27 Sentyabr - Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmətlə və qürurla yad edirik. Onları unutmuruq, onlar bizim qəlbimizdə daim yaşayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 02 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq və qürur hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir.
Azərbaycanın qəhrəman övladları 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci və qürur hissi yaşadıblar.
Bu il İkinci Qarabağ- Vətən müharibəsinin, Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, şanlı Qələbənin ikinci ildönümüdür. Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun gücü sayəsində qazanılmış şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlamış, şəhərlər, rayonlar, kəndlər, yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Ermənilər tərəfindən işğal altında olmuş ərazilərdə vandalizm aktları, təxribatlar törədilmiş, təmas xətti boyunca yaşayan dinc əhaliyə mütəmadi atəş açılmış, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur. İşğal dövründə Azərbaycan xalqının zəngin tarixini əks etdirən mədəniyyət abidələri məhv edilmişdir.
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə qaytarılmasına çalışan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan xalqının və dövlətinin heç vaxt işğal faktı ilə barışmayacağını, işğalçı Ermənistanın bütün təxribatlarının qarşısının qətiyyətlə alınacağını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini dəfələrlə bəyan etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşləri, 2018-ci ildə keçirilmiş uğurlu Günnüt əməliyyatı, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri Azərbaycan dövlətinin iradəsinin, Ordumuzun gücünün və xalqımızın həmrəyliyinin göstəricisi olmuşdur.
Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri vermişdir.
2020-ci il sentyabrın 27-də başlayan və noyabr ayının 10-dək - 44 gün davam edən İkinci Qarabağ - Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun Zəfər yoluna çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi, döyüş meydanında Qələbə qazanılması sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, işğal altında olan torpaqlar azad olunmuş, Azərbaycan öz milli və hərbi-siyasi gücü ilə tarixi ədalətin bərpa edilməsinə müvəffəq olmuş, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun bir sıra qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhəri də Müzəffər Ordumuzun qəhrəman oğullarının şücaətlə döyüşməsi nəticəsində 2020-ci il noyabrın 8-də işğaldan azad edilmiş və Ermənistanın kapitulyasiyasına yol açan məhz Şuşa qalibiyyəti tariximizə Zəfər Günü kimi həkk olunmuşdur.
44 günlük İkinci Qarabağ - Vətən müharibəsi bütün Azərbaycan xalqının Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, həmçinin qardaş Türkiyənin əvəzsiz mənəvi dəstəyi sayəsində şanlı və unudulmaz Zəfərlə başa çatmışdır.
“Qarabağ Azərbaycandır!” ifadəsi ulu öndər Heydər Əliyevin vəsiyyətinə sədaqət andı olmaqla milli şüara çevrilmişdir.
Bu tarixi Qələbə ilə Vətən uğrunda mübarizədə qəhrəmanlıq və şücaət göstərən hərbçilər, o cümlədən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər və digərləri, ümumilikdə Azərbaycan xalqı cəsarət və qətiyyət nümayiş etdirmiş, şəhidlərimizin qanı yerdə qalmamışdır.
Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim yaşadır və qəhrəman övladlarımızın adları dövlətçilik tariximizə əbədi qazılıb. Bu müharibədə Azərbaycanın üç minə yaxın igid övladı Qələbə naminə canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş, minlərlə hərbçimiz yaralanmışdır. Dövlətimiz və xalqımız hərbçilərimizin bu şücaətini heç vaxt unutmur.
Azərbaycanın 2020-ci ildə əldə etdiyi ən mühüm nailiyyət sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibənin nəticəsi olaraq işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsidir. Belə ki, 2020-ci il sentyabrın 27-dən noyabr ayının 10-na kimi davam etmiş İkinci Qarabağ – Vətən müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsinə görə başlamış, qüdrətli Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdir. 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli birgə Bəyanat imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılması, Ermənistan Respublikasının 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 01 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarması, Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin təmin edilməsi və bununla belə Şuşa şəhərinə toxunulmaması, Laçın dəhlizinin (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalması, Azərbaycan Respublikasının Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi, Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi, Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirməsi, Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi və s.” məsələlərlə bağlı razılığa gəlinmişdir.
