23 iyun 2022 19:43
221

Rusiya XİN Azərbaycanın rus dilinə diqqətli münasibətini yüksək qiymətləndirir

Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana işgüzar səfəri öncəsi yaydığı məlumatda bildirilib.

“Ənənəvi olaraq Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir. Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir. Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq”, - qeyd olunub.

Bildirilib ki, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan 1000-dən çoxu federal büdcə hesabına təhsil alır.

“Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır. Ölkədə 341 rusdilli məktəb, Azərbaycanın ali təhsil müəssisələrində rusdilli fakültələr fəaliyyət göstərir", Rusiya XİN-in məlumatında qeyd olunub.