29 sentyabr 2022 17:21
327

Ölkəmizin artan gücü müstəqilliyimizin qarantıdır

Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi ölkə başçısının müvafiq Sərəncamına əsasən artıq iki ildir ki, ölkəmizdə Anım Günü olaraq qeyd edilir. Qürurlu tarix olan və Zəfərə aparan 27 sentyabrın  məhz Anım Günü adlandırılması isə Prezident cənab İlham Əliyev tərəfindən  Vətən uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiramın əlamətidir. Bu il Anım Günündə də ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfər etmələri, döyüşlərin ilk başlanğıc yeri olan Qaraxanbəyli kəndi ərazisində olmaları şəhidlərimizə olan böyük ehtiramdan irəli gəlir. Səfəri zamanı ölkə başçısı Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önündə çıxış edərək 44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu vurğuladı. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni cəmi 44 günə doğma torpaqlarımızdan qovdu.

Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarımızda bu gün dövlətimiz quruculuq işləri həyata keçirir, şəhərlərimizi, kəndlərimizi bərpa edir. Xalqımız isə şanlı Zəfərimizlə fəxr edir. Bir sözlə, işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə nümayiş etdirdi ki, bu gücün əsas mənbəyi xalq-Ali Baş Komandan-ordu birliyi oldu. Məhz bu birlik xalqımıza Zəfər bəxş elədi. Qəhrəman əsgər və zabitlərimiz Zəfəri öz qanları ilə yazdılar.  Füzuli istiqamətində olan 5-6 xəttdən ibarət müdafiə sədlərini yarmaq üçün hərbçilərimiz sözün əsl mənasında ölümə gedir, öz canlarını fəda edirdilər. Rəşadətli ordumuz 44 gün ərzində hər gün irəliyə gedirdi. Ordumuz bir gün belə geriyə addım atmadı və Vətən müharibəsində  300-ə yaxın şəhər və kəndimiz düşməndən azad edildi. Döyüş meydanında diz çökən düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi. Hərbi zəfərimiz diplomatik qələbəmizə zəmin yaratdı və düşmən  işğal altında olan digər ərazilərimizdən də çıxmağa məcbur oldu.

Xalqımız möhtəşəm Zəfər qazanmaqla işğalla barışmadığını və qürurlu xalq olduğunu bütün dünyaya sübut etdi. Bu gün hər bir azərbaycanlı bu torpağın övladı olduğu üçün fəxr edir.  Çünki döyüş meydanında öz haqqını bərpa etmək, düşməni məğlub etmək böyük fəxrdir. Bu şərəfli missiyanı isə bu günkü nəsil yerinə yetirib. Odur ki, bu günkü nəsil xoşbəxt nəsildir. Gələcək nəsillər isə  həmişə bu şanlı tarixlə fəxr edəcəklər.

Prezident cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycanın hər bir vətəndaşı həmişə müstəqilliyimizin keşiyində durmalı, qazanılmış Zəfərimizi, bir sözlə, ölkəmizin ərazi bütövlüyünü qorumağa hazır olmalıdır. Ölkə başçısı eyni zamanda düşmənə də sərt xəbərdarlıq edərək qeyd elədi ki, Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, ölkəmiz  üçün təhdid yaratsın. Düşmən bu sərt xəbərdarlıqdan dərs çıxarmalı və Azərbaycana qarşı işğalçılıq siyasətindən, eyni zamanda davamlı xarakter alan təxribatlarından əl çəkməlidir. Çünki Azərbaycan dövləti artıq güclü dövlətdir və güclü orduya sahibdir. Ölkəmizin artan gücü, o cümlədən hərbi gücümüz müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, qarantıdır. Odur ki, ola biləcək bütün təhdidlərin qarşısı anındaca alınacaqdır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri