Türkiyənin Kastamonu bölgəsində 9 yaşlı Məhəmməd sarımsağa olan həvəsi ilə diqqət çəkir.
Hər gün ən az 5 diş sarımsaq yeyən uşağın bu vaxta qədər səhhətində problem olmadığını deyən ailəsi onun bu vərdişdən əl çəkə bilməyəcəyini deyir. Atası Nurəddin Köylü “başqa uşaqlar atalarından konfet, şokolad kimi şeylər istəsələr də, oğlum məndən həmişə sarımsaq istəyir. Almayanda da ağlayır, küsür. Sarımsağın daha güclü antibiotik olduğunu düşünməyə başladım. Oğlum 6 ildir ki, sarımsaq yeyir” deyə bildirib.
3 yaşından sarımsağı ləbləbi kimi yeyən Məhəmməd məktəbə, tətilə, dostları ilə oynamağa gedəndə belə yanında sarımsaq aparır. Onu görənlər heyrətlərini gizlədə bilmirlər.
Məhəmməd özü isə bunları deyib: “Sarımsaq yeməyi sevirəm. Hər gün sarımsaq yeyirəm. Elə bir gün yoxdur ki, sarımsaq yeməyim. Sarımsaq yeyib güclənirəm”.
İlk gördüyümdə yemək istədim, sonra əl çəkmədim
Sarımsaq görəndə dayana bilmədiyini deyən Məhəmməd, “ilk dəfə yeyəndən sonra sarımsaqdan əl çəkmədim. İndi hər gün davamlı olaraq sarımsaq yeyirəm. Sarımsaq yedikdən sonra heç vaxt xəstələnməmişəm. Mənim məktəbdə bir qız sinif yoldaşım var. O da sarımsaq yeməyi sevir, amma mənim qədər yeyə bilmir. O, 3-4 diş sarımsaq yediyi halda, mən gündə 6-7 diş sarımsaq yeyirəm. Məktəbdə yanımda parta yoldaşım var idi. Ona sarımsaq yeməyi tövsiyə etdim. Sonra özümlə gətirdiyim sarımsağı ona verdim, o da yedi. Acı olduğunu düşünərək bir daha sarımsaq yemədi” deyə əlavə edib.
Hər getdiyim yerə sarımsaq aparıram
Getdiyi hər yerə sarımsaq apardığını ifadə edən Məhəmməd “atam hərdən mərkəzə gedir. Bəzən atamla gedəndə özümlə sarımsaq götürməyi unuduram. Sonra sarımsaq görəndə atama deyirəm ki, sarımsaq alarsan? Atam da bəzən almır və mən ondan küsürəm. Mənim pis olduğumu görüb, sarımsaq alır” deyə sözlərinə davam edib.
Vüsal Cahanov, “İki sahil”