25 iyun 2022 00:38
898

Plastik maddələr artıq damarlarımızda

Bir çox plastik əşyalar bizi əhatə edir, artıq onlardan qaçmaq olmur. Məlum olub ki, mikroplastiklər hətta əksər insanların qanına nüfuz edir.

Hollandiyadan olan alimlər tədqiq edilən qan nümunələrinin əksəriyyətində mikroplastiklər aşkar ediblər. Bu o deməkdir ki, ağciyərlərimiz və bağırsaqlarımız bu kiçik hissəcikləri süzgəcdən keçirə bilmir və plastikin geniş yayılmasının sağlamlıq nəticələrinə daha yaxından nəzər salmağın vaxtıdır.

Plastik hər yerdə var. Torpaqda, suda, dağ zirvələrindəki qar örtüklərində, yeməklərimizdə, bağırsaqlarımızda, nəcisimizdə və s... Hətta artıq damarlarımızdan axır.

İnsan toxumasının mikroplastik çirklənməsinə dair son araşdırmanın nəticələri artıq sürpriz olmamalıdır. Sübut olunub ki, Yer kürəsində praktiki olaraq heç bir yer yoxdur ki, orada ildə milyonlarla ton möhürlənən polimerlərin ən kiçik hissəcikləri olmasın.

Buna baxmayaraq mikroplastiklərin artıq qanımızda olduğunu bilmək bizi bir daha ciddi şəkildə düşünməyə vadar edir. Plastik tullantılar probleminin tezliklə həll edilməsi lazımdır. Polimerlərdə mövcud olan bir çox birləşmələr elm adamlarına belə məlum deyil. Onların heyvanlara və insanlara təsirini diqqətlə öyrənmək vacibdir.

Amsterdam Universitetinin tədqiqatçıları 22 sağlam donordan götürülmüş qan nümunələrində məlum polimerlərdən ibarət 700 nanometrdən böyük hissəciklərin izlərini aşkar etmək üçün təhlillər aparıblar.

Hissəciklərin kimyəvi tərkibini və kütləsini təyin etmək üçün iki fərqli üsuldan istifadə edən alimlər 17 qan nümunəsində bir neçə növ plastik aşkar ediblər.

Ən çox görülən mikroplastik hissəciklərə geyim və içki şüşələrində geniş istifadə olunan polietilen tereftalat (PET), eləcə də avtomobil hissələri, xalçalar və qida qablarında olan stirol daxildir.

Orta hesabla yoxlanılan hər millilitr qanda 1,6 mikroqram plastik olub. Ən yüksək konsentrasiya millilitrdə 7 mikroqramdan bir qədər çox olmuşdur.

Bütün bunların uzunmüddətli perspektivdə sağlamlığımız və səhhətimiz üçün nə demək olduğu hələ tam aydın deyil.

Heyvanlar üzərində araşdırmalar bəzi ciddi nəticələrə işarə edir, lakin həmin nəticələri insan sağlamlığı kontekstində şərh etmək çətindir.

Bununla yanaşı, problem getdikcə ağırlaşır: Alimlərin fikrincə, 2040-cı ilə qədər okeanlara daxil olan plastik tullantılarının miqdarı iki dəfə artacaq.

Əgər plastikin toksikliyi dozadan asılıdırsa, bəlkə də nə vaxtsa stirol və PET-in nisbətən zərərsiz izləri insan hüceyrələrinin böyüməsinə və sağlamlığına böyük təsir göstərməyə başlaya bilər.

Xüsusilə bu problem uşaqlar üçün böyük təhlükədir. Böyüyən bir uşağın bədəni hər hansı kimyəvi maddələrin təsirinə daha həssasdır.

Yeni tədqiqat dəqiqliklə göstərir ki, " dünyanın plastik tozu" ağciyərlərimiz və bağırsaqlarımız tərəfindən tamamilə süzülmür.

Plastikin qan plazmasında sərbəst şəkildə üzməsi və ya qoruyucularımız olan leykositlər (ağ qan hüceyrələri) tərəfindən qəbul edilib-edilməməsi sualı da yaranır. Bu detal polimer hissəciklərinin bədəndə necə hərəkət etdiyinə və onların hansı sistem və orqanlara daha çox təsir edə biləcəyini müəyyən etməyə də kömək edə bilər.

Mikroplastiklərin insan orqanizmində necə yayıldığını və harada yığıldığını, həmçinin bədənimizin onlardan necə qurtulmasını müəyyən etmək üçün müxtəlif sosial və etnik qruplardan daha çox insanı cəlb etməklə daha çox araşdırmalara ehtiyac var.

 Həyəcan siqnalı verən cari tədqiqatın nəticələri “Environment International” jurnalında dərc edilib.

Nubar Süleymanova, “İki sahil”