Hər ölkənin bir-birindən fərqlənən, özünəməxsus valyuta növü var. Xarici görünüşünə, rənginə, formasına, dizaynına görə özünəməxsusluğu ilə seçilən pullar məxsus olduğu ölkənin həm də bir növ mədəniyyətinin göstəricisi hesab olunur. Belə ki, bu yazıda fərqli ölkələrinin qeyri-adi pulları haqqında topladığımız məlumatları təqdim edirik.
Plastik əsginaslar
Artıq bütün dünya nağd pulu əvəz edən plastik kartlara keçsə də, lakin dünyanın bəzi ölkələrində, məsələn, Kanadada qeyri-adi plastik əsginaslardan istifadə olunur. Kanadalıların düşüncələrinə görə, bu əsginaslar daha etibarlı və davamlı olurlar.
Taxtadan pul
Kanadanın Moose Jo şəhərində, Birinci Dünya müharibəsindən sonra taxta puldan istifadə edirdilər. O dövrdə metal o qədər nadir tapılırdı ki, şəhərlər öz növbəsində taxta və ya digər ən əlverişli materiallardan pul buraxırdılar.
Dinozavrın təsviri olan sikkə
Numizmatika bazarındakı yeniliklərdən biri dinozavrın təsviri olan sikkələrdir. Belə sikkələrin bir tərəfində qədim dinozavrın skeletini, digər tərəfdə isə II Yelizavetanın təsviridir. Sikkə Kanadada istehsal olunur və onun nominal dəyəri 25 sentdir.
Üzərində mirvari olan qəpik
Palau Respublikasında qəribə pullar mövcuddur. Burada üzərinə təbii mirvari qoyulan qəpiklər buraxılır.
1 trilyon dəyərində pul
Zimbabvedə 1 trilyon dollar dəyərində buraxılan kağız pul hal-hazırda yerli muzeylərin birində saxlanılır.
Ural bayquşu adlı sikkə
2007-ci ildən başlayaraq Monqolustan nəsli kəsilməkdə olan heyvanların təsvir olunduğu sikkələr buraxmağa başlayıb. Onların imza atdığı bu yenilik bütün dünyada maraqla qarşılanıb.Belə ki, 2011-ci ildə “Ural bayquşu” adlı sikkə istehsal olunub. Bayquşun gözlərini Svarovskinin qara kristalları əvəzləyirdi. “Ural bayquşu”nu əldə etmək istəyən kolleksiyaçılar 1500-3000 dollar ödəməlidirlər.
Nadir lifli sikkələr
1944-1945-ci illərdəki müharibə səbəbindən Yaponiyanın metal ehtiyatları sürətlə azaldı. Buna görə bəzi sikkələr kartona bənzər qırmızı və qəhvəyi bir materialdan hazırlanmışdır.
Şahzadə Dianaya həsr olunan sikkələr
İnsanlar şahzadə Diananı gözəlliyinə, xeyirxahlığına və səmimiyyətinə görə çox sevirdi. Xüsusilə onu Kuk adalarında çox sevirdilər. Məhz buna görə onlar Diananın faciəli ölümünün onuncu ildönümünə həsr olunmuş sikkə buraxdılar.
Müqəddəs Məryəmin təsviri olan dollar
2007 -ci ildə dünyanın ən kiçik ölkələrindən birində Palau əyalətində qeyri -adi bir sikkə buraxılmışdır. Gümüşdən hazırlanan 1 dollarlıq qəpiyin üzərində Müqəddəs Məryəmin təsviri var idi.
Dünyanın ən kiçik sikkəsi
Hindistandakı Tara Vijayanagara Gümüş Məhəlləsində dünyanın ən kiçik sikkəsi buraxılmışdı. Kiçik sikkənin diametri 4 mm və çəkisi cəmi 1,7 qr-dır.
Ən böyük qızıl pul
Avstraliyada istehsal edilmiş dünyanın ən böyük qızıl pulu Honq-Konqda nümayiş etdirilir.
2012-ci ildə hazırlanmış pul, Çinin Hang Seng Bankının baş ofisinin binasında ziyarətçilərə təqdim olunur. İlk dəfə Avstraliya xaricində nümayiş etdirilən dünyanın ən böyük qızıl pulu 1021 kiloqram ağırlığındadır. 99.99% əyar qızıldan istehsal edilmiş pulun qalınlığı 11.9, diametri isə 78.7 sm-dir. Pulun bir üzündə Kraliça II Elizabetin portreti, digərində isə tullanan kenquru fiquru var. Qeyd edək ki,həmin qızıl pulun dəyəri təxminən 39 milyon dollardır.
Üzərində marixuanna təsviri olan qəpik
Benin Respublikası üzərində marixuanna olan saf gümüşdən hazırlanan qəpiklər buraxılır. Çox maraqlıdır ki, bu qəpiklərdən cəmi 100 ədəd buraxılmışdı.
