16 avqust 2022 11:32
12097

Basqal Azərbaycanın qədim tarixi məkanlarındandır

Əsrarəngiz təbiəti,qədim tarix və mədəniyyəti,yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindəndir.Basqal Azərbaycanda mövcud olan o yaşayış məntəqələrindəndir ki,orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə qoruyub saxlamışdır.Basqal vahid memarlıq prinsipləri əsasında salınmışdır.Bu prinsipə əsas memarlıq -plan quruluşuna daxil olan baş küçə özündə hər birinin özünəməxsus tarixi və xüsusiyyətləri olan neçə-neçə ictimai,dini,mədəni-məişət,sənətkarlıq,ticarət və yaşayış binalarını,məhəllə,kürəbənd,bulaq və s.birləşdirirdi.

2500-3000 illik tarixi olan qəsəbənin  adı  Basqal toponimi çox mənalı sözdür.Təmiz türk sözü olduğu və “qala qur”,”qala ucalt”,”baş qala” mənasını ifadə edir.Bu ulu ad qədim türkdilli Basil tayfa  birləşməsinin də ünvanını yada salır.Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar.Qədim yunan tarixçisi Herodot “Tarix” kitabında onları “buslar” adlandırmışdı.Təbrizlilərlə basqallıların danışıqlarının-ləhcələrinin bir-birinə çox oxşarlığı var.Basqalı məşhurlaşdıran onun əsrlər boyu Şirvanın,bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzlərindən biri olmasıdır.XII-XIII yüzilliklərdə Şirvan şəhərləri,xüsusilə də Şamaxı özünün və ətraf yaşayış məntəqələrində istehsal olunan ipək məmulatları ilə şöhrət qazanmışdır.Müxtəlif çeşidli kəlağayılar,qanovuz, kişmir,tafta,darayı,mov,cecim,yorğanüzü və s.parçalar xarici bazarlarda və beynəlxalq sərgilərdə nümayiş etdirilib və yüksək qiymətləndirilib.Kəlağayı istehsalı xüsusilə fərqlənib. Təbriz,Gəncə,Şamaxı,Şəki,Ordubad kimi şəhərlərlə yanaşı Basqalda da yüksək keyfiyyətli kəlağayılar toxunub.Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə ixrac olunub.1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı:Burada şəhər və qalalar olduqca çoxdur,çoxlu ipək var.Burada ipək və zərxara parşaları toxunur:belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən”.Bu təsvir Şirvana aiddir.Şirvanda isə ipək və zərxara istehsalı mərkəzi  məhz Basqal olub.Basqaldan olan ustalar,tacirlər və iş adamları Azərbaycan,Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində ipəkçiliyin inkişaf etdirilməsinin təşəbbüsçüləri və icraçıları olmuşlar.XVII,XVIII və XIX əsrlərdə ümumdünya bazarlarında Basqal kəlağayıları öz dəyərini və nüfuzunu layiqincə nümayiş etdirirdi.Basqal ustalarının istehsal etdikləri ipək məhsulları Azərbaycan sərhədlərini aşaraq,Hindistan,Orta Asiya,Rusiya,İngiltərə,Fransa və digər ölkələrə qədər gedib çıxmışdır.1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya sərgisində iştirak etmişdir.Həmin sərgidə Basqaldan olan toxucu Nəsir Abduləziz oğlunun nümayiş etdirdiyi nəfis və zərif kəlağayı və qanovuz parçaya görə gümüş medal və diplomla mükafatlandırılmışdır.Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı.Heyratı,Hələbi,Gülvəngi,Saçaqlı,Sumağı,Ağzəmin, Bağdadı və sair adlı əlvan kəlağayılar əsas yer tuturdu.Hal-hazırda bu sıraya ”Basqalı” və “”Yeddi rəng” adlı kəlağayılar da əlavə edilib.Basqalda hazırlanan kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunurdu. Həmin qədim qəliblər bu gün də qalmaqdadır.
