KÖŞƏ

Vəli İlyasov

Sülhə gəlin, ey haylar!..

07 sentyabr 2022 01:35
851

Şahidi olduğumuz uzun və üzücü hadisələrdən sonra nəhayət, regiona sülhün gəlişi reallaşmaqdadır. Əslində indi gözlənilən sülh bir il əvvəl də gələ bilərdi. Ancaq Ermənistandakı davakar "Qarabağ  klanı", daşnaklar və revanşistlər aranı qarışdıraraq buna əngəl törədirdilər. Ona görə də Ermənistan getdikcə küncə sıxışdırılır və yaxın dumanlı gələcəyə doğru iri addımlarla irəliləyir. Lakin regionda gedən proseslər göstərir ki, zaman sülhün bağlanmasını diktə edir və barışın alternativi yoxdur.

Azərbaycan istər müharibədən əvvəl, istərsə də sonra daim sülhə tərəfdar olduğunu bütün dünyaya bəyan edib. Prezident, Müzəffər  Ali Baş Komandan İlham Əliyev hətta hərbi əməliyyatların qızğın çağında xarici jurnalistlərə dəfələrlə bildirdi ki, Ermənistan işğalçılıq planlarından əl çəksə və ərazi bütövlüyümüzü tanısa müharibəni dərhal dayandırarıq. Təəssüf ki, Ermənistan inad göstərərək döyüşü davam etdirdi və sonda biabırçı məğlubiyyətə düçar oldu. İndi Ermənistana sülh hava-su kimi lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində də sözügedən məqamlara toxunub. Dövlət başçısı deyib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Müsahibəsində  Nikol Paşinyanla Brüsseldə keçirilən son görüşə də toxunan Prezident İlham Əliyev “Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu”, deyib.

Onu da qeyd edək ki, sülh sazişi bağlanmasına hazırlıq  rəsmi İrəvan üçün olduqca ağır və təhlükəli mərhələdir. Paşinyan hakimiyyətinin qarşısında cəmisi iki seçim var və hər ikisi risklidir. Ona görə də rəsmi İrəvan doğru seçim üçün nəhayət, qəti siyasi iradə nümayiş etdirməlidir.

Lakin, eyni zamanda, vurğulamaq lazımdır ki, iflasa uğramış sərsəm “artsax" xəyalları  Ermənistan cəmiyyətində hələ də populyar olaraq qalmaqdadır. 2020-ci ildəki ağır məğlubiyyətdən sonra onların reallaşdırılması üçün Ermənistanın nə hərbi-siyasi və maliyyə-iqtisadi ehtiyatları, nə də son vaxtlara qədər himayəsində yaşadıqları müttəfiqləri qalmayıb. Qısaca desək,  İkinci Qarabağ müharibəsində  öz əhəmiyyətini itirmiş sərsəm  “artsax" xəyalları indi Ermənistanın özünün gələcək taleyini sual altında qoyan ən ciddi təhlükədir. Şübhəsizdir ki, o xəyalların arxasınca getmək  Ermənistanın dövlət  kimi məhv olmasına aparıb çıxarar.

 Ona görə də Paşinyan hakimiyyəti üçün ikinci seçim varianti yeganə çıxış yolu kimi görünür. Yəni, rəsmi İrəvan Ermənistanın mövcudluğunu qorumaq üçün Azərbaycanla sülh prosesini davam etdirmək məcburiyyətindədir. Yalnız bu halda Ermənistan növbəti savaşdan yayına və öz mövcudluğunu qoruyub sonrakı inkişaf mərhələsinə keçə bilər.

Təbii ki, Paşinyan hökumətinin sülhü seçməsi  Ermənistan cəmiyyətində məlum qüvvələr tərəfindən xəyanət kimi dəyərləndirilə bilər. Heç də təsadüfi deyil ki, radikal-revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinin devrilməsi istiqamətində cəhdlər və çağırışlar edir. Bu baxımdan eks-prezident Serjik Sarkisyanın Paşinyanı cismən aradan götürmək çağırışı da təsadüfi deyil. Bu məsələdə keçmiş müdafiə naziri Suren Ohanyan və sabiq prezident Robert Koçaryan da onun yanındadırlar.

 Aydın görünür  ki, rəsmi İrəvanın seçməli olduğu hər iki variant  Paşinyan hakimiyyəti üçün real təhlükədir. Birinci variant  zəif və təklənmiş Ermənistana yeni dağıdıcı müharibə və Azərbaycanın hərbi qüdrəti qarşısında diz çökmək perspektivi vəd edir. İkinci variantın seçiləcəyi təqdirdə isə Paşinyan hakimiyyəti müəyyən müddət Ermənistan daxilində ciddi müqavimətlə, hətta silahlı üsyanla qarşılaşa  bilər. Bütün hallarda Paşinyan ikinci variantı – sülh prosesini seçmək məcburiyyətindədir. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yaydığı son məlumat da bunu təsdiqləyir. Belə ki, erməni nəşri Ermənistanın Dilican şəhərində ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ)  hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlara treninq keçərkən baş verənləri ictimailəşdirib.

“Hraparak” iddia edir ki, MDİ hakim partiyanın təmsilçilərini Cənubi Qafqazda başlanmaq üzrə olan sülh dövrünə hazırlayır. Təlimlərin son günündə hətta baş nazir Nikol Paşinyan da iştirak edib. Tədbirdən sonra Nikol Paşinyan rəhbərlik etdiyi partiyanın üzvləri ilə qapalı görüş keçirib.

Maraqlıdır ki, “Hraparak” həmin qapalı görüşdə baş nazir Nikol Paşinyanın erməni deputatlara Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün nəticələri barədə müəyyən məlumatlar verdiyini iddia edib: “Ermənistan baş naziri Nikol Paşinyan deputatlara bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır”.  

Artıq ağlı başında olan bir çox tanınmış ermənilər sülhün onlara verilmiş son şans olduğunu başa düşürlər. Bununla bərabər, bəzi davakar qüvvələr hələ də onları gözləyən təhlükənin fərqinə varmayaraq sərsəm iddialarını yeritməyə çalışırlar. Onlar heç cür  Azərbaycanın İkinci Qarabağ müharibəsindəki  Qələbəsinin yaratdığı reallıqları qəbul etmək istəmir, “ləyaqətli danışıqlar” və “ləyaqətli sülh” iddiası ilə yaşayırlar. Belə bir vəziyyətdə baş nazir Nikol Paşinyan, necə deyərlər,  hazırda “odla suyun” arasında vurnuxmaqdadır. Görək özü sülhmeyilli olan Paşinyan davakarları neytrallaşdıra biləcəkmi?  Proseslərin gedişi göstərir ki, araqarışdırıcı qüvvələrin inadına baxmayaraq Ermənistan özündə sülh yolunu seçməyə güc tapacaqdır. Axı, işğalçı ölkənin nicat yolu yalnız sülhdən keçir...

Əhməd Qurbanoğlu
Yod ajiotajı və...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?