22 sentyabr 2022 23:52
786

İşğaldan azad edilmiş ərazilərdə müasir yol infrastrukturu yaradılır

Qədim vaxtlardan Avropa, Yaxın Şərq və Asiya bazarlarını birləşdirən yolların kəşisməsində olan Azərbaycan "Şərqin Qapıları" kimi sayılırdı. Vahid nəqliyyat şəbəkəsinin mühüm tərkib hissəsi olan avtomobil nəqliyyatının indiki bazar iqtisadiyyatı şəraitində yük və sərnişin daşınmalarına olan tələbatı daha dolğun ödəməklə ölkənin iqtisadi, siyasi və sosial həyatında əvəzolunmaz rolu var idi. “Böyük Ipək Yolu”nun bərpası ilə avtomobil nəqliyyatının əhəmiyyəti daha da artırdı.

Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi isə birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Son illər dəmir yolları strukturu əhəmiyyətli dərəcədə yenilənib. Əsaslı təmir edilən dəmir yolları, yeni vaqonlar sərnişin və yükdaşımaya, hərəkətin təhlükəsizliyinə müsbət təsirini göstərməkdədir.

Bu gün Azərbaycan 2020-ci il ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan vermişdir. İşğaldan azad edilmiş ərazilərin dəmir yolunda da hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilmiş konkret tədbirlər müsbət nəticə verməkdədir.

Beynəlxalq nəqliyyat sisteminə qoşulmaqla avtomobil nəqliyyatının fəaliyyət dairəsi xeyli genişləndi. Bu da iqtisadiyyatın inkişafına, xarici iqtisadi əlaqələrin artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək etmiş oldu. Artıq başqa nəqliyyat sahələrində olduğu kimi, avtomobil nəqliyyatı vasitəsilə də Respublikamız Avropa, Mərkəzi Asiya və Rusiya ilə Yaxın şərq ölkələri arasında dəhliz rolunu oynayır.

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində təkxətli dəmir yolu xətti üzrə Bərdə, Köçərli, Təzəkənd, Qərvənd stansiyaları və Ağdam dəmiryol vağzalı yenidən tikiləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Cənab Ali Baş komandan tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya tikintisi planlaşdırılır. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək təkxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır.

ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

Son 20 ildə Azərbaycanda 19 000 kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Bu rəqəmləri Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında səsləndirib. Dövlətimizin başçısı məlumat verib ki, Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq.

Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası regionların davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verir. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində görülən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir.

Firuzə Əliyeva,
Xətai rayonu 86 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi