Güclü iradə hissi insanın özünü idarə edə bildiyi və öz arzularına, tamahına güzəştə getmədiyi bir hissdir. Bu hissə sahib olmaq isə hər kəsə qismət olmur. Elə insanlar da var ki, onlar heç nəyə baxmayaraq mücadilələrini davam etdirirlər. Bu insanlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Üzü qırışmasın deyə 40 il gülmədi
Britaniyalı bir qadın üzündə qırışlar yaranmasın deyə 40 il gülməyib.
50 yaşlı Tess Kristian üzündə qırışların yaranmasından çox qorxurdu. Buna görə o, qırışların əmələ gəlməsinin qarşısını almaq üçün 40 il gülməyib. Tess gülmək istəyəndə dodaqlarına vurduğunu deyir. O hətta qızı doğulanda belə gülməməyi bacarıb. İndi o, heç vaxt botoks və s. kimyəvi və kosmetik vasitələrdən istifadə etməməsi ilə lovğalanır.
«Mən sadəcə üz əzələlərimi idarə etməyi öyrənmişəm və heç vaxt kimyəvi maddələrin və həkimlərin köməyindən istifadə etməmişəm. Mən sadəcə uşaq vaxtı gülmüşəm, lakin sonra bilərəkdən bunu tərgitmişəm. Mənim səylərim öz nəticəsini göstərdi — üzümdə bircə qırış da yoxdur. Heç bir üz kremi bu nəticəni verə bilməzdi», — Tess Kristian yerli qəzetlərdən birinə müsahibəsində deyib.Tessin sözlərinə görə, onu gülməməyə aktrisa Marlen Ditrix həvəsləndirib: «Ditrixin, demək olar ki, heç bir filmdə gülməməsi onun gözəlliyinə kölgə salmayıb».
Bəlkə, dermatoloqlar Tess ilə razılaşarlar, amma psixoloqların fikrincə, gülmək insanın psixoloji sağlamlığı üçün çox vacibdir.
Qolsuz pilotun iradəsi
Qolsuz ilk pilot Cessika Koks nadir anadangəlmə qüsurdan əziyyət çəkir. Nadir xəstəliyinə baxmayaraq, bu qızın böyük iradəsi var. Hal-hazırda Cessika gənc bir qadın olaraq yaza, maşın sürə, saçlarını darayaraq, telefonla danışa bilir. Bütün bunları o, ayaqları ilə edir. Cessika həm də psixologiya fakültəsini bitirib, rəqs təhsili alıb və taekvondo üzrə qoşa qara kəmərin sahibidir. Bütün bunlardan əlavə, Cessikanın sürücülük vəsiqəsi var. Gənc qız təyyarəni idarə edir və dəqiqədə 25 söz yaza bilir. Qızın uçduğu təyyarə “Erkup” adlanır. Bu təyyarə pedallar ilə təchiz olunmayan bir neçə modeldən biridir. Cessika 89 saatdan çox uçuş təcrübəsinə malik olan tarixə ilk qolsuz pilot olaraq daxil oldu.
Xərçəng xəstəliyinə qalib gələn ilk insan
Böyük hərflə yazılmış bu adam əsl döyüşçüdür. Xərçəng xəstəliyinə qalib gəlib 7 qitənin 7 ən yüksək zirvəsini ziyarət edən Şon Şvarner dünyada “hodgkin” xəstəliyi və “askin sarkoması” diaqnozu ilə sağ qalan yeganə insandır. Ona 13 yaşında ikən 4-cü və sonuncu mərhələdə xərçəng diaqnozu qoyulub və həkimlərin proqnozlarına görə, 3 ay belə yaşamalı deyildi. Lakin Şon möcüzəvi şəkildə xəstəliyinə qalib gəldi. Bir müddətdən sonra həkimlər onun sağ ağciyərində qolf topu böyüklüyündə bir şişi yenidən aşkar etdikdən sonra tezliklə onu götürdülər. Şişin çıxarılması üçün ikinci əməliyyatdan sonra həkimlər xəstənin 2 həftədən çox yaşamayacağını söyləsələr də Şon xəstəliyə qalib gəlməyi bacardı.10 il sonra yarımcanlı bu insan(ağciyərinin bir hissəsi götürülmüşdü) dünyada xərçəngdən xilas olan ilk şəxs kimi tanınır. Qeyd edək ki, Şon Everest dağına belə qalxıb. Bu insan bir daha sübut edir ki, insan hər nəyisə ürəkdən arzuladığı zaman ona nail ola bilər.
Görmə qüsuru olan rəssam
Ankarada yaşayan və görmə qüsuru olan Əşrəf Armağan tam 41 ildir rəsm əsərləri çəkir. Amerikada və Avropada bir neçə sərgisi keçirilmiş Armağanın keçmiş prezident Klintonun portretini də çəkdiyini görsəniz təəccüblənə bilərsiniz. Toxunuşları ilə görən,daha düzgün desək, hiss edən Armağan Əşrəf Türkiyənin yetişdirdiyi və beynəlxalq sahədə onları qürurlandıran ən böyük istedadlardan biridir.
Qolu olmayan idmançı
Amerikanın ən məşhur beysbol oyunçularından biri olan Jim Abbot 1967-ci ildə sağ əli olmadan anadan olmuşdu. Qusuruna baxmayaraq beysbolun fanatı olan Jim 10 yaşından bəri beysbol karyerasına başlayıb. Çox maraqlıdır ki, iradəsi ilə bütün maneələrə baxmayaraq Abbott dövlət turnirlərində dörddəbir finala yüksəldi və 1986-cı il Olimpiadasında ölkəsinə qızıl medal qazandırdı. Lakin sonradan nədənsə “Kaliforniya Angels”, “Chicago White” və “Nyu- York Yankees” kimi məşhur komandalarda oynayan Abbott beysbol karyerasına son qoyub, menecer olmağa qərar verdi. Hələ Amerikanın ən populyar beysbol oyunçularından biri olan Abbottun bu sahədə uğurları sərhəd tanımır.
Samirə Tağıyeva, “İki sahil”