KÖŞƏ

Vəli İlyasov

Didişmə...

08 sentyabr 2022 01:37
1215

Günü qara II Qaregin sülhə qarşı çıxır

İki yüz ildir ki, yepiskoplar, katalikoslar, papazlar, keşişlər ermənilərin başına çatı salıb hərləyirlər. Bu dinbazların nüfuzları o qədər böyük idi ki, hətta onların dodaq büzdüyü adamlar dövlət başçısı ola bilməzdilər. Lakin Nikol Paşinyan "bərk qoz" çıxdı, bunların başına "corab toxuyaraq" dövlət başına gəldi və onların acığına hələ o yana da keçdi...

O vaxtdan bütün ermənilərin daşnak əqidəli katalikosu II Qareginlə baş nazir Nikol Paşinyanın münasibətləri itlə pişiyin düşmənçiliyi səviyyəsindədir. Onlar dörd ildir ki, bir-birini “cırmaqlamaqla” məşğuldurlar. Çünki kinli Qareginin əvvəldən Paşinyanı görməyə gözü yox idi.

Qarabağdakı 44 günlük müharibədəki məğlubiyyətdən sonra bütün ermənilərin katalikosu II Qaregin hakimiyyəti açıq şəkildə tənqid etməyə başlayandan bəri Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında əlaqə geri dönməz şəkildə kəskinləşib. İndi hərə öz mövqeyinə çəkilərək bir-birlərinə "xox" gəlməklə və ayaqlarının altını qazmaqla məşğuldur. Bu barədə “Hraparak” qəzeti də yazıb. Nəşr onu da məlumat verir ki, bu il Nikol Paşinyan II Qaregini avqustun 21-də qeyd olunan doğum günü münasibəti ilə təbrik etməyib. Aydın görünür ki, Nikol Paşinyan hələ də özünün "İti görüm, qurdu görüm, Qaregini görməyim" qənaətində israrlıdır.

Halbuki Paşinyan hakimiyyətə gəldikdən sonra üzəvari olsa da üç il ərzində onu "hərarətlə" təbrik edərək baş keşişin Erməni Apostol Kilsəsinin həyatında “böyük əhəmiyyətini və rolunu” vurğulamış, guya əhalinin inamını ifadə etmişdi. Ancaq hamıya bəlli idi ki, Paşinyanın bu təbrikləri Qareginin saqqalını tumarlamaqdan savayı heç nə deyildi.

Qəzet yazır ki, baş nazir hakimiyyətin nəzarətində olan KİV-ə və hətta Ermənistan İctimai Televiziyasına katalikosun fəaliyyətini işıqlandırmamağı tapşırıb. “Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”, - qəzet qeyd edib. Sirr deyil ki, Ermənistanda kilsə hər zaman azərbaycanlılara qarşı nifrəti körükləyən, millətlər arasında qızışdırıcı mövqe tutan, işğalı təbliğ edən əsas nifaq yuvalarından biridir. Bunu İkinci Qarabağ müharibəsində də açıq şəkildə görmək mümkün oldu. Erməni din xadimləri humanizmi bir tərəfə ataraq hətta Qarabağa gəlib müharibə və mübarizə üçün çağırışlar edirdilər. Onlar İsanın vəsiyyətlərinə tüpürərək silahlanıb azərbaycanlıların körpə uşaqlarını, qocaları, qadınları amansızcasına qırırdılar.

Hazırda Ermənistanda sülhə qarşı hələ də ciddi müqavimət var və bunun əsas aparıcı fiqurları kilsə mənsublarıdır. Şübhə yoxdur ki, erməni lobbisinin və diasporunun pul kisəsindən asılı olan Eçmiədzin bu müqavimətin əsas təşkilatçılarındandır.

İndi dünya ermənilərinin, həmçinin erməni kilsəsinin qarşısında duran əsas məsələ İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən sarsıdılmış saxta, uydurma tarixə əsaslanan və Ermənistanın dövlət ideologiyasına çevrilmiş bir konsepsiyanı - ultra millətçiliyi, yəni erməniçiliyi dirçəltmək, erməniləri yenidən bir ideya ətrafında toplamaq və onlarda revanş hisslərini qızışdırmaqdır. Paşinyan hökuməti bir çox hallarda ziddiyyətli mövqe sərgiləsə də, regionda yaranmış yeni reallığı yaxşı başa düşür və qəbul edir.  O səbəbdən, erməni kilsəsi ilə İrəvan hakimiyyəti arasında uçurumun getdikcə daha da dərinləşəcəyi gözləniləndir.

Ümumiyyətlə, erməni kimliyinin əsas göstəricilərindən biri Apostol Kilsəsidir və lap yaxın tarixədək dünyanın harasında yaşamasından asılı olmayaraq, bu, erməni toplumu üçün mübahisəsiz qəbul edilən fakt olub. Erməni kilsə tarixi iddia edir ki, “Ermənistan dünyada xristianlığı dövlət dini olaraq qəbul edən” ilk ölkədir. Bu fikir digər xristian ölkələrində isteza ilə qarşılanır. Bəziləri sual verirlər ki, o əsrdə Ermənistan hansı qitədə mövcud idi? Lakin həmin “tarix”i yazanlar  “böyük Ermənistanı” dünyanın siyasi xəritəsində tapıb göstərməyi həmişə ya  “unudur” və ya sualdan yayınırlar. Axı, bu biçarələr heç vaxt mövcud olmayan dövləti xəritədə necə tapsın?

 Nə isə. Qayıdaq mövzuya. Yadınızdadırsa, 2018-ci ildə "məxməri" inqilabdan çıxan Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsi kilsə rəhbəri II Qareginin istefasına təkid göstərirdi. Hamıya məlum idi ki, iddiaçılara “dil” verən baş nazir Paşinyandır. Erməni ictimaiyyətinin nəzərəçarpacaq hissəsi hesab edirdi ki, ölkəni mövcud duruma gətirən təkcə “erməni xalqının xoş gələcəyi” üçün “çarpışan” siyasətçilər deyil, həm də Allahın və “erməni xalqının qulları” olan kilsə xidmətçiləridir. Patriarxın avtomobili dəfələrlə etirazçılar tərəfindən mühasirəyə alınmışdı, hətta katalikosun Eçmiədzindəki monastrının lap yaxınlığındakı yaşayış binasında əlbəyaxa döyüşlər getmişdi.

Bəs indi kilsənin sülhə qarşı davam edən bu mövqeyi Ermənistan ictimai rəyinə necə təsir edə bilər? Paşinyan erməni kilsəsinin həmlələrinə davam gətirə biləcəkmi? Daha bir neçə sual da var. Ancaq o da reallıqdır ki, Qərbə söykənmiş Paşinyanın mövqeyi güclüdür, istənilən rəqibini aşırmağa qadirdir. Bu işdə ona astvası kömək olsun.