     Azərbaycan mədəniyyəti növlərindən olan ”Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin  Reprezentativ siyahısına daxil edilmişdir.Hal-hazırda Basqal qəsəbəsində yaşayan və qeydiyyatda olan əhalinin sayı 1556 nəfərdir.Qəsəbə əhalisi az da olsa sənətkarlıq,ticarət, qismən də  heyvandarlıqla məşğul olur.Son illərdə Basqalda dövlət vəsaiti hesabına bir sıra işlər görülmüşdür.2015-ci ildə qəsəbə təbii qazla təmin olunmuş,enerji təchizatı yenidən qurulmuş,Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilmişdir.Qəsəbə tam orta məktəbində  təmir işləri aparılmış,idman zalı təmir olunmuş,isitmə sistemi yenidən qurulmuşdur.Qədim küçələr çay daşı ilə döşənmiş,bulaqlar bərpa olunmuş,su kəmərlərində təmir-bərpa işləri aparılmışdır.
    Basqal qəsəbəsi Tarix-mədəniyyət qoruğudur.Bir sıra tikililər yerli əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatından keçmişdir.Həmin abidələr dövlət tərəfindən qorunur.Basqal qəsəbə tam orta məktəbi Azərbaycanın yeni tipli məktəblərindən biri olmaqla ən qədimlərindəndir.Bu məktəb   1887- ci ildə yaradılmışdır.Azərbaycan tarixində xüsusi yer tutan yüzlərlə dövlət,ictimai,ədəbiyyat,elm,mədəniyyət,incəsənət,hərb,tibb xadimləri bu məktəbin yetirmələridir.Akademik Tofiq İsmayılov,Akademiyanın müxbir üzvləri Maqsud və Mais Cavadovlar,Böyük Vətən Müharibəsi Qəhrəmanı Kamal Qasımov,Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə,Azərbaycanın ilk əməkdar müəllimlərindən olan Ağarəzi Qasımxanlı,Dövlət  və elm xadimi Kazım İsmayılov,Tibb elmləri doktoru,professor Mehdibəy Səfərəlibəyov,Əməkdar neftçi Ağasəf Bağırov,Fəlsəfə elmləri namizədi Mustafa Güliyev,İtaliyanın Milli Qəhrəmanı Məmməd Bağırov,şair Davud Aslan,Millət vəkili Novruz Aslanov və yüzlərlə başqaları Basqala şöhrət gətirən övladlarıdır.
    “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda isə 158 inventar sayı altında 3 min vərəqdən çox əlyazma və kitab fondu işlənilib.Qoruqların əlyazma fondu ekspedisiyanın hazırladığı səhra inventar kitabı əsasında öz inventar kitabını formalaşdıra biləcək,gələcək tədqiqatlar zamanı pasportlaşdırma və kataloqlaşdırma işləri aparılacaq,nəşrlər həyata keçiriləcək.“Bədöyün məscidi”nin kağız nümunələrinin təmizlənməsi,siyahıya alınması və inventarlaşdırılması işi başa çatdırıldıqdan sonra müəyyən olunub ki,bu məscid həm də mədrəsə,məktəb kimi fəaliyyət göstərib.Tədqiq olunan kitabların əksəriyyəti mədrəsə və ya məktəb fəaliyyəti ilə bağlıdır.Burada dini kitablardan əlavə dilə,ədəbiyyata,tibbə, coğrafiyaya,astronomiyaya dair əlyazma və çap kitabları da mövcuddur.Mədrəsədə dini dərslərdən başqa dünyəvi dərslər də keçirilib,müxtəlif yerlərdən kitablar gətirilib.“Əlyazma, çap,daşbasma,Kazan çapı olan kitablara rast gəlinib.Bəzi əlyazma kitabları qızılı haşiyə ilə bəzənib,bəziləri isə adi boya ilə rənglənib.