06 iyul 2022 00:53
1184

Eynək, yoxsa linza?

Eynək ya da linza taxmaq məcburiyyətində olan insanlar həmişə bu suallar qarşısında qalırlar. Eynək, yoxsa linza?

Mütəxəssislər bildirirlər ki, hər ikisinin də özünə görə mənfi və müsbət cəhətləri var. Lazer cərrahiyənin icad edilməsinə baxmayaraq bu gün hələ də görmək üçün daha çox eynəkdən istifadə olunur.

Həkimlər bildirirlər ki, eynəkdən istifadə asandır və ona tez öyrəşmək olur. Gözün sağlamlığı və təhlükəsizliyi baxımından bir risk əmələ gətirmir. Uşaqlar da eynəkdən istifadə edə bilərlər. Qiymətinin ucuz və baxımının asan olması isə eynəyə olan tələbatı daha da artırır. Demək olar ki, bütün görmə qüsurları olanlar üçün uyğunlaşdırıla bilir.

Həkimlərin bildirdiyinə görə, linzalar eynəkdən istifadə etmək istəməyənlər üçün daha uyğundur. Çünki onun görmə bucağı daha genişdir. Eynəklərdən fərqli olaraq, linzalar buxarlanmanın yaratdığı problemlərdən təsirlənmədikləri üçün yağış və qarlı havalarda, idman fəaliyyətlərində daha yaxşı görüş əldə etməyə yardımçı olur.

Son illərdə inkişaf etdirilən xüsusi linzalar sayəsində artıq astiqmat və presbiop üçün də linzaların istehsalına başlanıb. Yumşaq linzaların istifadəyə verilməsi sayəsində linzaların qiymətləri ucuzlaşmağa başlayıb. Gündəlik istifadə edilən tək istifadəlik linzaların olması sayəsində uzunmüddətli istifadədən sonra mikrob qapmaq, görmədə bulanıqlığı kimi problemlər azalıb. Kornea itiləşməsi kimi xəstəliklərdə linzaların daha yaxşı görmə ilə təmin etməsi nəticəsində linzalara tələb artmağa başlayıb. Rəngli linzalardan da kosmetik vasitə kimi istifadə edilməsi halları artıq adi hala çevrilib. Linzaların mənfi cəhətləri isə ondan ibarətdir ki, öyrəşmə müddəti uzun və əziyyətlidir. Baxımı və istifadəsi diqqət tələb edir. Linzalar, həmçinin allergik hallara və göz quruluğuna səbəb ola bilir. Aylıq və ya 2 həftəlik linza istifadə edən insanlar özləri ilə hər zaman linza qabı gəzdirmək məcburiyyətindədirlər.

Röya Rasimqızı, “İki sahil”