18 avqust 2022 13:20
909

“Mehmandarovlar” filminin çəkilişləri başa çatıb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Mehmandarovlar” filminin çəkilişləri yekunlaşıb

“İki sahil” xəbər verir ki,  bu barədə kinostudiyadan məlumat verilib.

Bildirilib ki, Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Yavər Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.

Yavər Rzayevin filmi 7 hissəyə bölür. Bu hissələr hər biri fərqli adı daşımaqla Mehmandarovlar sülaləsinin üzvlərinin həyat və fəaliyyətləri fonunda Respublikanın son əsrdəki tarixi fonu canlanır.

Filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.

Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş etdiriləcək.