Əlyazma kitabları Avropa,rus və Şərq filiqranlarına yazılıb.Yazılar sarı,yaşıl və mavi kağızlardadır.Bəzi kağızlar səliqəli,bəziləri isə kobud şəkildə düzəlib.Kitabların əksəriyyətinin cildləri xarab olub,çürüyüb,bəzilərinin cildi isə ümumiyyətlə qalmayıb.Buna səbəb isə kitabların saxlanılma şəraiti olub.Cildi olan əlyazma kitablarının bərpası vacibdir.Tədqiq olunan kitablar arasında çox sayda daşbasma üsulu ilə çap olunmuş böyük və orta boy kitablar mövcuddur.Bundan başqa,Kazan çapı və müasir çap üsulunda böyük orta və kiçik boyda kitablar da var.Bəzi çap kitabları əlyazma kitabı kimi haşiyələnərək rənglənib.Bəzilərində isə mövzuya aid maraqlı illüstrasiyalar çəkilib.Sistemləşdirmə aparılarkən muzeyşünaslıq baxımından dəyər kəsb edən əlyazma və kitablar müəyyən olunub.Kitablar qədimliyinə,kağızına,yazısına görə seçilib.Bu kitablar bərpa olunduqdan sonra muzeylərdə nümayiş etdirilə bilər.Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir metrə çatan qala divarlarının izləri bu günədək qalmaqdadır.Qala divarlarının mövcuduğu bu və ya digər yaşayış məntəqəsinin məhz şəhər tipli yaşayış məntəqəsi olmasını təsdiqləyən çox mühüm əlamət  hesab olunur.Bu baxımdan Azərbaycan folklorunda geniş yayılmış olan "şəhər olmaz qalasız" deyimi də zənnimizcə elə-belə yaranmayıb.Basqal yüzilliklər boyu çox mühüm sənətkarlıq,ipəkçilik,boyaqçılıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olub.Basqal ustalarının istehsal etdiyi ipək məmulatı Azərbaycan sərhədlərini aşaraq uzaq Hindistana,İtaliya və Fransaya qədər gedib çıxmışdır. Basqalın bu günə qədər qismən də olsa qalmaqda olan arxitekturası - daş döşənmiş küçə və meydanları,cərgə ilə düzülən emalatxana və dükanları,su və kanalizasiya şəbəkəsi onun orta əsr şəhər mədəniyyəti elementləri ilə kifayət qədər zəngin olduğundan xəbər verir.Məhz bu əlamətləri Basqalın həqiqətən də Azərbaycanın orta şəhər tipli  iri yaşayış məntəqələrindən biri olduğunu təsdiqləyən çox ciddi arqumentlərdir."Basqal" toponiminin mənşə etibarı ilə türk sözü olduğu və qala bas,qala qur, qala yarat,qala ucalt" ("bas qala") mənası ifadə edir.Ən azı ona görə ki,elmi ədəbiyyatda "Basqal" toponiminin tamamilə fərqli yozumları da mövcuddur.Məsələn, araşdırıcılardan bir qrupu "Basqal" sözünün "Pəsqala" (yəni "gizli qala") sözündən əmələ gəldiyini bildirir.Bəzi  araşdırıcılar isə bu toponimin türk dillərindəki "basqı" (mənbə və ya bulaq mənasında) və "yal" (yəni dağ yalı) sözlərindən ibarət olmaqla "yaldakı bulaq" və  ya "bulaq olan yal" mənası bildirdiyini  söyləyiblər.Basqalın təbii-coğrafi şəraitinə daha çox uyğun gəlir.Basqalın yerləşdiyi coğrafi məkan özü onun erkən  çağları barədə istər-istəməz müəyyən təsəvvürlər yaradır.