30 sentyabr 2022 02:17
272

Körpənin körpəsi...

Rәsmi qeydә alınmamış nikahda olan azyaşlıların doğum və abort halları azalıb, ancaq hələ də mövcuddur

Uşaqlar ailə qururlar, boşanırlar! Hələ orta məktəbi bitirməmiş uşaq-qızlar hamilə qalırlar, dünyaya uşaq gətirirlər! Hələ özləri böyüməmiş, yetkinləşməmiş körpə qadınlar abort etdirir, bətnlərindəki körpələri məhv etməyə məcbur qalırlar! Və nə qədər acı da olsa bütün bunlar insanlığın başqa planetlərdə yaşam əlamətləri axtara biləcək qədər inkişafın irəli səviyyəsinə yüksəldiyi, robotların, pilotsuz uçuş aparatlarının, dronların, “ağıllı” texnologiyaların həyatımızı dəyişdirəcək gücə çevrildiyi XXI əsrin 21-ci ilində Azərbaycanda yaşanıb və bu gün də yaşanmaqdadır. Təəssüf ki, Dövlət Statistika Komitəsinin aşağıda haqqında bəhs edəcəyimiz məlumatları ölkəmizdə azyaşlıların zorla nikaha cəlb olunmaları, dünyaya uşaq gətirmələri, rәsmi qeydә alınmamış nikah hallarının mövcudluğu, artması və s. hallar ilə bağlı həyəcan təbilinin çalınmasını zəruri edir! Dünyadakı və ölkəmizdəki bu qədər inkişafa rəğmən bəzi insanların beyinlərinin əksinə, iki əsr və daha artıq əvvəlin dini, geridəqalmış adətlərinə qayıdacaq qədər deqradasiyaya uğramasının səbəbi nədir görəsən?  

Əvvəlcə qeyd edək ki, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu ildə qəbul edilmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”ya (Convention on the Rights of the Child) görə, dünyanın hər yerində 18 yaşdan aşağı şəxslər uşaq hesab edilir. Elə Azərbaycanda da hazırda qüvvədə olan “Uşaq hüquqları haqqında” Qanunla uşaqların yaş həddi 18-ə kimi nəzərdə tutulub. Bu gün Azərbaycanda həm oğlanların, həm də qızların nikaha daxilolma yaşı isə 18-dir (müstəsna hallarda bu, bir il azaldıla bilər), yəni uşaqlığın bitdiyi, gənclik dövrünün başladığı yaş dövrü. Beləliklə, qeyd olunan yaşdan aşağı uşaq sayılır və nikaha girmələri də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağandır, məsuliyyət yaradır.

İndi isə Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə narahatlıq doğuran məlumatlarına nəzər salaq. Ötən il Azərbaycanda 16 yaşa qədər qadın 84 körpə dünyaya gətirib. Diqqət yetirin: 16 yaşa qədər! Yəni, hələ orta məktəbi bitirməmiş, yetkinləşməmiş, dünyanı tam dərk etməyən, gələcəklə bağlı bütün arzuları zorlanmış uşaqlar ana olublar! Daha 341 körpəni16 yaşda, 1 225-ni 17 yaşda, 2 972-sini 18 yaşda və 4 854 körpəni isə 19 yaşda olan qadınlar doğub. Azərbaycan əhalisinin sayı ilə müqayisədə azyaşlı anaların sayı çox görünməsə də az da deyil...

Abort etdirənlərin statistikası da ürəkaçan deyil. Keçən il üçün ümumilikdə 46 877 abort qeydə alınıb. Təəssüf ki, abort etdirənlər arasında 16 qadın 15-17 yaşda olub. Ümumilikdə 18-19 yaşına qədər abort etdirən gənc qadınların sayı 2 412 nəfər təşkil edib. Məlum olduğu kimi, abortun əsas səbəbləri sırasında qeyri-qanuni münasibətlər zamanı hamiləqalma halları və dünyaya gələcək körpənin cinsiyyəti məsələsi ilk yerlərdədir. Xüsusilə gələcəkdə doğulacaq qız uşaqlarının tələf edilməsi ölkədə demoqrafik problemlərin yaranmasına rəvac verə bilər.

Azərbaycanda tarix boyu ailə dəyərlərinə xüsusi önəm verilib və xalqımızın dayanıqlı, müqəddəs ailə modelinə münasibəti indi dəyişməyib. Daha doğrusu, dəyişməməlidir. Bu baxımdan statistikada boşanmaların artması ilə bağlı məlumatlar təəssüf doğurur. Ən pisi isə azyaşlılar arasında qurulmuş ailə ittifaqlarının dağılmasıdır. Belə ki, 2021-ci ildə ölkədə ümumi 17 191 boşanma halı qeydə alınıb. 15-17 yaş aralığında olan 5, 18-19 yaş aralığında isə 175 nəfər qadının nikahı pozulub.

Təsəllivericidir ki, bəzi bu kimi statistik məlumatlarda əvvəlki illərlə müqayisədə azalma var. Məsələn, 15-19 yaşda rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2016-cı ildə 7094, 2019-cu ildə 5850, 2020-cu ildə 4955 və 2021-ci ildə 4547 uşaq dünyaya gəlib. Göründüyü kimi, son 6 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınların uşaq dünyaya gətirməsi azalan xətt üzrə davam edib.

Uşaqlarımıza bəlkə həmişə olduğundan daha artıq sahib çıxmaq valideynlərin, eləcə də cəmiyyət olaraq hamımızın borcudur. Heç bir iş, maddi-mənəvi qayğılar gələcəyimiz olan övladların taleyindən daha vacib deyil. Bizə belə narahatlıq doğuran statistika deyil, fərd olaraq da, millət və xalq olaraq da sağlam, xoşbəxt uşaqlıq, gənclik lazımdır – Hər birimizin və hamımızın sabahı üçün!

Mahir Rəsuloğlu, “İki sahil”