16 sentyabr 2026 00:48
85

Yeni dərs ili başladı: Uşaqları xəstəliklərdən necə qoruyaq?

Yeni dərs ilinin başlanması və havaların soyuması ilə qrip və soyuqdəymə kimi xəstəliklərin artacağı gözlənilir. Bu dövrdə xüsusilə uşaqların sağlamlığının qorunması üçün qidalanmaya, kifayət qədər su qəbuluna və yuxu rejiminə diqqət yetirmək vacibdir.

Daxili xəstəliklər üzrə türkiyəli mütəxəssis, həkim Serpil Arslan havaların soyuması və yeni dərs ilinin başlanması ilə əlaqədar şagird və valideynlərə tövsiyələr verib. Payızın gəlişi və məktəblərin açılması ilə bəzi xəstəliklərin daha çox yayılacağını bildirən Arslan əsasən qrip və soyuqdəymə hallarının artacağını deyib: "Bunların başında qrip və soyuqdəymə gəlir. Bunun həm uşaqlarımıza, həm bizə, həm də yaşlılara və xroniki xəstəlikləri olan insanlara necə təsir edəcəyindən danışacağıq. Hər şeydən əvvəl, mövsüm dəyişiklikləri zamanı orqanizmin müqavimətini gücləndirməyi diqqətdən kənarda qoymamalıyıq. Bunun üçün ilk növbədə sağlam qidalanmaq lazımdır.

Məktəblərin açılması ilə birlikdə çox vacib bir qida qəbulu,  səhər yeməyi də gündəmə gəlir. Ən başda bunu ötürməməliyik. Mütləq zülal və karbohidratla zəngin, yağ nisbəti balanslaşdırılmış səhər yeməyi yeyilməlidir ki, günə enerjili və gümrah başlaya bilək".

Həkim havaların soyuması ilə insanların su içmək istəyinin azala biləcəyini, lakin orqanizmin suya olan tələbatının dəyişmədiyini bildirib: "Su içməyi də laqeyd yanaşmamalıyıq. Gündəlik su qəbulu iki litrə qədər azala bilər, amma qətiyyən iki litrdən aşağı su içilməsini tövsiyə etmirik. Təzə sıxılmış meyvə şirələri faydalı ola bilər. Lakin çay, qəhvə və digər turşulu içkilər immun sisteminə heç bir fayda verməyən, əksinə, mənfi təsir göstərə bilən mayelərdir. Buna diqqət etməliyik. Gün ərzində balıq, toyuq və ət kimi qidalar da qəbul etməklə orqanizmin müqavimətini qorumağa çalışmalıyıq".

Arslan sağlamlığın qorunmasında yuxu rejiminin də mühüm rol oynadığını qeyd edib: "Bununla yanaşı, yuxu rejimi də qaydaya salınmalıdır. Həm uşaqlara, həm də böyüklərə orqanizmin müqavimətini qorumaq baxımından mütləq səkkiz saat fasiləsiz yuxu tövsiyə edirik.

Mövsümə uyğun geyinməli, həddindən artıq isti və ya soyuğa məruz qalmaqdan çəkinməliyik. Qapalı və havasız məkanlarda çox vaxt keçirməməliyik. Bunlarla yanaşı, xroniki xəstəliyi olan şəxslər varsa, onlar mütəmadi tibbi müayinələrdən keçməlidirlər. Bu dövrdə qan təzyiqinə, qandakı şəkərin səviyyəsinə və ürək xəstəlikləri varsa, dərman müalicəsinin düzgün tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır".

Şahnigar Əhmədova, "İki sahil"