Banqladeşin Savar şəhərində Yunus Sosial Biznes Mərkəzi və Grameen Bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) “İki sahil”ə bildirilib ki, Grameen Bankın 50 illiyi, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunusun və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil olunan konfransda iştirak edən BAMF prezidenti Umud Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” adlı panel müzakirədə əsas çıxışçılardan biri olub. O, çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Həmçinin Azərbaycanın münaqişədənsonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.
BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla təkbətək görüşü də olub. Görüşdə BAMF və Yunus Sosial Biznes Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi, sosial biznesin münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, həmçinin gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Professor Məhəmməd Yunus BAMF-in dəvəti və təşkilatçılığı ilə Azərbaycana ilk səfərini, Fondun baş ofisində keçirilən "Kasıbların Bankiri" kitabının geniş təqdimatını, ADA və Azərbaycan Dövlət İqtisad universitetlərində görüşlərini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə və COP29 zamanı səfərlərini məmnunluqla xatırladığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini xüsusi qeyd edib və ilk səfərdən sonra Azərbaycanla bağlı yaranan xoş təəssüratlarının yaddaqalan olduğunu vurğulayıb.
Görüşdə tərəflər BAMF və Yunus Sosial Biznes Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Tədbirdə BAMF-in Himayəçilik Şurasının üzvü Aysəba Umutlu da iştirak edib.