KÖŞƏ

Vəli İlyasov

"Araba kölgəsi" axtaranlar...

06 oktyabr 2022 02:14
934

Rusiyalı ekspert Aleksandr Razuvayev belə deyib

Qarabağda ağır məğlubiyyətə uğramış təcavüzkar Ermənistanın hakimiyyət təmsilçiləri ənənələrinə uyğun olaraq Azərbaycana qarşı yenidən informasiya müharibəsini davam etdirirlər. Həmişə başqalarına böhtan atmaqda, şər yağdırmaqda mahir olan ermənilər son günlər "güllələnmə" şousu ilə bir çox ölkələrin mətbuatını döyənək ediblər. Ancaq indi səksəninci illərin sonu və doxsanıncı illər deyil, onların yalanlarına inanan yoxdur. Ən yaxın müttəfiqləri də bilirlər ki, Ermənistan daim hamıya blef gəlməyi vərdiş edib. Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də Ermənistanı üstələyib, onun "quzu" cildindəki təcavüzkar sifətini bütün dünyaya tanıdıb.

Qayıdaq "güllələnmə" şosuna. Bu dəfə ermənilərin yalanını biz deyil, başqaları ifşa edir. "Azərbaycan əsgərlərinin guya erməni hərbçilərini məhkəməsiz-istintaqsız güllələdiklərini əks etdirən videonun dünya KİV-lərində bu qədər tez yayılması Ermənistanın Qərbdə, ilk növbədə, Fransa və ABŞ-da çox ciddi lobbiyə malik olduğunu göstərir." Bu fikirləri mətbuata açıqlamasında Rusiyanın tanınmış siyasi şərhçisi Aleksandr Razuvayev bildirib. O, sözünə davam edərək söyləyib ki, belə qara piar Qərbə ermənilərə məhəbbətdən, türklərə nifrətdən qaynaqlanır. “Şərq həmişə Qərb üçün yaddır və yad olaraq qalacaq. Türk ölkələrinə mənfi təsir edə biləcək hər şey Qərb üçün prioritetdir. Bu, artıq təbii haldır ki, Qərb Cənubi Qafqazda tamamilə sülh istəmir. Bu gün Qərbin əsas məqsədi Rusiyanın zəifləməsidir. Ona görə də ABŞ və onun “köməkçiləri” Qafqazda da vəziyyəti gərginləşdirmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər."

Razuvayevin bu fikirləri göydən düşməyib və əsassız da deyil. Qərb Ermənistan müharibədə məğlub olduqdan dərhal sonra işğalçı ölkəyə qahmar çıxmağa başladı. Fransa və digərləri əvvəl elə hesab edirdilər ki, 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı "yeni müharibə, yeni ərazilər" məqsədi ilə başladığı hərbi əməliyyatlar ermənilərin qələbəsi ilə başa çatacaq. Ona görə də səslərini içlərinə salıb sonu gözlədilər. Sonda isə hər şey tərsinə oldu. Yalnız ondan sonra Fransa və digərləri Ermənistanı yenidən müdafiə etmək, düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün hərəkətə keçdilər.

"Təbii ki, aparıcı Qərb KİV-ləri də bu istiqamətdə işləyir. İndi İrəvan artıq Qərb dəstəyinə əmindir. Onlar silah tədarükünü gözləyirlər. Ermənistan sadəlövhcəsinə düşünür ki, Fransa və ya NATO ermənilərin maraqları uğrunda vuruşacaq. Necə ki, bir müddət öncə ruslar haqqında bu cür düşünürdülər... Təbii ki, ermənilərin absurd ideyaları uğrunda heç bir dövlət vuruşmayacaq. Lakin Qərb Ermənistanı silahlandıracaq və onu Azərbaycana qarşı itələyəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin”, - deyə rusiyalı ekspert vurğulayıb.

Rusiyalı ekspertin dediklərindən belə fikir hasil olur ki, Ermənistan hələ də burnunun ucundan uzağı görə bilmir, axmaqcasına kimlərinsə onun əvəzinə vuruşacağına inanır. Bütün olub-keçənlərdən dərs götürmək əvəzinə "araba kölgəsi" axtarışındadır. Ermənistan rəhbərlərinin iki günün biri gah okeanın o tayına, gah da Fransaya səfər etmələri, göz yaşları töküb yardım istəmələri, Hindistandan silah almaları bunun əyani sübutudur. Ancaq Ermənistan silah-sursatının bol olduğu şəraitdə məğlub olduğunu unudur.

Qısaca desək, ermənilər müstəqil dövlət kimi qonşularla mehriban, sülh şəraitində yaşamağı bacarmırlar. Regionda dinc yanaşı yaşamaq  əvəzinə yenidən təhlükəli oyunlara girişirlər. Görünür, otuz illik işğalın nəticələri bunları qandırmayıb. Əgər işğalçılıq yolundan dönməsələr onları gözləyən uçurumdan aşağı yuvarlanacaqlar. Onda günah uçurumda deyil, ermənilərin uçuruma düşən çolaq ayaqlarında olacaq.