14 avqust 2022 14:07
790

Omanlı turistlər Azərbaycana heyranlıq hislərini ifadə ediblər

Oman Sultanlığının Əl-Bavasel dağ sərgüzəştləri adlanan 26 nəfərdən ibarət qrupun üzvləri 9 gün ərzində Azərbaycanın müxtəlif bölgələrinə səyahət ediblər.

Turistlər Azərbaycan haqqında təəssüratlarını sultanlığın “Əl Roya” qəzetinin müxbiri ilə bölüşüblər.

Azərbaycanın füsunkar təbiəti, yaşıllığa burunmuş dağları, gözəl şəhərləri və tarixi abidələrinə heyran olduqlarını bildirən turistlər vurğulayıblar ki, azərbaycanlılar yüksək qonaqpərvərliyi ilə fərqlənirlər. Qrupun rəhbəri Məhəmməd bin Cabir Əl-Məcini deyib: “Dağ şəlalələri bizi valeh etdi, şəhər və qəsəbələrdə inkişaf etmiş müasir struktur səyahət etməyə və dincəlməyə yaxşı imkan yaradır. Qəbələdə turistlər, o cümlədən dağ sərgüzəştlərini sevənlər üçün gözəl şərait var. Tufandağda heyrətamiz gözəlliyin şahidi olduq”.

Qrupun üzvü Şeyx Səid bin Hamud Əl-Yarubi əlavə edib ki, Qubaya və Şahdağa səyahət olduqca yaddaqalan oldu. Xüsusən Şahdağdakı turizm mərkəzi, bu ecazkar məkanın sərin iqlimi və təmiz havası omanlı turistlərin çox xoşuna gəlib.

Omanlı turistlər öz həmvətənlərini Azərbaycana səyahət etməyə çağırıblar.

AZƏRTAC