Bəyanatla, Ermənistan öz üzərinə Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi və öz hərbi birləşmələrini həmin ərazilərdən çıxarması və s. öhdəliklər götürmüş, 2020-ci ilin noyabr ayının 20-də Ağdam rayonu, həmin ilin noyabr ayının 25-də Kəlbəcər rayonu, Azərbaycana təhvil verilmiş, 01 dekabr 2020-ci il tarixdə isə Erməni silahlı birləşmələri Laçın rayonunun ərazisindən çıxmış, Laçın rayon mərkəzi və bəzi kəndlər istisna olmaqla rayonun digər əraziləri Azərbaycana təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bu rayonları döyüş əməliyyatları aparmadan, şəhid vermədən geri almışdır.
Növbəti sevindirci və qürurverici hal ondan ibarətdir ki, 2022-ci ilin avqust ayında Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri də Azərbaycan dövlətinin nəzarəti altına keçmişdir. Hər zaman olduğu kimi, Ermənistan dövləti öz çirkin və təxribatçı əməllərini davam etdirərək üzərinə götürdüyü öhdəliklərə əməl etmir, Bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməyərək, mütəmadi olaraq Azərbaycana qarşı təxribatlar törətməyə davam edir.
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmiş, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçuların, eləcə də ərazidə infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə olan bölmələri tərəfindən qəti cavab tədbirləri görülmüşdür.
Düşmənin bu təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün fəda edib, Azərbaycan Ordusunun əsgəri Vətəninə qarşı istənilən addımın və təxribatın qarşısını almaq qüdrətində olduğunu bir daha göstərmişdir. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində daha sonra da dəfələrlə təxribat törətməyə cəhd etmiş, lakin Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilmişdir.
Ermənistanın yerinə yetirmədiyi öhdəliklərindən biri də Zəngəzur - Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirən nəqliyyat komunikasiyalarının tikintiləri ilə bağlıdır ki, hər vasitə ilə bu tikinti işlərini gecikdirir, marşrutu belə təqdim etmir.
Ermənistanın öhdəliklərini icra etməməsi onu göstərir ki, Ermənistan hələ də məğlubiyyəti qəbul etmək və Azərbaycanla sülh müqaviləsi bağlamaq istəmir, real vəziyyətin dəyişəcəyinə ümid edir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımıza yaşatdığı şanlı Qələbədən sonra azad edilmiş torpaqlarımızda, Qarabağda, o cümlədən qədim Şuşa şəhərində cənab Prezidentin rəhbərliyi ilə möhtəşəm quruculuq işləri aparılmış, hazırda da davam edir, qədim tarixi, mədəni və dini abidələr də yenidən bərpa olunur. Cənab Prezident Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ili “Şuşa ili” elan etmişdir. Qarabağın tacı, mədəniyyət paytaxtında “Xarıbülbül” Beynəlxalq Festivalı, Vaqif Poeziya Günləri və digər tədbirlər təşkil olunmuşdur.
Şuşa şəhərində digər tədbirlərlə yanaşı, “Şuşa ili” çərçivəsində bu il iyulun 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa konfransı keçirilmişdir. Şuşa konfransında Prezidentin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı vəzifələr, həmçinin məhkəmə fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə edilmişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafında qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmi vurğulanmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı bu sahədə mühüm əhəmiyyət kəsb edir. Fərmanın icrası çərçivəsində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilir, institusional, təşkilati və digər tədbirlər görülür, müasir çağırışlara uyğun islahatlar davam etdirilir.
Qalib xalq olaraq qürur hissi ilə inanırıq ki, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandanımızın cənab İlham Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi bundan sonra da ölkəmizə yeni möhtəşəm qələbələr qazandıracaq, ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.
Rəna Qafarova,
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi