08 avqust 2022 18:56
673

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nizami Muzeyinin qonağı olub FOTO

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Xuşk və urdu dili və ədəbiyyatı üzrə professor Sofiya Xuşk Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki,  alimlərə görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə məlumat verilib, “Dörd fəsil” xalçası, III-VII əsrlərə aid Qrifon, “Kitabi-Dədə Qorqud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Xaqani Şirvani və Nizami Gəncəvi “Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş not vərəqləri, Pənahəli xana məxsus, üzərində Quran ayələri həkk edilmiş “Gülləbatmaz” köynək, XIX-XX əsrlərdə yaşayıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və başqa qiymətli eksponatlardan bəhs edilib.

Qonaqları müşayiət edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli də öz təəssüratlarını bölüşərək vurğulayıb ki, muzey – yaddaş, tarix, mənəviyyat deməkdir. Bu muzey Azərbaycan xalqının mədəniyyət və ədəbiyyat yaddaşını yaşatmaqda və təbliğ etməkdədir.

Muzeyin qiymətli eksponatlarını – əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, miniatürləri, şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illustrasiyaları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”na yazıblar.

Sonda muzeyin baş direktoru, akademik Rafael Hüseynovun müəllifi olduğu “Məhsəti Gəncəvi” oçerkinin urdu dilində nəşr edilmiş nüsxəsi və muzeyin ekspozisiya zallarından fotoları və məlumatları özündə əks etdirən “Söz məbədi” kitabçası qonaqlara hədiyyə edilib.