16 iyun 2022 18:00
1205

Yaxın gələcəyin yeni peşələri...

Son illərdə dünyada elmi kəşflər və texnoloji tərəqqi inkşaf etməkdədir. Hazırda  insanların əvvəllər heç eşitmədikləri yeni sənayelər və onlarla bağlı yeni peşələr yaranır. Bu yazıda  yaxın gələcəkdə ortaya çıxacaq peşə növlərindən söhbət açacayıq.

Kosmos bələdçisi

Kosmos nəinki alimlərin , həm də adi insanların maraq dairəsinə daxildir.  Qeyd edək ki, kosmosa ilk kommersiya uçuşu 1990 -cı ildə həyata keçirilmişdi.

Hamımıza məlumdur ki, 2021 -ci ilin yazında planetin ən varlı adamlarından biri Jeff Bezos kosmosa uçdu. “SpaceX” in qurucusu olan  Elon Muskın sözlərinə görə,  2025 -ci ilə qədər onun şirkəti turistləri Yerin və Ayın orbitinə daşımağa başlayacaq. “Roskosmos"isə  ilin sonuna qədər iki turist üçün kosmosa  tur keçirəcək.

Düzdür, əvvəlcə bu turlar  çox baha olacaq: təxminən  200 min dollar.  Zamanla tədarükün artması səbəbindən qiymət düşəcək və çoxları uşaqlıq arzusunu həyata keçirə, kosmosa uça biləcək.

Bu səbəbdən bu səfərləri əyləncəli və təhlükəsiz edə biləcək insanlara ehtiyac olacaq. İlkin  mərhələdə bu funksiyaları  astronavtlar  yerinə yetirəcəklər və yaxın gələcəkdə  kosmos turizmi üçün xüsusi  bələdçilər hazırlamalı olacaqlar. Həmin bələdçilər  kosmosa  səyahət üçün bir plan hazırlayacaq , həm də kosmosda baş verən prosesləri insanlara   izah edəcəklər.

Ətraf mühitin bərpasına nəzarət edən mühəndislər

Alimlər 2025 -ci ilə qədər dünya əhalisinin 9 milyarda çatacağını proqnozlaşdırırlar. Onların proqnozlarına görə,insanların düzgün olmayan  fəaliyyəti səbəbindən planetin bəzi bölgələri viran olacaq. Buna görə ətraf mühitin bərpası üzrə xüsusi  mühəndislərə tələbat artacaq.

Bu ixtisas üzrə ali təhsil alan insanlar  dünyanın hər yerindən gələn bitki və fauna nümunələrindən istifadə edərək zədələnmiş ekosistemləri bərpa edəcək, meşələri və çayları canlandıracaqlar. Bəlkə də nəslikəsilmiş heyvan və bitkilərin növlərini bərpa etməyə çalışacaqlar.

Həmin mühəndislər, həmçinin  tullantıların düzgün atılmasını və təhlükəli sənaye sahələrini kontrol edəcəklər, çünki  müasir dünyada insanlar buna çox laqeyd yanaşırlar.

Külək və günəş enerjisi texniki

Zaman keçdikcə bəşəriyyət karbohidrogenlərdən yanacaq olaraq imtina etməyi və ekoloji cəhətdən təmiz enerji növlərinə, yeni günəş, hidro və külək enerjisinə keçməyi planlaşdırır. Stansiyalara xidmət göstərmək üçün  işçilərə   ehtiyac olacaq.  Həmin insanlar  cihazlar ilə bağlı bütün problemləri  həll edəcəklər.

Hazırda bu peşə yeni inkişaf mərhələsindədir. Elektrik enerjisinin yalnız 1,5% -i külək turbinləri tərəfindən istehsal olunur. 2050 -ci ilə qədər bu rəqəm 20 dəfə artacaq və buna görə də  həmin işçilərin sayı dəfələrlə artmalıdır.

3D çap dizayneri

İlk 3D printer 1984 -cü ildə ortaya çıxdı. O, vaxtdan bəri 3D printerlər geniş şəkildə inkişaf etdi. Bu gün bu cür printerlər həm yüksək texnologiyalı tədqiqatlar yaratmaq üçün, həm də gündəlik həyatda istifadə olunur.

3D printerləri, həmçinin tibb, zərgərlik və avtomobil sənayesi üçün hissələri çap etmək üçün istifadə olunur. Artıq evlərin tikintisində printerlərdən istifadə olunur. Bəlkə də bir neçə onillikdən sonra inşaatla bağlı bir çox məsələlər keçmişdə qalacaq və bütün işi idarə etmək üçün  bir neçə printer kifayət edəcək.

Mürəkkəb bir obyektin yüksək keyfiyyətli modelini yaratmaq üçün memarlıq, dizayn və digər tikinti sahələri haqqında biliklərə malik olmalı, çap olunmuş materialların düzgün tətbiqi ilə məşğul olan xüsusi işçilər olmalıdır. Bu, dizayner tərəfindən edilməlidir. Bu peşəyə yiyələnən insanların işi çətin olsa da, lakin yüksək maaşlı olacaq.

Biomühəndis

Bu sahədə çalışan mütəxəssislər süni orqanların yaradılması, bitki və heyvanların genetik modifikasiyası, insan qocalması  kimi vacib məsələlər üzərində araşdırmalar aparacaqlar.

Hal-hazırda bir çox araşdırmalar hələ test   mərhələsindədir və məhz buna görə, bu  peşəyə hələ tələbat yoxdur. Laboratoriya işlərinin istehsal mərhələsinə keçəcəyi 10-30 ildən sonra ortaya çıxacaq.

Biotexnologiyalar demək olar ki, həyatın müxtəlif sahələrində tətbiq olunacaq: tibb, transplantologiya, qida və yüngül sənaye. Biomühəndislik isə öz növbəsində kimya sənayesi qədər vacib bir peşəyə çevriləcək.

Samirə Tağıyeva, “İki sahil”