KÖŞƏ

Vəli İlyasov

Qardaş xalqların qardaşlaşmış şəhərləri - Şuşa-Kayseri

18 oktyabr 2022 02:37
932

Bu günlərdə Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Kayseri şəhərinin qardaşlaşması barədə protokol imzalanıb.  Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, sənədi Kayseridə səfərdə olan Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün UNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər. Bununla da tarixən bir soydan ayrılıb təşəkkül tapmış qardaş xalqların sarsılmaz birliyinə yeni özəl töhfələr veriləcəkdir.

Fərəhlə qeyd etməliyik ki, əsrlərlə yaşı olan Türkiyə-Azərbaycan qardaşlığına tariximizin ən dərin qatlarından belə saysız-hesabsız nümunələr gətirmək olar. Ulu Oğuz tayfasının iki qolu kimi inkişaf edən qardaş xalqlarımız hələ uzaq əsrlərdə ən çətin məqamlarda bir-birlərinin yanında olmuş, qardaşlıq naminə canlarından belə keçmişlər. Bu barədə minlərlə nümunə göstərmək olar. Lakin onlardan yalnız bir neçəsini xüsusi vurğulasaq kifayət edər.

Yəqin ki, "Səhər" filmi çoxlarının yadındadır. Orada 1918-ci ildə birləşmiş erməni daşnak, rus bolşevik hərbi qüvvələrinin, eser, menşevik tör-töküntülərinin Azərbaycanda soyqırımı törətməsindən sonra davam edən gərginlik, ingilis qoşunlarının Bakını işğal etməsi, yəni, ölkəmizin parçalanıb məhv olduğu bir dövrdə Nuru Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana hərbi yürüş etməsi, bütün düşmən qüvvələri məğlubiyyətə uğratması təsvir olunub. Həmin film 1960-cı ildə çəkilib. Bu, o dövr idi ki, Sovet hakimiyyəti Türkiyəni bizə qəddar düşmən ölkə kimi tanıdırdı. Ancaq xalqın ürəyindəki qardaş məhəbbəti hər cür əks-təbliğata üstün gəlmiş və filmdə  türk qoşunları müzəffər ordu kimi təqdim olunmuşdu.

Birinci Dünya müharibəsində məğlub durumda olan Türkiyə Azərbaycandan yardım istəmişdi. Ölkəmiz imkanı çatan yardımları göndərmişdi. Bir qədər sonra Türkiyənin vəziyyəti yaxşılaşanda yardımı qaytarmaq istəmişdilər. Onda Nəriman Nərimanov Atatürkə demişdi ki, biz qardaşıq, qardaş qardaşa borc verməz, biz də borc verməmişik.

Yüz milyonlarla izləyicisi olan "Quruluş Osman" kinoepopeyasını təqdim etməyə ehtiyac yoxdur. Yəni, izləyici sayına görə bütün dünyada rekord qazanan bir filmdir. Film Osmanlı dövlətinin necə qurulmasından bəhs açır. Orada Osman Qazinin bu dövlətin yaradılması üçün apardığı qızğın mübarizə təsvir olunur. Oba bəyliyindən başlayaraq gərgin döyüşlər nəticəsində qüdrətli Osmanlı dövlətinin bünövrəsinin qoyulmasında Osman bəyin silahdaşları arasında iki azərbaycanlı alpın-döyüşçünün olması təsadüfi deyil. Filmdə Gəncə bəyi və Şuşa bəyi adlandırılan həmin iki nəfər  Osman bəyin bütün fəthlərində onun yanında igidliklə döyüşüblər. Yeri gəlmişkən deyək ki, Gəncə bəyi rolunda karatenin qaydasız döyüş növü üzrə dünya çempionu, xalqımızın fəxri Zabit Səmədov çəkilib.

Qədim dövrlərdə isə dünyanın ən qüdrətli hökmdar-sərkərdələrindən biri olan Sultan Məhəmməd Alp-Arslanın 1064-cü və 1068-ci illərdə iki dəfə Azərbaycana xilaskarlıq yürüşü etməsi isə nə filmdir, nə də nağıl. Bu, bizim daim fəxr etdiyimiz tarixi faktdır. Alp-Arslan hər iki səfərində Azərbaycanı təhdid edən yadelli düşmənlərimizi yerində oturtmaq üçün uzaq yerlərdən aylarla at sürərək gəlmişdi. İkinci səfərində düşmən ordusunu elə darmadağın etmişdi ki, az sayda sağ qalanlar yalnız qaçmaqla canlarını qurtara bilmişdilər. Tarixi mənbələrdə yazıldığına görə, Alp-Arslan Azərbaycan əsilli idi və həmişə Azərbaycan türklərinin təəssübünü çəkir, çətin məqamlarda onlara köməyə gəlirdi.

Keçən əsrin yetmişinci illərində Bolqarıstanda türkləri əzib assimilyasiyaya uğratmağa çalışan ölkə başçısı Todor Jivkovun ümumi rəhbərliyi ilə orada yaşayan türklər basqılara məruz qoyulur, ad və soyadları dəyişdirilir, nahaq yerə tutulub həbsxanalara atılır, təhqir olunurdular. Belə bir dövrdə Moskvaya gələn Todor Jivkov Kremldə Heydər Əliyevlə qarşılaşanda Heydər Əliyev barmağını Jivkova silkələyərək demişdi ki, türklərə etdiyin zülmlərə görə cavab verəcəksən. Ondan sonra Bolqarıstanda türklərə qarşı diskriminasiya dayandırılmışdı. O zaman ermənilər və digər gözü götürməyənlər öz aralarında Heydər Əliyevi “Kremldəki türk paşası” adlandırırdılar.

Tarixin bütün dönəmlərində olduğu kimi, sıx birlik və sarsılmaz qardaşlıq bu gün də davam etməkdədir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə “qardaşım” deyə müraciət edir, xarici işlər naziri Mövlud Çavuşoğlu haqqımızda danışanda böyük məhəbbətlə “Can Azərbaycan” deyir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində Türkiyə Azərbaycanla monolit birlik nümunəsi göstərdi. Ən ağır məqamlarda qardaşlarımızın mənəvi köməyi qəlbimizi hər zaman qürurlandırdı. Beynəlxalq tədbirlərdə Azərbaycan olmayan yerdə türk qardaşlarımız “biz buradayıq” dedilər. Türkiyə nümayəndə heyətinin olmadığı tədbirlərdə isə bizim nümayəndələr "onların əvəzində biz buradayıq" mesajını verdilər.

Minnətdarlıqla qeyd etməliyik ki, dünya liderləri səviyyəsinə yüksəlmiş Prezident Ərdoğan həm 44 günlük müharibədən əvvəl, həm də sonra bütün beynəlxalq tribunalarda Türkiyənin daim Azərbaycanın yanında olacağını qətiyyətlə bildirib. Azərbaycana qarşı diş qıcayan bəzi bədxahlarımız bu qətiyyətdən dərs götürərək qınlarına çəkildilər.

Sonda bir fikri vurğulamaq istəyirik. Şuşa-Kayseri qardaşlığı qardaş xalqlarımız və dövlətlərimiz üçün yeni bir nümunə olacaqdır. Çünki şair demişkən:

Biz qardaşıq, nə özgəyik, nə yadıq,

Atadanbir, anadanbir övladıq.