Şamaxı ilə Qəbələni birləşdirən qədim  yolun üstündə olması,ətraf ərazinin 2000-2400 illik,bəzi yerlərdə isə daha qədim tarixə malik abidələrlə (Gürdüvan,Uzunboylar,Nüydi,Lahıc, Qırlartəpə və s.) zənginliyi,bilavasitə ona bitişik ərazidə Xankəndi,Fit və Niyal abidələrinin mövcudluğu özü-özlüyündə Basqalın da bir yaşayış məntəqəsi olmaq etibarı ilə qədimliyi barədə düşünməyə məntiqi əsas verir.Təbiidir ki,yüksək dərəcədə inkişaf edən ənənəvi sənət sahələri və özünəməxsus memarlığı ilə məşhur olan Basqal kimi iri bir  yaşayış məntəqəsi birdən-birə,özü də boş yerdə yarana bilməzdi. Xatırladaq ki,Basqalın cənub  tərəfində "Qalalar" adlanan ərazidə arxeoloq Fazil Osmanov tərəfindən 60-70-ci illərdə aparılmış kəşfiyyat xarakterli axtarışlar zamanı orada eramızın I-II əsrlərinə aid yaşayış izləri olduğu müəyyən  edilmişdir. Bununla da Basqal və ona bitişik ərazilərdə təqribən 1800-2000 il bundan əvvəl qala və ya şəhər tipli yaşayış yeri - istehkam olduğu barədə ehtimallar gündəmə gəlmişdir. Yerli sakinlərin dediyinə görə, uzun illər ərzində Basqal və Zeyvə camaatı "Qalalar" ərazisində üzə çıxan tikinti daşından istifadə ediblər. Basqalın, necə deyərlər, beş addımlığında yerləşən Xan kəndinin orta əsr tikintiləri də təəssüf  ki, uzun illər yerli sakinlər tərəfindən sökülərək şəxsi məqsədlər üçün istifadə olunmuşdur.Basqallılar,adətən,qonşu  yaşayış məntəqələrinin  camaatına "kəkki" (yəni kənd adamı) deyirlər.Dəcəlliyi,davakarlığı ilə ad çıxarmış Basqal uşaqları  sanki bununla da özlərinin şəhərli olduğunu büruzə vermək istəyirlər.Əlbəttə,bu münasibət də heçdən yaranmayıb.Basqalın şəhər tipli yaşayış məntəqəsi olduğu,daha dəqiq desək,şəhər mədəniyyəti elementlərinə malik olduğu orta əsr müəlliflərinin qeydlərində və yerli əhalinin yaddaşında da müvafiq izlər qoymuşlar. XIX əsrin sonıarında orada olmuş rus şərhçisi  Lebedev Konstantin "Qafqaz" qəzetinin 1882-ci il 310-cu sayında dərc edilmiş qeydlərində yazır: "Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik,lakin zərif və iti yerişli kəhər atla gəldik.Basqal şəhərinə axşam vaxtı yetişdik.Neft lampaları evlərin eyvanını,həyətlərini kifayət qədər işıqlandırırdı.Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim kişi bu səsin məscid minarəsindən gəldiyini mənə başa saldı.Məscid  işçisi şam azanı verirdi".Müasir Basqal iki əsas hissədən ibarətdir.Yerli əhalinin Basqalın "O tay" adlandırdığı hissəsi əsasən son 50-60 ildə salınıb.Ötən əsrin 70-80-ci illərində orada gecə-gündüz şaraqhaşuraq işləyən ipək emalı sexləri vardı.Həmin sexlərdə toxunan Basqal kəlağayısı Yaxın və Orta  Şərq ölkələrinə ixrac edilirdi.Artıq  neçə illərdir ki,o sexlər daha işləmir."O tay"dakı ilk evlər də elə kəlağayı sexləri yanında tikilmişdi. Sonralar dağların döşünə doğru yeni-yeni evlər və villalar peyda oldu.İndi Basqalın bir ucu Həsənxan bağı,bir ucu Əmrəkinin ətəyi,bir ucu da qədim "Qalalar" ərazisinə qədər gedib çıxır.Bakıda,Gəncədə,Moskvada,Kazanda,Səmərqənddə yaşayan və əslən Basqaldan olan bir çox imkanlı  insanlar son illər burada çox  gözəl və təmtəraqlı imarətlər ucaldıblar.