Hansı heyvan daha sürətli qaçır? Dünyanın ən soyuq yeri haradır? Bəs ən hündürə tullanan insan kimdir? Bu və başqa suallara cavab tapmaq üçün insanlar daim canlıları və təbiət hadisələrini müşahidə edirlər.
Bu maraqlı müşahidələrin hamısının bir yerə toplandığı kitab isə “Ginnesin Rekordlar Kitabı” adlanır. Dünyanın müxtəlif yerlərindən olan insanlar bu nəşrin səhifələrində adlarını əbədiləşdirmək üçün qeyri-adi qabiliyyətlərini və ya fərqliliklərini bəyan etməyə çalışırlar. Bu kitabın yeniliklərini təqdim edirik.
Nəhəng manqo
Kolumbiyalı fermerlər Herman Orlando Novoa Barrera və Reina Maria Marroquin 2020-ci ildə dünyanın ən ağır manqosunu yetişdirərək rekorda imza atıblar. Nədənsə onların bu nailiyyəti yalnız bu il “ Ginnesin Rekordlar Kitabı” na daxil olub.
Ən böyük parikə sahib olan aktrisa
Dryu Barrimore dünyanın ən böyük parikində rəqs edərək dünya rekorduna imza atdı. Qeyd edək ki, həmin parikin ölçüsü 2.23 metrdir.
Aktrisa, həmçinin Cimmi Fallonun “The Tonight Show” proqramında daha iki dünya rekordunu imzaladı. Aktrisadan 30 saniyə ərzində 10 könüllüyə qırmızı pomada sürtməsi istənilib. Sonra o, bir neçə kağız bannerini yırtaraq daha bir rekorda imza atmış oldu.
Boylarına görə seçilən pişiklər
Fenrir Antares Pauers boy fərqinə görə, digər pişiklər arasında seçilərək “ Ginnesin Rekordlar Kitabı” na daxil olub. Onun boyu təxminən 47,83 santimetrdir.
Dünyanın digər ən uzun pişiyi İngiltərədə yaşayır. Ludo adlı bu pişik 118 sm-ə çatan uzunluğu ilə diqqət çəkir.
1970-ci ildən bəri bığını qırxmayan insan
Hindistanlı Ram Singh Çauhan dünyanın ən uzun bığına sahibdir. Onun bığının uzunluğu 4 metr 30 santimetrdir. Ram Singh Çauhan 1970-ci ildən bəri bığını qırxmır.
Dünyanın ən yaşlı insanı
Bu il venesuelalı 113 yaşlı Xuan Vinsente Mora dünyanın ən yaşlı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Mora uzun ömür sürməsinin sirrinin "Allah sevgisi, ailə sevgisi və işə tezdən qalxmaq" olduğunu söyləyib. O, hər günə bir fincan qəhvə ilə başladığını və yemək vaxtlarını ailəsi ilə keçirdiyini də vurğulayıb.
Moranın 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötükcəsi var. Mora bildirib ki, dostları və ailəsi onun həyatda ən dəyərli yoldaşlarıdır.
Mora 1937-ci ildə Ediofina del Rosario Garcia ilə evlənib. 60 il birlikdə yaşadıqdan sonra 1997-ci ildə həyat yoldaşını itirdiyini və son 20 ilin onsuz keçdiyini deyib. İlk fotoşəkilini 51 yaşında ağ-qara çəkdirdiyini deyən Mora internet və televiziya kimi bir çox mühüm ixtiraların əvvəlini və sonrasını gördüyünü də vurğulayıb.
Dünyanın ən uzun dırnaqlarının sahibəsi
Dünyanın ən uzun dırnaqlarına sahib olan Dinah Armstronq adlı ABŞ sakini 22 ildir ki, onları kəsmir.
Xanım Dinah Armstronq buna görə gündəlik həyatda çətinlik çəksə də, amma manikürə yazılmaq fikrində deyil.
Qadının sözlərinə görə, o, sonuncu dəfə dırnaqlarını 1997-ci ildə kəsdirib. Sən demə, qadının manikür ilə bağlı çox acı əhvalatı varmış.
Belə ki, onun 16 yaşlı qızı, manikür ustası olan Latişa astma xəstəliyindən yuxuda dünyasını dəyişdikdən sonra qadın bir daha manikürə getməyəcəyinə söz verib. Hal-hazırda amerikalı qadının dırnaqlarının uzunluğu təxminən 1,306 santimetrdir. Armstronq qeyd edib ki, hər bir dırnağı cilalamaq və ona qulluq etmək 10 saat çəkir. Buna baxmayaraq,” Ginnesin Rekordlar Kitabı” na daxil olan Dinah dırnaqları ilə fəxr edir və onları heç vaxt kəsməyəcəyini əminliklə bəyan edir.
Ən uzun dilin sahibi
Hazırda ən uzun dilin sahibi Dante Barnesdir. Onun dilinin uzunluğu 12,19 santimetrdir. Qeyd edək ki, Dante Barnrsdən öncə ən uzun dil ingiltərəli Stiven Teylor “ Ginnesin Rekordlar Kitabı” na daxil olmuşdu. Onun dilinin uzunluğu 9,8 santimetr idi. Bu, 2006-cı ildə qeydə alınsa da, “Rekordlar kitabı”na yalnız 2009-cu ildə düşmüşdü.
Dünyada qadınlar arasında ən uzun dil isə Hamburqun 12 yaşlı sakini Annika İrmlerə məxsusdur. Bu qızın dilinin uzunluğu 7 santimetrdir.
Ən böyük qadın əlləri
Ən böyük qadın əlləri Rumeise Gelgiyə məxsusdur. Onların uzunluğu 24,93 santimetrdir. Rumeisa Gelgi, həmçinin dünyanın ən ucaboylu qadın tituluna malikdir.
Ən ucaboylu evli cütlük
Dünyanın ən ucaboylu evli cütlüyü Sun Mingming və arvadı Xu Yan Çindir. Kişinin boyu 236,17 santimetr, həyat yoldaşının boyu isə 187,3-dır.
Balaca inək
Bu il “Ginnesin Rekordlar Kitabı” düşən inək Rani cəmi 50,8 santimetr uzunluğundadır.
İnanılmaz kipriklərə sahib olan qadın
Yu Jianxia 12.40 santimetr uzunluğunda kipriklər uzadaraq “ Ginnesin Rekordlar Kitabı” na daxil olub.
Saqqızdan şişirilən nəhəng şar
Çad Fell tərəfindən saqqızdan şişirdilmiş şarın ölçüsü 50,8 sm-dir. O, bu şarı şişirdərkən əllərindən istifadə etməyib.
Dünyanın ən uzun dilli iti
Mochi "Mo" Rikert adlı santbernar iti “Dünyanın ən uzun dilli iti ”kimi yeni rekorda imza atıb. Baytar onun dilini ölçərək, çox təəccüblənib. Belə ki, itin dilinin uzunluğu 18,58 santimetrdir.
Samirə Tağıyeva, “İki sahil”