Uolt Disneyin adını daşıyan pullar
Məşhur multiplikator Uolt Disney öz nağıl dünyası üçün dövriyyəyə qeyri-adi pullar buraxan şəxslərdən biridir. 1987-ci ildən istehsal olunan həmin valyuta Uolt Disneyin adını daşıyan adada, əyləncə mərkəzlərində, parklarda, kurortlarda və gəmilərdə istifadə olunur. Dəyərinə görə ABŞ dollarına bərabər tutulan Disney dollarının 50, 10, 5, 1 dəyərində əsginasları var. Amma əsl dollarda Amerika prezidentlərinin portretləri varsa, Disney dollarında cizgi filmlərinin personajlarının təsviri yerləşdirilib.
Milyon dollarlıq əsginas
Hazırda dolların ən böyük əsginası 100-lük olsa da lakin elə vaxtlar olub ki, əsginaslar daha böyük olub - 200, 500, 1000 və hətta 1milyonluq. Düzdür, bu sözügedən son əsginas suvenir şəklində buraxılmışdı. Məsələn, 1988-ci ildə Beynəlxalq Milyonerlər Klubuna üzvlük kartı kimi bir milyon dollarlıq əsginas istifadə edirdilər.
Kəpənəkli sikkə
Bir neçə il bundan əvvəl isə “Kəpənəkli sikkə” adlı orijinal sikkə kolleksiyasının təqdimatı keçirilib. Dünya nümizmatları bu sikkəni dünyanın ən gözəl sikkəsi adlandırmışdılar. Sikkə gümüşdən hazırlanıb və onun dəyəri 1000 Kamerun frankına bərabərdir. Onun üzərində nəhəng kəpənəyin qırmızı gül üzərinə qonması əks olunub. Dünyada belə sikkələrin sayı 2500-dən artıq deyil.
Dünyanın ən bahalı valyutası
Təəccüblü görünsə də Küveyt dinarı dünyanın ən qiymətli valyutasıdır. Küveytin rəsmi pul vahidi olan Küveyt dinarının bu qədər qiymətli olmasının səbəbi isə ölkənin dünyanın ən böyük neft ixracatçısı olmasından qaynaqlanır. Küveyt həyata keçirdiyi neft satışlarını Küveyt dinarı üzərindən reallaşdırdığı üçün pul davamlı olaraq qiymətli hesab olunur. Cari məzənnəyə əsasən dəyəri 3,5 amerikan dollarıdır. Bu, həmçinin çox qeyri-adi valyutadır. Birincisi, bu pul bir çox banknotlar kimi 100 deyil, 1000 hissəyə bölünür. Kiçik sikkələr isə fils adlanır. İkincisi isə, Küveytdə banknotlar kəsrlə çap edilir. Məsələn, ¼ və ½ dinar. Üçüncüsü isə, bu ölkədə ən böyük nominal cəmi 20 dinardır.
Danışan sikkə
Dünyanın qeyri-adi pulları arasında “Danışan sikkə” də var. Belə ki, Amerika prezidenti olmuş Con Kennedinin təsvir olunduğu bu sikkələr üzərindəki düymə ilə diqqət çəkir. Həmin düymə basılan zaman sikkədən Con Kennedinin bir zamanlar dediyi: “Mən fəxr edirəm ki, berlinliyəm”, - ifadəsi səslənir.
İşıq saçan pullar
Hər birimiz zəif işıqlandırma şəraitində pul saymağın nə qədər əlverişsiz olduğunu bilirik. Bu problemi həll etmək üçün ABŞ-da xüsusi “Luminous Paper Money” adlı işıq saçan əsginasları buraxmağa başladılar. Çox maraqlıdır ki, bu əsginasların hər birinin özünəməxsus maraqlı rəngi var.
Kokos təsviri olan sikkə
Palau adasında isə “Cənnət ətirləri” adlı unikal sikkə kolleksiyasından istifadə olunur. Kokosun təsviri olan sikkə kolleksiyanın başında gəlir. Maraqlı olan təkcə sikkələrin üzərindəki qravürlar deyil, həm də onlardan gələn xüsusi ətirdir. Okean ətirli bu qəpiyi bir az sürtdükdə qoxunu hiss etmək mümkündür.
Ən böyük nominal əsginas
Ən böyük nominal əskinas 1946-cı ildə Macarıstanda müharibədən sonra tüğyan edən inflyasiya dövründə buraxılmışdır. Onun nominal dəyəri sekstilyon pengeyə (o dövrün Macarıstan pul vahidi), yəni milyard trilyona bərabər idi.
Həcmli sikkələr
Somalida yastı sikkələri sevmirlər və nədənsə onları etibarlı hesab etmirlər. Buna görə də orada üçbucaq, top və kub şəklində olan həcmli sikkələr buraxdılar.
QR kodlu sikkələr
QR kodları dünyada getdikcə daha çox populyarlıq qazanır. Baxmayaraq ki, əvvəl onları yalnız Yaponiyada istifadə edirdilər, lakin indi Hollandiyada da QR kodu olan xüsusi sikkələr buraxılır. Bu kod Maliyyə Nazirliyinin internet saytına bir keçiddir.
Samirə Tağıyeva, “İki sahil”