Ərazinin  relyef xüsusiyyətləri və insanların nəfsi ucbatından Basqalın yeni evləri bir-birindən çox  uzaq düşüb.Qədim Basqaldan fərqli olaraq burada elə adam var ki,bəlkə də,bir hektara yaxın ərazi  zəbt  edib.İndi o həyətlərin çoxusunu nə əkən,nə də becərən var.Evlərin  çoxusunda yalnız yaydan-yaya insan hənirtisi  eşidilir.İlin 8-9 ayı isə qapıları qıfıllı qalır.Basqal çayının sol sahili qədim Basqaldır."O  tay"dan fərqli olaraq burada az qala bir qarış torpağa sahib durmaq üstündə rəqabət duyulur.Burada da həyətlər həddən artıq kiçikdir.Elə bu səbəbdəndir ki,burada evlər sanki bir-birinin üstünə minib.Qarşıdakı evin damı demək olar ki,arxadakı evin həyətidir.

   "O tay"ın üstü ağ dəmirli müasir evlərindən fərqli olaraq qədim Basqalda daha çox örtük kimi kirəmit və ya vaxtaşırı olaraq qırmızı rənglə rənglənən qara dəmirdən istifadə ediblər.Küçələrə,həyətlərə,meydanlara başdan-başa daş döşənib.Küçələr darısqal olduğundan onların xeyli hissəsində  nəqliyyat hərəkət edə bilmir.Basqalın baş küçəsi  bazar meydanından başlayaraq çay qırağı ilə Kəlfərəc yolunadək uzanır. Bu küçə sakinlərinin əksəriyyəti toxucu və boyaqçılıq sənəti ilə məşğul olub.Basqal özünün mükəmməl kürəbəndi-kanalizasiya şəbəkəsi ilə də məşhurdur.Deyilənlərə  görə,Basqalın bu gün də qüsursuz işləyən kanalizasiya şəbəkəsinin ən azı 6-7 əsrlik tarixi var.Əsası XIX əsrin tanınmış maarifçisi Məmmədəli Nəsibzadə tərəfindən qoyulan Basqal  məktəbinin isə 110 ilə yaxın yaşı var.Basqal 1932-1933-cü illərdə rayon mərkəzi olub.Rayonun bütün dövlət idarəçiliyi orqanları orada cəmləşib.1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Basqala qəsəbə adı verilib.1989-cu ildə Basqal Azərbaycan hökumətinin qərarı ilə  tarix və mədəniyyət qoruğu elan edilib.Basqalda hər birinin özünəməxsus tarixi və xüsusiyyətləri olan neçə-neçə ictimai bina,məhəllə və bulaq var.

Dəmirçibazar,Qoşabulaq,Qəlibgah,Xarabiyan, Qalabaşı,Dərəməhəllə.Hər birinin  nəinki daşında,divarında,hətta adında belə böyük və incə mənalar uyuyan həmin məhəllələr bu gün də Basqalın qədim tarixinə şahidlik edir.Xarabiyan məhəlləsi burada nə vaxtsa həyat olub,sonra  sönüb və nəhayət, müəyyən dövrdən sonra yenidən  canlanıb.Elə bu səbəbdəndir ki,yerli sakinlər  demək olar ki,hər dəfə Xarabiyan ərazisində quyu və bünövrə yerləri qazarkən daha qədim dövrlərə  aid maddi-mədəniyyət nümunələri üzə çıxır.Qəlibgah məhəlləsinin də öz tarixi və yozumu var.Orta əsrlərdə bu məhəllədə daha çox boyaq-bəzək istehsalı üzrə ixtisaslaşmış sənətkarların cəmləşdiyi  güman edilir.Məlum olduğu kimi,ipək kəlağayılar üzərindəki bəzək-ornamentlər xüsusi qəliblərlə vurulur. "Qəlibgah" sözü də görünür, elə buradan yaranıb.Təkcə elə bu terminin özü Basqalın əsrlər boyu çox mühüm sənətkarlıq mərkəzi olduğu  barədə düşünməyə əsas verir.

