İtaliyalı alimlər qrupu “Piza” qülləsinin çoxillik dayanıqlığının sirrini öyrənməyə nail olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “Bristol” universitetinin saytında yerləşdirilib.
Beş dərəcəlik mailliyinə baxmayaraq, 58 metrlik qüllə 1280-ci ildən bəri ən azı dörd güclü zəlzələyə tab gətirib. Landşaftın xüsusiyyətlərini və memarlıq fenomeninin quruluşunu tədqiq edən “Roma Tre” universitetinin alimləri qüllənin dayanıqlığının “qurğu-qrunt” dinamik əks-təsiri ilə bağlı effektlə təmin olunduğunu müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, qüllənin hündürlüyü və sərtliyi onun bünövrəsindəki yumşaq qrunta əks-təsir göstərir və bunun sayəsində memarlıq nümunəsi yeraltı təkanlar zamanı torpaqla rezonansa girmir.
Xatırladaq ki, qeyri-adi vəziyyətinə görə dünya şöhrəti qazanan “Piza” qülləsi “Duomo Santa Maria Assunta” kilsəsinin zəng qülləsidir. O, tikinti zamanı maili vəziyyət alıb, sonradan isə maillik bucağı qüllə sabitləşdirilənə qədər tədricən artıb.