Müasir dövrdə insanları təəccübləndirmək artıq çox çətin məsələdir. Bu yazıda qəribə həyat tərzi sürən insanlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Özünü itə bənzədən oğlan
Tom adlı britaniyalı oğlan boş vaxtlarında it kostyumu geyinir və heyvan kimi davranır. O, it oyuncağları ilə oynamağı, qabdan yemək yeməyi və çöldə gəzməyi çox sevir. Oğlan etiraf edib ki, bu qeyri-adi hobbi ona reallıqdan uzaqlaşmağa kömək edir.
Pişiklərin tüklərini yeyən qadın
ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində yaşayan Layza adlı bir qadın 15 ildir ki, pişik tükləri yeməklə məşğuldur.
O, indiyədək ən azı 3200 koma pişik tükünü yediyini etiraf edib.
TLC telekanalında yayınlanan “ My Strange Addiction” proqramının qonağı olan Layzanın sözlərinə görə, hər gün pişik tükü yeməsə, özünü yaxşı hiss etmir.
Evində bir neçə pişik saxlayan 43 yaşlı Layza deyir: "Onların tüklərini bütün mənzil üzrə yığıram, bir yerə toplayıb koma edirəm və sonra da ləzzətlə yeyirəm. Əminəm ki, pişik tükü dünyanın ən ləzzətli yeməyidir. Pişiklərin tüklərini çeynəyib udanda özümü heyvanlarıma daha yaxın hiss edirəm. Bundan başqa, pişik tükü yeyəndə əsəblərim sakitləşir. Ən böyük arzum evimdə çoxlu pişik tükü olmasıdır. Onda özümü əla hiss edərdim".
Böcəklərə dəlicəsinə aşiq olan oğlan
Böcək qorxusuna insektofobiya deyilir. Bir çox insanlar insektofobiyadan əziyyət çəkirlər. Bu tip insanlarda müxtəlif həşəratlarla təmasda olduğu zaman panik qorxusu, dəhşət və çaxnaşma hücumları başlayır. İyrənc canlıların görünüşü belə onları vahiməyə salır.
Lakin bir çox insanlardan fərqli olaraq amerikalı Calvin Viley müxtəlif böcəkləri evinə toplayır. O, böcəklərin zərərsiz olduğunu sübut etmək üçün əlindən gələni edir. Gənc oğlan özünün “İnstagram” səhifəsində fərqli şəxslərin üzündə hərəkət etdiyi böcəklərin müxtəlif videolarını paylaşır. O deyir ki, bəziləri evlərində it, pişik və ya tısbağa saxlayırlar. Mən isə həşəratları çox sevirəm. 2015-ci ildən müxtəlif hörümçəkləri toplamağa başlayan Calvin onların quruluşunu və davranışlarını dəqiqliyi ilə öyrənmək üçün kiçik bir laboratoriya açmaq arzusundadır. Eyni zamanda, o, bu sahədə ali təhsil almağı da planlaşdırır.
Qeyd etmək lazımdır ki, Calvinin bir çox dostları qəribə hobbisinə görə ondan üz döndəriblər. Lakin heç nəyə fikir verməyən gənc sevdiyi iş ilə məşğul olmağa davam edir.
Digər gənc Kayl Kandilandda həyatını böcəklərsiz təsəvvür edə bilmir. O, onları təkcə ev heyvanı kimi saxlamır. Kayl bəzi həşərat növlərini, quşları və heyvanları satış üçün də yetişdirir. Orta hesabla, bu oğlan təxminən 200.000 tarakan saxlayır. Onun kolleksiyasında 130-a yaxın növ var.
Rəngə sevgisi həyat tərzinə çevrildi
Elizabet Rosental adlı qadın “çəyirtkə nənə” ləqəbi ilə məşhurlaşıb. Bu rəssam qadın yaşıl rəngi çox sevir. Onun dediyinə görə, bu rəng onu çox xoşbəxt edir. Elizabetin bütün geyimləri, aksesuarları, mebelləri, kosmetikası, hətta saçları da yaşıl rəngin müxtəlif çalarlarına boyanıb. Sənətçi 25 ildən artıqdır ki, bu qeyri-adi həyat tərzi ilə hər kəsin diqqətini özünə cəlb etməyi bacarıb.
Qız fantaziyasını həyata keçirdi və su pərisi oldu
Makenzi Klerin bədəni yol qəzası nəticəsində iflic olub.
Bununla belə, 19 yaşlı ABŞ sakini özünün uşaqlıq arzusunu gerçəkləşdirib. O,uşaqlığından bəri su pərilərini çox sevib, hətta özünü onlara bənzətməyə də çalışıb.
Əlil arabasında gəzən yeniyetmə qızı fotoqraf Kerri Leyn məşhurlaşdırıb. Belə ki, Makenzi su pərisi imicində fotolarının çəkilməsi təklifinə məmnunluqla razılıq verib.
Sən demə, özünü su pərilərinə bənzədən insanlar çoxdur. Digər qız Kasia Şels uşaqlıqdan su pərisi gəlincikləri toplayıb. 29 yaşına qədər mifologiyaya olan bu sevgini reallığa çevirməyə çalışan Kasia su pərisinin kostyumunu geyinərək özünü su pərisi hesab etməyə başladır.
Qeyd edək ki, Kasianın evi daha çox sualtı krallığa bənzəyir.
Sivilizasiyadan uzaq olan təqaüdçü
Şəhərin səs-küyündən və cəmiyyətdən bezən Mik Dodge sivilizasiyadan uzaq yaşamağa qərar verib. O, Hoh meşəsində məskunlaşaraq, özünə yemək hazırlamağa, açıq havada yatmağı və dişlərini ağacdan düzəlmə fırçalar ilə fırçalamağı öyrənib.
Dodge 30 ildən artıqdır ki, meşədə yaşayır.” National Geographic” Mik haqqında sənədli film çəkdikdən sonra o, internetdə inanılmaz dərəcədə populyarlaşıb.
Kanadalı ailə müasir həyatdan imtina edərək keçmişə qayıtdı
Bleyir Makmillan və ailəsi 1986-cı ildəki kimi yaşayır. Onlar nə müasir qadcetlərdən, nə də ki, internetdən istifadə edirlər. Demək olar ki, ailə 1986-cı ildən sonra icad edilmiş texnologiyalardan istifadə etmir. Onlar bir məlumat əldə etmək üçün ensiklopediyalar və məlumat kitabçalarından istifadə edirlər . Uşaqlar televizor qarşısında çox qalmır, yaradıcılıqla və ya aktiv oyunlarla məşğul olmağa üstünlük verirlər.
70 il yuyunmayan kişi
İranın Faraşband bölgəsindəki Dezhgah kəndində yaşayan Amoo Hacı adlı kişi 70 ildir suya toxunmadan yaşayıb.
90 yaşlı bu kişi küllər içərisində primitiv bir həyat sürür. İranın bir xəbər agentliyin in yaydığı məlumata görə, nə duş qəbul edən, nə də üzünü qırxan bu şəxsin həyatından reportaj hazırlanıb.
Natəmizliyi ilə məşhurlaşan kişinin sözlərinə görə, duşa girmək onun üçün əsl fəlakətə çevrilə bilər. Çünki o, dərhal xəstələnər və ölər.
Samirə Tağıyeva, “İki sahil”