Basqal həqiqətən əsrlər boyu Şirvanın, bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzindən biri olub.XII-XIII əsrlərdə Şirvan şəhərləri,xüsusilə də  Şamaxı özünün ipək məmulatı və ətraf kəndlərdə  yetişdirilən ipəyi ilə şöhrət qazanmışdı.Burada  istehsal olunan xammal və ipək məmulatı daxili  ehtiyacları ödəməkdən başqa,həm də Qafqazın  başqa şəhərlərinə,habelə Şərq ölkələrinin bazarlarına çıxarılırdı.XVIII əsrdə isə Şirvan ipəyi  artıq İtaliya və Fransaya da ixrac olunurdu.Basqal məhz elə o vaxtdan Azərbaycanın çox mühüm ipək istehsalı mərkəzi  kimi tarixə düşüb.Şamaxı ətrafında Basqaldan savayı bu funksiyanı öz üzərinə götürə  biləcək ikinci bir mühüm sənətkarlıq mərkəzi yox  idi.1293-cü ildə İranda və Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: "Burada şəhər və qalalar olduqca çoxdur,çoxlu ipək var.Burada ipək və zər-xara parçaları toxunur, belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən".İtaliyalı səyyahın bu təsviri çox güman ki,Şirvana aiddir.Şirvanda isə ipək və zərxara  istehsalı mərkəzi məhz Basqal olub.Ümumiyyətlə, orta əsrlər dövründə ipəyi ilə Azərbaycanı məhşur edən Şirvan olub.Şirvan deyəndə isə başlıca olaraq Şamaxı şəhəri nəzərdə tutulub.Lakin ədalətlisi odur ki,özünün zəngin ipəkçilik ənənələri ilə Şirvanı da,Şamaxını da məşhur edən məhz Basqal olub.Basqalda olan ustalar,tacirlər və iş adamları  sonralar Azərbaycanın,bütövlükdə Qafqazın bir çox  başqa yerlərində də ipəkçiliyin intişartapıb  yayılmasında təşəbbüsçü olublar.Şirvanın maddi-mədəniyyət tarixini araşdırmış  görkəmli etnoqraf alim Arif Mustafayevin tədqiqatlarında Basqalda ipək istehsalının təşkili ilə bağlı olduqca dəyərli məlumatlar var.Onun yazdığına görə, qonşu Mücü kəndi və Basqal Şirvanda karxana şarbaflığının əsas mərkəzlərindən olub.Basqal sənətkarları xam ipəyi əsasən Şəki,Qaraməryəm,Bığır,Vəndam, Qəbələ, İsmayıllı,Ordubad, Kutaisi və Səmərqənddən alırdılar.Mütəxəssislərin rəyinə görə, Qəbələ və Qaraməryəm baraması sap çıxımı cəhətdən daha qiymətli hesab olunurdu.

