Bu gün bizim üçrəngli bayrağımız 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən bütün torpaqlarmızda dalğalanır
Bu gün bizim üçrəngli bayrağımız 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən bütün torpaqlarmızda dalğalanır. Həmin əzəmətli günlərdə hər kəs gördü ki, xalqımız 30 il ərzində ermənilər tərəfindən milli dövlətçiliyimizə və azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərlə barışmadı. Bu işğalla barışmayan xalqımız Zəfərə gedən yolun ilk günündən Ali Baş Komandanın ətrafında sıx birləşərək 30 ilə yaxın davam edən ədalətsizliyə, haqsızlığa son qoymaq və öz dədə-baba torpaqlarını işğaldan azad etmək üçün ölüm-qalım savaşına qalxdı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı, nəhayət, Ermənistan silahlı qüvvələri ağ bayraq qaldırmaq məcburiyyətində qaldı.
Böyük Qələbəyə gedən bu yolda Azərbaycanın qəhrəman oğulları Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldilər, minlərlə gəncimiz qazi oldu. İgid döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, torpağa, yurda bağlılığı Vətən müharibəsində qələbəmizi reallığı çevirdi. Xalqımız ötən 30 ildə Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri, Xocalı soyqırımını, doğma yurdlarından didərgin salınan, ağrı-acılara düçar oan soydaşlarımızı, günahsız qurbanları heç zaman unutmadı, yaddan çıxarmadı. Məhz bunun üçün də xalqımız, müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri 44 günlük Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə şücaət göstərərək düşmənə qalib gəldi, parlaq qələbə qazandı. Vətənə sevgi, dövlətə, xalqa bağlılıq Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini döyüş meydanlarında təkbaşına reallaşdırmaqla möhtəşəmliyini, əyilməzliyini bütün dünyaya göstərdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis olunub. Torpaqlarımızın mənfur düşmən tərəfindən işğalı otuz ilə yaxın davam etdi. Azərbaycan bu illər ərzində ədalətə və beynəlxalq hüquqa söykənərək dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara ikili standartlara əsaslanan siyasətə son qoyub işğalçı Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına çağırışlar etsə də dünya gücləri laqeyd yanaşdılar. Belə münasibətin nəticəsi idi ki, Ermənistan gündən günə quduzlaşırdı. Hətta Azərbaycan sülh danışıqlarının davam etdirilməsində, məsələnin ədalətli həllində nə qədər maraqlı idisə, Ermənistan o qədər danışıqlara imitasiya naminə qatılır, münaqişənin nizamlanması məqsədilə keçirilən görüşlərin baş tutmaması üçün təxribatlara əl atır, bununla da vaxt qazanmağa çalışırdı. İşğalçı dövlətə planlarını həyata keçirməkdə dəstək olan əksər dünya gücləri vəziyyətin bu şəkildə davamının müsbət heç nə vəd etmədiyinin fərqində idilər. Çünki haqq-ədalət gec-tez zəfər çalmalı idiır. Ən başlıcası isə 30 ildə Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad ediləcəyi ilə bağlı ümidlərini bir an belə itirmədi. Xalqımız tam əmin idi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ərazi bütövlüyümüz bərpa ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Müstəqilliyimizin xilaskarı, ulu öndər Heydər Əliyev qurduğu möhkəm təməl üzərində Azərbaycanın daha möhtəşəm uğurlara imza atması üçün 2003-cü ildə inamın növbəti ünvanını göstərərkən cənab İlham Əliyevə özü qədər inandığını, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab ONUN başa çatdıra biləcəyinə əminliyini ifadə etdi.
Əvvəldə qeyd etdimiz kimi, 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən «Hücum!» əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. Ölkə Prezidentinin hər gün xalqa müraciəti Qələbə müjdəli oldu. Silahlı Qüvvələrimiz ermənilərin illərdir qurduğu istehkamları dağıtdı, hərbi texnikasını məhv etdi, yaxud qənimət kimi götürdü. Bu texnikanın bir qismi Zəfər Paradında nümayiş olundu. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı buraya gələn hər bir ziyarətçiyə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın tarixi Zəfərinin, postmünaqişə dövrünün reallıqlarının təqdimatı oldu.
Məhz bu gün xalqımız o günlərdən başlanan Zəfər yolu ilə gələcəyə doğru qürurla addımlayır. Hazırda Qarabağda, Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, tarixi abidələrimizi dağıdıb. Azərbaycan bütün bərpa və quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Ölkəmiz bu sahədə də təcrübəsini nümayiş etdirir. Belə ki, müharibədən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlamaq asan deyil. Amma Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başladı. Bu, həm ölkəmizin malik olduğu imkanların, həm də öz tarixi torpaqlarına sahib olan xalqımızın qurucu xalq olduğunun göstəricisidir. İki ildə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Hədəflərə çatmaq üçün bütün imkanlar mövcuddur - Siyasi iradə, iqtisadi güc, xalqımızın səfərbərliyi, milli həmrəylik. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna tarixi səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında səsləndirdi ki, «Bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.»
Emil Abiyev,
Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, ikinci dərəcəli ədliyyə qulluqçusu