KÖŞƏ

Vəli İlyasov

"Babat debat", yoxsa "Apar at"?

06 sentyabr 2022 00:45
737

"Youtube" sosial şəbəkəsində yeni internet televiziya kanalları yağışdan sonra peyda olan göbələklər kimi gündən-günə artır. Onlardan biri də uzun illər şoumenlik edən və son illərdə fəaliyyət istiqamətini dəyişərək siyasi mövzulara girişən  Kamran Həsənlinin dominantlıq etdiyi "Pressklub" internet televiziya kanalıdır. Onun bu kanalda aparıcısı olduğu "Babat debat" proqramında əsasən siyasi mövzulara həsr olunan verilişlər canlandırılır. Şübhəsiz, dünənə qədər şoumenlik edənin qəflətən siyasi verilişlərə aparıcılıq etməsi təəccüb və suallar doğurmaya bilməz. Şouların tanınmış aparıcısını hansı ruzigar siyasət meydanına atıb? Siyasətin əlifbasını bilmədiyini özü də etiraf etdiyi halda nədən bu sahəyə girişib? Təəccüblüdür ki, bu verilişə dağıdıcı müxalifətin "tanınmış fiqurları" dəvət olunur. Siyasi xadimlər, alimlər, cəmiyyətin nüfuzlu şəxsləri isə qalıblar bir kənarda.

Məsələn, elə son günlərdə keçmiş şoumenin Ukrayna-Rusiya müharibəsinə həsr etdiyi iki verilişin birinə "Milli Şura"nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini, ikincisinə Müsavat Partiyasının başqanı Arif Hacılını dəvət etməsi, orada iki xarici dövlətin apardığı hərbi əməliyyatların müzakirə olunması tamamilə yersiz addım idi. Birincisi, onlar hərbi ekspert deyillər. İkincisi, Azərbaycanın yaşadığı indiki həssas hərbi-siyasi şəraitdə Rusiya-Ukrayna müharibəsinin qabarıq şəkildə müzakirəsinin zamanıdırmı? Bəyəm müzakirə olunası başqa məsələ yoxdur? Fikrimizcə, bədxah xarici ölkələrin qulaqlarını şəkləyib bizdən nəsə qızışdırıcı məlumat gözlədikləri bir vaxtda bu uzun-uzadı söhbət tamamilə lazımsızdır. Belə söhbətlər dövlətlərarası münasibətlərə mənfi təsir göstərə bilər. Bəyəm özlərini siyasi xadim hesab edən Gültəkin Hacıbəyli və Arif Hacılı bunu bilmirlərmi? Çox güman ki, bilməmiş deyillər.  Axı, hər işin, hər söhbətin öz məqamı var. Ölkəmizdə senzura çoxdan ləğv edilib, bir kimsəyə "danışma" deyən də yoxdur. Ancaq o söhbət ki, ölkənin, xalqın mənafeyinə zərər gətirə bilər, o halda onu dilə gətirmək lazım deyil. Əgər dilə gətirən varsa, demək, o kəsin xüsusi marağı var və əqidəsi başqadır.

Bu gün Rusiya-Ukrayna müharibəsi mövzusunda bülbül kimi ötən həmin şəxslər o adamlardır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq Qələbəsini hamı kimi bayram etməkdənsə, yasa batdılar, bir müddət şoka düşüb cınqırlarını çıxarmadılar. Sonra xarici düşmənlərimizə və bədxahlarımıza qoşulub böyük Qələbəmizin miqyasını kiçiltməyə çalışdılar. Təbii ki, bu işlər, bizim "qrant müxalifəti"nin öz ağlı və təşəbbüsü deyil. Onların kənardan idarə olunduqları yəqindir. Okeanın o tayındakı Co "dayıları" və bu tayındakı Armenak "kirvə"ləri bunlara özlərinə lazım olan tapşırıqları verir, icrasını tələb edir və "zəhmət haqqı"nı da yaşıl əskinaslarla ödəyirlər. Bunlar da utanmadan alıb ciblərinə qoyurlar. Necə deyərlər, "keçəl halva yeyər puluna minnət".

Nə Gültəkin Hacıbəyli, nə də Arif Hacılı, siyasi xadimlər deyil, olsa-olsa siyasi dəllallardır. Bu, onların öz seçimidir. Özləri bilər, can onların, cəhənnəm Tanrının... Yaxşı olardı ki, proqramın adını dəyişib "Babat debat" Apar at" qoyaydılar. Çünki siyasi tullantılardan nəsə düzəltməyin cəmiyyətə heç bir effekti olmayacaq.

Əhməd Qurbanoğlu
Yod ajiotajı və...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?