Azərbaycanın hər yerində olduğu kimi,Basqalda da barama əsrlər boyu ibtidai üsullarla boğulub.Yalnız XIX əsrin sonlarında buxarla işləyən sexlər bunu əvəz edib. "Qafqaz" qəzeti özünün 1854-cü il saylarından birində ipək sarıma texnikasından bəhs edərək belə yazır: "Bu iş xüsusilə peşəkar ustalar tərəfindən görülürdü.Onlar yay mövsümündə kələfaçanı və mis tiyanı heyvana yükləyib kəndbəkənd gəzdirirdilər.1841-ci ilin məlumatına görə,Şirvanda 74 ipək karxanası olduğu bildirilir. Başqa bir mənbənin xəbər verdiyinə görə,1863-cü ildə Şamaxıda 13 ipəksarıma karxanası olub.Lakin XIX əsrin ikinci yarısında ipəkçiliyin qismən tənəzzül etməsi ilə əlaqədar karxanaların sayının xeyli azaldığı bildirilir.Bununla belə,K.A.Satuninin yazdığına görə,1895-96-cı illərdə Basqalda 11 ipək karxanası qalmaqda idi.İpək karxanalarından hər birində təqribən 10-a qədər dəzgah olurdu.Basqalda hər bina, hər döngə özü bir tarixdir.Fərqi yoxdur,istər hamam olsun,istər məscid,istər bulaq, istərsə də dükan və ya şəxsi mülklər.Onlardan bir çoxunun ən azı 3-5 əsrlik tarixi var. Onlar Basqalın,doğma Azərbaycanımızın canlı tarixidir.Basqal Azərbaycanda orta əsr şəhərsalma tarixini öyrənmək baxımından həqiqətən çox qiymətli abidədir. Bu tarixi yadigarı əsrlər boyu əzizləyə-əzizləyə qoruyublar,yaşadıblar.Elə bugünkü nəsil də onu qorumağa və yaşatmağa borcludur.

Ölkə prezidenti cənab İlham Əliyevin bugünlərdə imzaladığı "Basqal Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında" sərəncamı Basqal camaatının doğma yurdun işıqlı sabahına olan inamını daha da artırdı.Son vaxtlar Cənab Prezidentin Lahıc qəsəbəsi və İsmayıllı rayonu ilə bağlı vermiş olduğu silsilə sərəncamlardan az sonra qədim Basqala aid belə bir sərəncam imzalaması bütövlükdə rayon ictimaiyyəti tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılandı.Dövlət başçısının imzalamış olduğu bu sərəncam Basqalın sosial-iqtisadi inkişafına və tarixi-mədəni irsinin layiqli səviyyədə mühafizəsinə,təbliğinə,bərpa və konservasiyasına göstərilən dövlət qayğısının birbaşa təzühürüdür.Sərəncamda qeyd olunduğu kimi,son dövrlər "Basqal Dövlət Qoruğu"nun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən, qəsəbə təbii qazla təmin olunmuş,Basqal çayı üzərində yeni körpü tikilmiş,abadlıq işləri görülmüş,qədim küçələr qismən də olsa çay daşı ilə döşənmiş,bulqalarda müəyyən bərpa işləri aparılmışdır.Sərəncamda o da qeyd olunur ki,hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılmasına,mühəndis-kommunikasiya təminatı sisteminin və xəttinin,yol-nəqliyyat infrastruktunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə,istirahət və turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına,yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi zərurəti yaranmışdır.Sərəncama əsasən,Dövlət Turizm Agentliyi bir ay ərzində qoruq ərazisində yaranmış vəziyyəti dərindən və hərtərəfli araşdırmaqla onun uzunmüddətli qorunması,konservasiyası,bərpası ilə bağlı konsepsiyasının və fəaliyyət proqramının layihələrini işləyərək ölkə Prezidentinə təqdim etməlidir. Bütün bunlar da, necə deyərlər,qədim Basqalın bəxtinin açıldığından,onun nurlu sabahının çox da uzaqda olmadığından xəbər verir.

Azərbaycanda bir neçə iri yaşayış məntəqəsi mövcuddur ki,onlar orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadır.Həmin yaşayış məntəqələrinden biride Basqaldır.Tarixi  baxımdan ən az öyrəniləni məhz Basqaldır.Basqal Azərbaycanın qədim tarixi məkanlarındandır.Bu yurdun inkişafı daima dövlətin diqqətindədir.Basqalı qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcu olmalıdır.

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi, 
YAP Xətai rayon təşkilatının fəalı