21 iyun 2022 22:24
841

Bəzi insanlar niyə arıqlaya bilmirlər?

Artıq bir çox insanlar sağlam həyat tərzinin prinsipləri haqqında xeyli məlumatlıdırlar. Bu gün demək olar ki, hər kəs elmi məlumatlara əsaslanaraq fərdi arıqlama planını tərtib edə bilər. Lakin "öz üzərində işləməyin" fərdi nəticələri həmişə insandan insana əhəmiyyətli dərəcədə dəyişir.

Kiminsə qazlı şirin sular içməyi dayandırması və tez bir zamanda çəki itirmək üçün daha çox hərəkət etməyə başlaması kifayət olsa da, bəzi insanlar pəhrizlərlə özünü yoraraq və idman zalında günlərlə vaxt keçirərək belə artıq çəki ilə vidalaşa bilmirlər.

Amerikalı tədqiqatçılar sağlam arıqlamanın sirrini tapmaq üçün bu iki qrup insan arasındakı genetik və fizioloji fərqləri təhlil etmək qərarına gəliblər.

Bunun üçün alimlər uzun müddət həyat tərzinin “yaxşılaşdırılması” üzərində çalışan bir qrup insanı tədqiqatda iştirak etməyə dəvət ediblər. Mentorlar və dietoloqlar onlara vərdişlərini müsbətə doğru dəyişməyə kömək ediblər.

Bununla belə, bu proqramda iştirak edənlərin heç də hamısı eyni müvəffəqiyyətlə istədikləri məqsədə (arıqlamaq) çatmayıblar. Alimlər tədqiqat iştirakçılarını iki qrupa bölüblər: onlardan bəziləri 6-12 ay ərzində davamlı olaraq hər ay çəkisinin 1%-ni itirib, digərlərinin çəkisi isə bütün bu müddət ərzində dəyişməz qalıb.

Tədqiqatçılar bu iki qrupdan olan könüllülərin nəcis və qanından əldə olunan genetik material nümunələrini təhlil ediblər. Beləliklə, arıqlama prosesində məsul olan 30-dan çox fərqli genetik xüsusiyyət aşkar edilmişdir.

Bu siyahıya zülalların və polisaxaridlərin parçalanması proseslərini tənzimləyən genlər, stresə cavab verən genlər, tənəffüs funksiyası ilə əlaqəli genlər, həmçinin hüceyrə divarının sintezi və bağırsaq bakteriyalarının təkrarlanma (çoxalma) sürətinə cavabdeh olan genlər daxildir.

Alimlər qeyd ediblər ki, bağırsaq mikroflorasının (bakteriyalar birliyi) xüsusiyyətləri arıqlama prosesində mühüm rol oynayır.

Eyni zamanda, uğurla arıqlamış insanlarda bakteriyaların daha sürətli böyüməsinə, çoxalmasına və hüceyrə divarlarının qurulmasına kömək edən daha çox gen aşkar edilmişdir.

Maraqlıdır ki, piylənmənin olub-olmamasından məsul olan genetik faktorlar, bir insanın həyat tərzinin dəyişməsi ilə arıqlayıb-arıqlamayacağını müəyyən edənlərdən fərqlidir.

Tədqiqatlar göstərib ki, pəhriz dəyişiklikləri bağırsaq bakteriyalarının tərkibinə təsir edə bilər. Tədqiqatın müəllifləri hesab edirlər ki, onların kəşfi hər bir fərddə arıqlamağı stimullaşdıran fərdi qidalanma planlarının tərtibinə kömək edəcək.

Tədqiqat nəticələri “mSystems” elmi jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”