23 sentyabr 2022 02:58
534

Yeni beynəlxalq hava limanları ölkəmizə nə vəd edir?

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan sürətli şəkildə işğaldan azad  edilmiş ərazilərinin bərpası prosesinə başladı. Aparılan işlər arasında isə beynəlxalq hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir.

Gəlin xatırlayaq. İlk olaraq uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni 60 metr və perronun sahəsi 60 min kv.m-ə qədər olan Füzuli Beynəlxalq Hava Limanı inşa olundu. 8 ay ərzində tikintisi başa çatan bu aeroportun açılış mərasimi ötən ilin oktyabr ayının 26-da baş tutdu. 2021-ci ilin aprel ayında tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanının açılışı bu ilin oktyabr ayının 20-də olacaq. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq və bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Üçüncü bu tipli beynəlxalq hava limanının tikintisi isə hazırda Laçın rayonunda aparılır. Bu aeroportun yerləşmə yeri isə unikallığı ilə fərqlənir. Belə ki, hava limanı Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşaya isə 70 km məsafədə yerləşir. Laçın Beynəlxalq Hava Limanının da uçuş-enmə zolağı standartlara uyğun olaraq 3 kilometrdir. Yerli şirkət tərəfindən inşa olunan bu hava limanına da bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri enə biləcək.

Bəs bu beynəlxalq hava limanları Azərbaycana və ümumilikdə bölgəyə nə qazandıracaq?

Bu xüsusda hərbi əhəmiyyəti baxımından Laçında tikilən hava limanını xüsusi qeyd etmək lazımdır. 10 noyabr Bəyatnatından sonra da daimi təxribatlarını davam etdirən Ermənistanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazidə beynəlxalq hava limanının inşası çox vacibdir. Əgər gələcəkdə Ermənistan tərəfinin hər hansı təxribatlara əlatma ehtimalı nəzərə alınarsa, bu bölgənin nəqliyyat strukturunun bərpası zəruridir.

Vətən müharibəsi həm də yeni texnologiyaların tətbiqinə görə tarixə düşdü. Bu baxımdan PUA-ları xüsusi qeyd etmək lazımdır. Artıq müasir müharibələr insan qüvvəsindən əlavə, PUA-lar və dronlarla aparılır. Azərbaycanın Vətən müharibəsində effektiv istifadə etdiyi “Bayraktar TB-2” uçuş aparatlarının effektiv idarə məsafəsi 150 km-dir. Laçında və Zəngilanda beynəlxalq hava limanlarının olması PUA-ların effektiv uçuş məsafəsini daha da genişləndirir. Bu, həmin aeroportların hərbi əhəmiyyətinin bir hissəsidir.

Bu yeni beynəlxalq hava limanları, həmçinin yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, sözügedən hava limanları həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına sürətli şəkildə çıxarılması üçün də böyük önəm daşıyır. Bu da öz növbəsində bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.

Zəngilan Beynəlxalq Hava Limanının Zəngəzur dəhlizi ilə əlaqələndiriləcəyini nəzərə alsaq bu istiqamətdə yükdaşımalara əlverişli şərait yarandığını qeyd edə bilərik. İlk olaraq Azərbaycanın Naxçıvan istiqamətində yükdaşıma xərcləri azalacaq, vaxt itkisi isə aradan qalxacaq. Artıq 3-cü ölkə ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq. Naxçıvanla bərabər, Türkiyəyə də yükdaşımaları asanlaşmış olacaq.

Bu gün istər ölkə ictimaiyyətində, istərsə də xarici vətəndaşlar arasında Qarabağa və Şərqi Zəngəzura böyük maraq var. Bu ərazilərin gözəl təbiəti, tarixi-memarlığı, qədimliyi fonunda Azərbaycanın orada keçirdiyi uğurlu hərbi əməliyyatlar regiona başqa bir xüsusi cazibə qatır. Təbii ki, ilk növbədə əsas məsələ insanların təhlükəsizliyinin təmin olunmasıdır. Ona görə də ərazilər minalardan tamamilə təmizlənməlidir.

Ekspertlər də öz növbəsində azad olunmuş ərazilərin turizm potensialını yüksək qiymətləndirirlər. Bu hava limanları turizm potensialından effektli istifadə etməyə tam imkan verəcək. Əhəmiyyəti baxımından Laçın Beynəlxaq Hava Limanını xüsusi qeyd etmək lazımdır. Belə ki, bu hava limanının həm Laçın, həm Kəlbəcər və eyni zamanda, Şuşaya yaxın olması turistlərin təyyarə ilə bu ərazilərə gedə bilməsinə imkan yaradacaq. Yəni, Şuşaya gəlmək istəyən yerli vətəndaşın və ya xarici turistin uzun məsafə qət etməsinə ehtiyac qalmayacaq. Xarici ölkədən elə birbaşa Laçın Beynəlxalq Hava Limanına getmək mümkün olacaq.

Beləliklə, bölgənin reylefini və digər yuxarıda göstərilən amilləri nəzərə alsaq, Qarabağda və Şərqi Zəngəzurda hava nəqliyyatının mövcud olması çox perspektivlidir və yaxın gələcəkdə xalqımız və dövlətimiz bundan yararlanacaq.

Cavid Əkbərov, “İki sahil”