05 avqust 2022 08:09
669

Əhalinin rifah halı iqtisadi imkanların təqdimatıdır

Dövlət başçısı İlham Əliyevin ilk gündən səsləndirdiyi çağırışa uyğun olaraq iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünü nümayiş etdirir

“Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir” söyləyən dövlət başçısı İlham Əliyevin son illərdə iqtisadi islahatların dərinləşdirilməsi fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurulucuq işləri ilə yanaşı, bütün kateqoriyadan olan insanların yüksək rifahının təmin edilməsi ilə bağlı addımlar da atılmaqdadır.  Cari ilin ilk sosial paketində  yer alan Fərman və Sərəncamlar, sonrakı dövrdə onların davamı olaraq imzalanan sənədlər bir  daha onu deməyə əsas verir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi «Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır» çağırışları bugünümüzün reallıqlarında öz əksini tapır. Dayanıqlı inkişafın əsasını şəffaflıq, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi təşkil edir ki, cənab İlham Əliyev bu günlərdə  cari ilin 6 ayının yekunlarına həsr olunan  müşavirədə əldə olunan uğurları və onların fonunda hədəfləri açıqladı. Bir daha vurğulandı ki, iqtisadi müstəqillik əsasdır.

    Azərbaycan sosial dövlət kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumaqdadır. Bunu şərtləndirən amillər mövcuddur. Cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə bu rəqəmlər açıqlandı ki, təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları  artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz,  Prezident təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaş əhatə olunub. Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Sosial ödənişlərdə isə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatlar çərçivəsində təkcə sosial müavinət və təqaüdlərə də illik 1 milyard manat ayrılıb.

Sosial siyasətin əsas tərkib hissələrindən biri şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğının təmin edilməsidir ki, məşğulluq məsələsi xüsusi önə çəkilir. Statistikaya əsasən postmüharibə dövründə artıq 19 min şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq, böyük bir qismi - 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu, 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. İşədüzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub.  Məşğulluq Marafonu çox böyük rol oynadı. Belə ki,  özəl sektordan 600-dən çox şirkət 2500-dən çox müharibə əlilini işlə təmin etdi. Bu proses davam edir.  Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlı və sistemli xarakter daşıyır. Avqustun 2-dən Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Bu proqram bir daha dövlətimizin sosial rifahın yüksəlməsində maraqlı olduğunu, eyni zamanda, hər bir vətəndaşına diqqət və qayğı ilə yanaşdığını təsdiqləyir. Ölkəmizin iqtisadi imkanları artdıqca bu öncə əhalinin  rifah halında özünü təsdiqləyir. Cənab İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində bu vədi açıqlamışdır ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.

   Ölkəmizdə, həmçinin sosial xidmətin təkmilləşdirilməsi prioritetdir. Bu baxımdan  «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyası genişləndirilir. Beynəlxalq qurumlar illik hesabatlarında dünya ölkələrində müxtəlif meyarlar - insan kapitalı, institutlar, texnologiya və yaradıcı məhsullar, bazar,  biznes və sair üzrə inkişafın səviyyəsini qiymətləndirir, innovativ ölkələrin siyahısını təqdim edirlər. Həmin hesabatlarda Azərbaycanın da xüsusi yer tutması, innovasiyalar ölkəsi kimi nüfuz qazanması bugünkü reallıqlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.  Prezident İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. Xatırlasaq  2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək  islahatların anonsunu vermişdir.  Nazirlər Kabinetinin 2019-cu ildə keçirilən iclasında  bu hədəf açıqlanmışdır ki,  ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.»

Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. «Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var» söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

    Prezident  İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılmasından geniş bəhs edir. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması Azərbaycan brendi kimi tanınan "ASAN xidmət", DOST mərkəzlərinin yaradılmasında da özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 28 May-Müstəqillik Günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi zamanı  ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST”- “Smart DOST” məntəqəsi ilə də tanış olmuşdular. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq,  sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox  xidmətdən şəffaf, rahat və əlçatan şəkildə  faydalana biləcəklər. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində qurulan bütün şəhər və kəndlərimiz müasir dövrün yeniliklərini özlərində əks etdirməklə Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər önəm verdiyini və bunu real həyatda tətbiq etdiyini nümayiş etdirəcəklər. Ağalı ilk “ağıllı kənd”, Ağdam isə  ilk “ağıllı şəhər” olacaq. İşğaldan azad edilmiş şəhərlərimizin təqdim edilən Baş planlarında bütün yeniliklər öz əksini tapıb. Bu ərazilərdə təkmil idarəçilik sisteminin formalaşması, Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də gələcək inkişafın aydın mənzərəsini yaradır.

  Yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün bölgələrimiz yeniliklərlə əhatə olunur.  Dövlət başçısı İlham Əliyevin regionlara səfərlərinə diqqət yetirsək açılış, yaxud təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər sırasında “ASAN xidmət”, DOST mərkəzlərini görmək mümkündür.  Əsas hədəf bütün bölgələrdə vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır. Bu layihələrin icrasında məqsəd operativlik, şəffaflıq, innovativlikdir. Dövlət başçısı bildirir: « Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır.» Cənab İlham Əliyev «ASAN xidmət»in fəaliyyətini belə dəyərləndirir: "ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.”

   Bir sözlə, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.    Bu mühüm hadisəni də qeyd edək ki, 28 May-Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram tədbirlərində birgə iştirak etməklə yanaşı, həmin gün  Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında da iştirak etdi. Bu günlərdə isə dövlət başcısı İlham Əliyevin  Sumqayıta səfəri zamanı burada  2-ci, ölkə üzrə isə 24-cü  “ASAN xidmət mərkəzinin açılışı oldu.”     

2022-ci ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə də bu məqamlara xüsusi diqqət göstərilmişdir ki,  inzibati icraatın inkişaf etdirilməsi və elektronlaşma tədbirləri çərçivəsində  iki əsas istiqamətdə islahatlar davam edib. Birinci istiqamət Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təşəbbüsü olan DOST konsepsiyası idi. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşa xidmət göstərilib. Statistik rəqəmlərə nəzər salaq.  Beş mərkəz bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın qarşılarındakı elektron monitorda verdiyi qiymətə əsasən vətəndaşlarımızın məmnunluq səviyyəsi 98 faiz olub. Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülüb. Artıq əvvəldə də qeyd etdiyimiz kimi, Zəngilanın Ağalı kəndində ilk “smart DOST” məntəqəsi  istifadəyə verildi. Bu əminlik ifadə edilir ki,  “smart” məntəqələr növbəti mərhələlərdə digər ərazilərimizdə də  dəstək olacaq. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarımızda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Onlar da istifadəyə verildikdən sonra şəbəkə bütün ölkəni əhatə edəcək. Elektronlaşma tədbirləri davam edir.

Göründüyü kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin təkmilləşdirilməsi  əsas hədəflər sırasındadır. Atılan bu addımların təməlində vətəndaş məmnunluğunun artırılması dayanır. Bu isə öz növbəsində xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, daim özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentinə sevgisi şəksizdir. Azərbaycanda sabitliyin təminatçısı kimi dəyərləndirilən xalq-iqtidar birliyi möhkəm əsaslara malikdir. Prezidentin irəli sürdüyü bütün təşəbbüslər, qəbul etdiyi qərarlar, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmələr, yeniliklər  dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.

Yeganə Əliyeva, "İki sahil"