İstər qazlı içki, istərsə də adi su olsun, hər kəsin şam yeməyini müşayiət etmək üçün bir içkisi var. Çoxları üçün içki olmadan yemək heç də əyləncəli deyil. Bununla belə, yemək zamanı içməyin həzm üçün yaxşı olmadığı da tez-tez deyilir. Bu iddiada həqiqət varmı? Mütəxəssislər hesab edirlər ki, həzmi zəiflətmir, əslində, ona kömək edir – xüsusən də stəkanınızdakı su ilıq olarsa.
Yemək zamanı maye içmək olarmı? Bu, xüsusilə azyaşlı uşaqların valideynləri tərəfindən tez-tez qaldırılan sualdır. Düşünülür ki, maye qəbulu mədə turşusunu sulandırır və həzmi pozur. Bu, doğrudurmu?
Alman Qida Mütəxəssisləri Federal Assosiasiyasının (BDEM) prezidenti Yohannes Georg Wechsler deyir: "Burada doğrudan da bir “həqiqət” var. "Yemək zamanı çox maye içsəniz, əslində mədə turşusunun azalmasına səbəb olursunuz". O, yemək yeyərkən heç nə içməməyi yox, sadəcə az miqdarda maye qəbulunu məsləhət görür.
Mədə turşusu haqqında isə bildirir ki, bədəniniz gündə 4 litrə qədər turşu istehsal edir. Sonrakı emal üçün qidaları fərdi tərkib hissələrinə parçalayır. Həmin turşu, həmçinin ağızımızdakı tüpürcəklə məhv olmayan qida ilə qəbul etdiyimiz mikrobların əksəriyyətini öldürür.
Almaniyanın Reynlanddakı istehlakçı məsləhət mərkəzinin qida və qidalanma üzrə mütəxəssisi Rita Rauş da yemək yeyərkən nə isə içməkdə pis bir şey görmür. "Yemək zamanı bir stəkan su zərər vermir, əksinə faydalıdır" deyən Rauş suyun ağızda tüpürcək ilə qarışmış yeməyi mədəyə, oradan isə bağırsaqlara daşımağa kömək etdiyini söyləyir.
“Bir çox böyüklər yeməklə birlikdə şərab və ya pivə içsələr də, bu, yeməyin dadını maskalamaqla nəticələnir", - deyə mütəxəssis bildirib. Alkoqollu içkilər həm də yüksək kalorilidir.
Eyni şey qazlı içkilər, kola və meyvə şirələri üçün də keçərlidir. Yeməkdən əvvəl bir stəkan su içmək də yaxşı bir fikir ola bilər. Bu, xüsusilə çəkilərinə nəzarət etməli olan və ya arıqlamaq üçün pəhriz saxlayan insanlar üçün faydalıdır.
Təbii ki, su təkcə həzm üçün vacib deyil, həm də ümumi sağlamlıq üçün vacibdir. "İnsanlar ümumiyyətlə kifayət qədər maye içmirlər”,-deyə mütəxəssis bildirib. O qeyd edib ki, böyüklər ideal olaraq gündə təxminən 2,5 litr maye içməlidirlər. Bununla belə, hamısını bir anda içməyin, çünki bədən bir anda yalnız məhdud miqdarda mayeni səmərəli şəkildə qəbul edə bilər. Mütəxəssisin fikrincə, saatda bir stəkan su optimaldır.
Nubar Süleymanova, “İki sahil”