KÖŞƏ

Vəli İlyasov

Arazdan axan su deyil...

24 sentyabr 2022 02:39
1127

İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Qələbəsi bəzi ölkələri qıcıqlandıraraq hövsələdən çıxarıb və özlərini qəribə aparmağa başlayıblar. Onlar bunu heç cür həzm edə bilmir, davranışlarında baş-ayaq vururlar. Əhalisinin yarıdan çoxu azərbaycanlı olan İran İslam Respublikasının rəhbərləri müstəqil Azərbaycan Respublikasına aqressiv münasibətləri ilə daha çox fərqlənirlər. Əslində bizimlə mehriban davranmalı olan İran rəsmiləri nədən belə qeyri-etik və sərt hərəkət edirlər? Biz ki, kiminsə torpağını qəsb etməmişik, hansısa xalqı parçalayıb əsarətdə saxlamırıq? Bəlkə öz ərazimizi işğaldan azad etməməliyik? Bizim İrana iki yüz ildən bəri yığılıb qalmış suallarımız çoxdur.

Lakin təəccüblüdür ki, bu günlərdə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası Zəngəzur dəhlizi ilə bağlı bəyanat verib. İranlı deputatlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının "qaçılmaz  zərurət” olduğunu bildiriblər. Əcaib məntiqdir. Görün sərhəd toxunulmazlığından kimlər danışır?

"Mehr” Agentliyinə istinadən xəbər verilir ki, bəyanatda açıq şəkildə "Zəngəzur dəhlizi” ifadəsi işlədilməsə də, İran parlamentinin bu layihəyə qarşı çıxdığı məlumdur. Çünki bu dövlətin rəsmiləri əvvəllər də Zəngəzur dəhlizi  barədə danışarkən eynilə bu cür bəyanatlar səsləndirmişdilər.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının bəyanatında istənilən sərhəd dəyişikliyinin qəbuledilməz olduğu və bunun beynəlxalq hüququn prinsiplərinə zidd olduğu vurğulanıb. Görün kim kimə sərhəd dəyişikliyi barədə “xox” gəlir? Suçlu və xain xoflu olar. Göz qabağındadır.

"İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır və sionist rejimin, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) regionda geosiyasi-konspirativ planlar şəklində həyata keçirdiyi fitnəyə layiqli və qəti şəkildə reaksiya verəcəkdir.

İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası özünəməxsus vəzifə və missiyasına uyğun olaraq, Qafqaz regionunda baş verənləri daha həssaslıqla izləyəcək və İran xalqının hüququnu qorumaq üçün lazımi tədbirlər görəcək”, -deyə bəyanatda qeyd edilib. Görəsən Qafqaz regionunda İran xalqına kim təhlükə yaradır?

Qeyd edək ki, İran israrla Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək "Zəngəzur dəhlizi” layihəsinə qarşı çıxır və son vaxtlar verdiyi bəyanatlarda sərhəd dəyişikliyi ilə bağlı məsələləri "qırmızı xətt” adlandırır. Bizim öz torpağımızın bir parçası olan Naxçıvana sərbəst getmək haqqımız niyə olmasın?  Bizim "qırmızı xəttimiz" isə həm öz sərhədlərimiz, həm də Arazın o tayında yaşayan soydaşlarımızın hüquqlarıdır. İki yüz ildir Azərbaycan torpaqlarına şərik çıxanlar, bölücülük salanlar haranın kimin ərazisi olduğunu yaxşı bilirlər, şübhəsiz ki, həqiqəti basdıranlara onu demək sərf etməz. Həqiqət budur ki, İran rejimi 200 ildir ki, azərbaycanlıları istibdad altında saxlayır.

Görəsən, özünü İslam ölkəsi adlandıran İranın dövlət başçıları 1988-ci ildə Ermənistana qarşı niyə belə bəyanat vermirdilər? Bəyəm Azərbaycanın sərhədləri o vaxt "qırmızı xətt" sayılmırdı? İndi gündə öz ağzına yiyəlik edə bilməyən bir general və ya polkovnik  lovğalıqla Azərbaycana barmaq silkələyir. Artıq iyirmi birinci əsrdir, 1828-ci ildən 198 il keçib. Azərbaycan və xalqı bu müddət ərzində parçalanmış vəziyyətdədir. İran belə ədalət aşiqidirsə onda nə üçün özü pozduğu sərhədləri  bərpa etməyə təşəbbüs göstərmir? Arazdan axan su yox, atadan, anadan, qardaşdan, bacıdan və doğmalarından zorakılıqla ayrı salınmış azərbaycanlıların göz yaşlarıdır. Ancaq İranda yaşayan ermənilər  fars "qardaş"larının himayəsində azad və firavan həyat sürürlər. Belə çıxır ki, qara günlər yalnız azərbaycanlılar üçündür.

Xatırladaq ki, İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü də 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bu günlərdə Məhsa  Əmini adlı qızın isə hicabı düzgün bağlamadığına görə İran polisi tərəfindən döyülərək işgəncə ilə öldürülməsi dünyada rezonans doğurub. Ən adi insan haqlarını bu cür amansızcasına tapdalayanlar hansı üzlə ədalətdən danışırlar?

İranda baş verən hadisələr bu dövlətin daxili işidir və yəqin ki, xalqla dövlət ümumi razılığa gələrək qərar qəbul edəcəkdir. Bununla bərabər,  İranın Azərbaycanın haqq işinə hədsiz ədalətsiz mövqeyi də bu ölkənin siyasi gündəminə təsir edib. İran dövləti ölkəsinin yarısından çoxunu təşkil etdiyi azərbaycanlılara heç bir hüquq vermədiyi halda Azərbaycanın ərazisində  yuva salmış terrorçu ermənilərə dəstək verir. Bu, ən azı İran dövlətinin öz ərazisində yaşayan 40 milyona yaxın azərbaycanlıya qarşı hörmətsizliyin ifadəsidir.  Biz belə hörmətsizliyi çox görmüşük.  İkinci Qarabağ müharibəsindən sonra İran rəhbərlərinin hoqqabazlıqları son həddə çatdırılmışdı və bizi müharibə ilə hədələyirdilər. Həmin olaylardan  birində prezidentdən və xarici işlər nazirindən müstəqil Azərbaycana qarşı təhlükəli bəyanatların verilməsi həm o tayda, həm də bu tayda qəzəblə qarşılanmışdı. Onda ciddi səhvə yol verdiklərini anlayıb “söhbəti bağladılar.” Ancaq böyük bir xalqın heysiyyatı ilə nə qədər oynamaq olar? Azərbaycan dövləti  həmişə  qonşuluq  münasibətlərini və beynəlxalq hüquq normalarını üstün tutaraq dostluq əlini uzadır, İranla ikitərəfli münasibətlərin inkişafına yüksək dəyər verir. İran dövlətinin isə Azərbaycanın bu yüksək münasibətini ayaq altına atması tamamilə səhv addımdır. Ona görə də İran Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl yaratmaq əvəzinə öz resurslarından istifadə edərək Ermənistana  təsir göstərsə regionda, o cümlədən İranın özündə də sabitlik daha da möhkəmlənər. Haqsızın yanında durmaqla İran gələcəkdə yalnız özü üçün quyu qazır. İndi dünyanın güc mərkəzləri xalqları diskriminasiyaya məruz qoyan, milli bərabərsizliyə rəvac verən, imperiya ambisiyalarına uyanlara qarşıdır.  Bütün bunlardan və deyilməyən bir çox mətləblərdən İran nəticə çıxarmalı, qonşular siyasətində dəyişikliklər etməlidir. Başıqapazlı ermənilərlə “əbədi qardaşlıq” onu da bataqlığa apara bilər. Yaxşı olar ki, molla rejimi  fitnə-fəsad kitabını bağlayıb atsın bir tərəfə və özünü sivil qanunlarla aparsın. Əks halda...Özü yaxşı dərk edir ki, nələr baş verə bilər. O, bax, bu “nələr”in nələrdən ibarət olduğunu hər kəsdən özü yaxşı bilir və ona görə də bu qədər narahatdır. “Soğan yeməmisinizsə, içiniz niyə bu qədər göynəyir, ağayi mollalar?”