
Yeni Orlean ABŞ-ın ən kriminal şəhərlərindən biridir. Burada 343 100 insana 100-dən artıq cinayət düşür. Cinayətin səbəbi ən çox qruplaşmalar arasındakı olan müharibələr və narkodillerlər arasında bitməyən çaxnaşmalardır.
Moqadişu-Somali
Aclığın və fəlakətin geniş şəkildə yayıldığı şəhərdə bütün bu problemlərə üstəlik daxili müharibələr də əlavə olunduqda yaşamağın mümkünsüz olduğu bir vəziyyət yaranır. Şəhərin böyük bir hissəsi qatı islamçıların idarəsindədir. Onların da Əl-Qaidə terror təşkilatına xidmət etdiyini nəzərə alsaq, dünyanın ən çox partlayış baş verən şəhərlərindən biri olması qaçılmazdır. Adam qaçırma və terror bölgədəki ən böyük problemdir. Belə vəziyyətə dözməyən insanlar yavaş – yavaş bu şəhəri tərk etmək məcburiyyətində qalırlar.
Medelin- Kolumbiya
Bu şəhərdə 2 393 000 insana hər il 1 175 ölüm düşür. Deyilənlərə görə bunun səbəbi yerli qruplaşmalar arasında olan və heç bitməyən müharibələrdir. Lakin qeyd etmək lazımdır ki,bu şəhərdə son zamanlarda ölüm sayı nisbətən aşağı düşüb.
Bağdad- İraq
ABŞ-ın işğalından sonra vəziyyətinin heç cürə normallaşa bilmədiyi, müharibələrdən yorğun düşmüş şəhərlərdən biri də Bağdaddır. Demək olar ki, hər gün partlayan bombalar və şiddət hadisələri burada yaşayan insanları artıq bezdirib. Şəhərdə inanılmaz xaos mühiti hələ də davam etməkdədir.
Makeio-Braziliya
Turizm mərkəzlərindən biri olan bu şəhər 100.000 nəfərə düşən 135 cinayətlə Braziliyanın ən təhlükəli şəhəridir. Cinayətkarların əsas cinayət obyektlərinin turistlər olduğunu nəzərə alsaq, bu bölgəyə getməyi düşünənlərin qərarlarını yenidən nəzərdən keçirmələri məsləhətdir.
Karaçi-Pakistan
Pakistanın ən böyük şəhəri olan Karaçidə siyasi iqtidarsızlıq, yüksək cinayət səviyyəsi və terror səbəbindən yaşamaq gündən-günə daha çətin hala gəlir. Şəhərdə ölüm hadisələri və müxtəlif bombaların partlaması o qədər çox olur ki, sakinləri artıq belə hallar heç təəccübləndirmir. Demək olar ki, ən vacib problemlərdən biri yoxsulluq olan Karaçidə oğurluq, cinayət və adam oğurluğu tez-tez müşahidə edilir.
Akapulko-Meksika
Akapulko şəhəri Meksikanın cənub-qərbində Herrero ştatında dəniz sahilində yerləşir. Liman şəhərində tez-tez insanlar itkin düşür və şəhər hakimiyyəti buna qarşı effektiv tədbirlər görə bilmir. Turizm şəhəri kimi tanınan Akapulkonun ən böyük problemlərindən biri də narkobiznesdir. Dünyanın ən çox cinayət işlənən yerlərindən biri olan bu şəhər hər il milyonlarla turist cəlb etməsinə baxmayaraq,burada yaşayan insanlar cinayət və narkobaronlarlardan boğaza yığılmış vəziyyətdədir. Artıq bu şəhərin sakinləri üçün hardasa öldürülmüş olaraq tapılan birilərini görmək adi bir hala çevrilib.
Sana-Yəmən
Böyük bir siyasi qarışıqlığın olduğu ölkədə hər gün artan şiddət hadisələri narahatlığı daha da artırır. Yəməndə demək olar ki, hər vətəndaş silaha sahibdir. Varlı ya da kasıb olmasından asılı olmayaraq, hər kişinin mütləq bir xəncəri vardır. Başda ABŞ olmaqla, bir çox ölkə Yəmənə, xüsusilə, Sanaya səyahət edən öz vətəndaşlarına xəbərdarlıq edir. Ölkədə mövcud olan Əl-Qaidə terror təşkilatı tez-tez sui-qəsdlər və hücumlar təşkil edərək şəhərin tikan üstdə oturmasına səbəb olur.
Keyp Toun- Cənubi Afrika
Dünyanın ən çox turist cəlb edən şəhərlərindən biri olan Keyp Toun cinayətlərin və oğurluğun yüksək səviyyədə olması səbəbilə ən təhlükəli şəhərlərdən biri sayılır. Varlı bir şəhər olmasına baxmayaraq, gəlirlərin paylaşdırılmasındakı bərabərsizlik, xüsusilə şəhərdəki zənci əhalini cinayətə sövq edir. Mənşələri Avropaya söykənən ağ əhali şəhərin ən lüks bölgələrində ,yerli xalqın böyük bir qismi isə xəstəliyin və çirkabın ən çox yayıldığı komaya bənzər yerlərdə yaşayır. Hətta bu bölgələrin çoxunda elektrik və su kimi zəruri ehtiyacların olmadığı yerlər də var. Oğurluq, cinayət, adam oğurluğu və təcavüz kimi halların yüksək olduğu bu şəhərdə xüsusilə, gecələr qadınlar üçün olduqca təhlükəlidir.
Samirə Tağıyeva, “İki sahil”