19 avqust 2022 10:55
1008

Azərbaycan bütün öhdəliklərinə sadiqdir

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi, şəhidlərimizin canı və qanı  sayəsində əldə etdiyimiz şanlı Qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövlətinin siyasi gündəminin əsasını regionda davamlı sülhün əldə olunması təşkil edir.

Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev bölgələrdə geniş vüsət almış quruculuq-abadlıq işlərindən bəhs etməklə yanaşı, həm də postmünaqişə dövründə bütövlükdə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərdən danışıb, 10 noyabr 2020-ci il Bəyannaməsində tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə necə əməl olunmasına münasibətini bildirib.

Sözügedən Bəyannaməyə Azərbaycan Prezidentinin təkidi ilə daxil edilmiş Ermənistanı Xankəndi ilə birləşdirən yeni yolun üç il ərzində planlaşdırılıb çəkilməsini ehtiva edən bəndə uyğun olaraq Azərbaycan tərəfi öhdəliyinə sadiq qalaraq 32 kilometr uzunluğunda olan bu yolu cəmi 1 il müddətinə çəkib başa çatdırdı. Azərbaycan bu gün erməni vandalları tərəfindən otuz il əvvəl yurd-yuvasından köç etməyə məruz qoyulmuş Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinlərinin yaxın zamanlarda öz doğma yerlərinə qaytarılmasına hazırlaşır.

Multikultural dəyərləri, tolerantlığı, sülh və yardımsevərliyi ilə dünyaya örnək olan Azərbaycan tərəfi hətta bu yolun Ermənistan ərazisinə düşən 8-9 kilometrlik hissəsini tikməyi də öz üzərinə götürmək təklifi ilə müraciət etsə də Ermənistan tərəfi buna razılıq vermədi, bu yolu 2023-cü ilin sonuna kimi tikəcəklərini bəyan edərək yeni manipulyasiya etdi. Ermənistan tərəfinin qeyri-ciddi və qeyri-adekvat addımına rəğmən, Qarabağda yaşayan ermənilərin xahişini nəzərə alan ölkə başçımız Laçın şəhərində, Sus, Zabux kəndlərində Suriyadan, Livandan gətirilərək qanunsuz məskunlaşmış insanların çıxarılması üçün avqust ayının 25-dək vaxt verib.

Əlbəttə, Ermənistan rəhbərliyi yaxşı bilir ki, işğalçı ölkənin işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparması Cenevrə konvensiyalarının qaydalarına görə hərbi cinayətdir və təbii olaraq qanunsuz məskunlaşmış bu insanlar razılaşdırılmış müddətdə Azərbaycan torpaqlarından çıxarılmalıdırlar.

Bununla belə, Azərbaycan Prezidentinin dəfələrlə söylədiyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır. Bu o deməkdir ki, Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Buna hər kəs əmin olmalıdır. Artıq dəfələrlə sübut olunduğu kimi, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri