04 iyul 2022 16:30
1693

Səhvən maaşının 330 misli hesabına köçürüldü və... - FOTO

Çilidə qəribə hadisə baş verib. Çilili bir işçinin hesabına səhvən maaşının təxminən 330 misli köçürülüb. İşçi maaş cədvəlindəki səhvə görə 545 dollar əvəzinə 180 418 dollar ödəmə aldıqdan sonra yoxa çıxıb.

“Insider”-in məlumatına görə, dondurulmuş qida istehsalçısı “CIAL Alimentos”un işçisi bu məbləği götürdükdən sonra işdən çıxıb.

O, müdir köməkçisinin yanına gedib,ona maaşının 330 mislinin ödənildiyini bildirib. Müdir köməkçisi də bu barədə insan resursları departamentinə məlumat verib və səhvi görən işçidən artıq pulun geri qaytarılması üçün banka getməsini xahiş edib. İşçi ertəsi gün banka gedəcəyinə söz verib. Bundan sonra onun artıq pulu qaytaracağı və məsələnin bağlanacağı düşünülüb. Ancaq belə olmayıb.

İşçi pulu qaytarmayıb və üç gün ərzində “CIAL Alimentos”dan gələn zənglərə və “WhatsApp” mesajlarına məhəl qoymayıb. O, daha sonra vəkili vasitəsilə göndərdiyi məktubda istefa ərizəsini təqdim edib. O vaxtdan bu yana işçidən xəbər olmadığı öyrənilib.

 Şirkət işçiyə qarşı cinayət işi açsa da, o həbs olunmayıb. Keçmiş işçi şikayətdə pul mənimsəməkdə ittiham olunur.

Vüsal Cahanov, “İki sahil”