08 sentyabr 2022 02:16
639

Piylənməmək üçün daha çox yatmaq?

Yuxusuzluq uzun müddət piylənmənin inkişafı ilə əlaqələndirilmişdir. Lakin yuxu müddətinin artırılmasının kalori qəbuluna təsiri ilə bağlı ilk araşdırma yalnız bu yaxınlarda aparılıb.

Daha çox yatmaq daha az kalori deməkdir. Gecə yuxusunun miqdarının gənclərin qidalanmasına təsirini tədqiq edən amerikalı alimlər belə nəticəyə gəliblər.

Çikaqo Tibb Universitetinin Yuxu Mərkəzinin tədqiqatçıları qeyd edirlər ki, piylənmə “epidemiyası” ilə mübarizənin ən yaxşı yolu onun səbəbi və çəki artımının qarşısını almağın yollarını aydınlaşdırmaqdadır.

Mütəxəssislərin fikrincə, hazırda piylənmənin bu qədər geniş yayılması əsasən, fiziki məşq çatışmazlığı ilə deyil, məhz kalori artıqlığı ilə bağlıdır.

Yeni tədqiqatlar təkcə yuxu müddətinin kalori qəbuluna təsirini araşdırmayıb, həm də ən əsası, təcrübə iştirakçılarının qidalanma vərdişləri üzərində heç bir manipulyasiya və nəzarət olmadan real şəraitdə həyata keçirilib.

Bu araşdırmada 80 nəfər artıq çəkili gənc iştirak edib. Təcrübənin sonunda adətən gecə 6,5 saatdan az yatan iştirakçılar gecə yuxu müddətini orta hesabla 1,2 saat artıra biliblər.

Bu, hər bir iştirakçının yuxu rejimi ilə bağlı fərdi məsləhətləşmələrdən sonra baş verib. Başlıca məqsəd gecə yuxusunu 8,5 saata çatdırmaq idi.

Artan yuxu müddəti, öz növbəsində, iştirakçıların ümumi kalori qəbulunu gündə orta hesabla(nəzarət qrupu ilə müqayisədə)

270 kilokalori (kkal) azaldıb.

Tədqiqat ümumilikdə dörd həftə davam edib: iki həftə iştirakçıların yuxusu və kalori qəbulu ilə bağlı ilkin məlumatların toplanması, digər iki həftə isə yuxu müddətindəki dəyişikliklərin təsirlərini müşahidə etmək üçün sərf olunub.

Əvvəldə də qeyd etdiyimiz kimi, təcrübə zamanı daha çox yatmağa başlayan iştirakçılar gündəlik qəbul etdikləri kaloriləri orta hesabla 270 kkal azalda biliblər. Bu, üç il ərzində təxminən 12 kiloqram çəki itirmək deməkdir. Təbii ki, yuxu miqdarını və  keyfiyyətini qoruyaraq.

Tədqiqat zamanı yuxu müddətinə təsir edə biləcək faktorları sistematik şəkildə qiymətləndirilməsə də, tədqiqatçılar yatmazdan əvvəl elektron cihazların istifadəsinin məhdudlaşdırılmasını əsas uğur faktoru kimi göstəriblər.

Gələcəkdə, tədqiqat rəhbəri Tasali və komandası nəticələri izah edə biləcək əsas mexanizmləri araşdırmağı planlaşdırır. Alimlər, həmçinin hesab edirlər ki, uzun yuxunun arıqlama proqramlarının bir hissəsi olub-olmadığını müəyyən etməyə və piylənmənin qarşısını almağa və ya arıqlamağa kömək etmək üçün bu iş yeni, daha ətraflı tədqiqatları ilə davam etdirilməlidir.

Nəticələr “JAMA Internal Medicine” jurnalında geniş dərc edilib.

Nubar Süleymanova, “İki sahil”