10 sentyabr 2022 00:27
724

Çay ölüm riskini aşağı salır?

Britaniya alimlərinin tədqiqatları heyrətamiz nəticələr ortaya qoyur

Çay dünyanın ən çox içilən içkisi ola bilər. Hətta tədqiqatlar və son araşdırmalar çay içməyin əslində daha az ölüm riski ilə əlaqəli ola biləcəyini göstərir.

Tədqiqatçılar çay içməyənlərlə müqayisədə gündə iki və ya daha çox stəkan çay içən insanların ölüm riskinin 9-13% arasında azaldığını bildiriblər.

“Annals of Internal Medicine” jurnalında dərc edilən nəticələr insanın qəhvə içməsindən, çayına süd və ya şəkər əlavə etməsindən, çayın hansı temperaturda olmasından və ya irsiyyətə təsir edən genetik variantların olub-olmamasından asılı olmayaraq nəticənin eyni olduğunu göstərir.  

Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutundan olan tədqiqatçılar 40-69 yaş arası yarım milyon kişi və qadının 85%-nin müntəzəm olaraq çay içdiklərini bildirən Böyük Britaniya Biobankının məlumatlarından istifadə ediblər. Onların 89%-i qara çay içdiyini bildirib.

Tədqiqat 2006-cı ildən 2010-cu ilə qədər cavablandırılmış sorğu anketi ilə aparılıb və on ildən çox davam edib.

Madrid Universitetinin profilaktik tibb və ictimai sağlamlıq üzrə professoru Fernando Rodriguez Artalejo sözügedən tədqiqatı "sahədə əhəmiyyətli irəliləyiş" kimi xarakterizə edib.

Onun sözlərinə görə, əksər tədqiqatlar yaşıl çayın ən çox istehlak edildiyi Asiyada aparılıb və Asiyadan kənarda olan bir neçəsi isə ölçücə kiçik və nəticələrində qeyri-müəyyəndir: "Bu məqalə göstərir ki, qara çayın müntəzəm istehlakı (Avropada ən çox istehlak edilən çay) orta yaşlı, əsasən ağ, yetkin ümumi əhali arasında 10 il ərzində ümumi və xüsusən də ürək-damar xəstəliklərindən ölüm hallarının cüzi dərəcədə azalması ilə əlaqələndirilir. " Professor bildirib ki, tədqiqat çay içənlərin daha az ölümünün səbəbi olduğunu qəti şəkildə müəyyən etmir, çünki bunun çay istehlakı ilə əlaqəli digər sağlamlıq amilləri ilə bağlı olduğunu istisna edə bilməz.

Cavabsız qalan başqa bir sual isə odur ki, çay içməyən insanlar sağlamlığını yaxşılaşdırmaq üçün buna başlamalıdırlarmı?

"Çay istehlakının zamanla təkrar ölçülməsi ilə araşdırmalar aparılmalı və davamlı olaraq çay istehlak etməyənlərin ölüm nisbəti çay istehlak etməyə başlayan və ya zamanla istehlakını artıranların ölüm nisbəti ilə müqayisə edilməlidir. İllərdir özüm də çay içirəm”, -deyə professor bildirib.

Nubar Süleymanova, “İki sahil”