KÖŞƏ

Vəli İlyasov

Siçovullar deşilən "gəmi"dən qaçırlar

18 oktyabr 2022 23:58
884

İki ilə yaxındır ki, Ermənistan bir-birinin ardınca aldığı zərbələrdən müvazinətini itirərək istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahələrdə "səkkizlik" vurur. Diaqnozu hələ məlum olmayan erməni xəstəliyi sağalmaq bilmir ki, bilmir.

“Bizi Qarabağla bağlı çətin qərarlar gözləyir”.

Bu fikri Ermənistan prezidenti Vaaqn Xaçaturyan Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanla görüşündə deyib.

Bir vaxtlar dörd yanını yandırıb-yaxan, "böyük Ermənistan", "miatsum", "artsax" deyib Azərbaycan ərazilərini işğal edən, azərbaycanlılara vəhşicəsinə divan tutan erməni başkəsənləri biabırçı kapitulyasiyadan  sonra adətləri üzrə yenə "yazıq" cildinə giriblər. Əvvəlki haray-həşirdən, hədələrdən, "qəhrəmanlıqdan", cəlladlıqdan əsər-əlamət belə qalmayıb. Silahlı qüvvələrinin 2020-ci ilin 44 günlük müharibəsindəki darmadağınından və 2022-ci ilin 13 sentyabr "qapaz"ından sonra yenə də saxta məzlum rolu oynamağa başlayıblar. Ancaq daha gecdir, bütün dünya onların insanlıqla bir araya sığmayan cinayətlərinə şahiddir.

Əvvəllər heç vaxt belə öldürücü zərbə “yeməyən” ermənilər 44 günlük müharibədə ağır travma alaraq şok keçirdilər. Ancaq iki il öz məğlubiyyətlərini etiraf etmək istəməyən və Azərbaycanın sülh şərtlərini yaxına buraxmayan işğalçılar getdikcə daha çətin vəziyyətə düşdülər. İki il müddətində vəziyyəti düzəltmək, rüsvayçılıqdan yaxa qurtarmaq üçün ora-bura qaçan, Azərbaycanı şantaj edən və böhtan yağdıran,  lakin sonda heç nəyə nail ola bilməyən ermənilər anladılar ki, daha heç kəs onların ağılsız planlarına qoşulmaq istəmir. Nəhayət, yüksək səviyyələrdə təmsil olunan vəzifəli şəxslərin,  ölkənin fərsiz başçılarının məğlubiyyəti acizliklə etiraf etmələri, ağlayıb-sıtqamaları onların artistlik məharətini göstərir. Artıq bunlar başa düşməyə başlayıblar ki, otuz üç il müddətində Azərbaycan xalqının taleyi ilə oynamaları öz məntiqi sonuna çatıb. İndi onlar etdikləri cinayətlərin cavabını verməli, bədəlini ödəməlidirlər. Pelosilərin, makronların və daha kimlərin hədə-qorxuları da işə keçmədi və Azərbaycan onlara da həddini aşmamağı işarə etdi. İşğalçı Ermənistan dövləti və onun sərsəm başçıları və ideoloqları cinayətkar sifətində Azərbaycanla meydanda təkbətək qaldılar. Bu, ermənilərin ən çox qorxduqları məqam idi. İki yüz ildir ki, havadarlarının hesabına ərazi qamarlayanlar bu cür məğlub olacaqlarını ağıllarına gətirmirdilər. Ancaq vəziyyət dəyişdi,  heç vaxt arzulamadıqları situasiya ilə "tetatet" qaldılar. Bu qorxu bir vaxt bar-bar bağıranların nitqini necə qurudubsa artıq pıçıltıya, yalvarmağa keçiblər. Bir yandan da cənnət vəd verib sonra nahaq yerə oğullarını qırdırdıqları öz ermənilərindən it kirpidən qorxan kimi qorxurlar. Bilirlər ki, beyinləri havalanmış ermənilər ayılan kimi havayı tökülən qanların hesabını onlardan soracaqlar. Artıq bu vicvicə Ermənistanın prezidenti səviyyəsinə qədər sirayət edib.

“Erməni xalqı həlledici mərhələyə qədəm qoyur, bu da Ermənistanın mövcudluğu və Qarabağ probleminin həlli ilə bağlıdır. Qərar qəbul edərkən maksimum gücə və tarazlığa ehtiyacımız olacaq. Düzgün qərarlar qəbul etmək üçün vəziyyəti real qiymətləndirmək lazımdır. Bu qərarlar bizim üçün çətin olacaq, çünki bunlar bəzi hallarda istəklərimizi təmin etmir”, - Xaçaturyan bildirib.

"Bu qərarlar bizim üçün çətin olacaq" cümləsinin açmasını verməyən prezident Xaçaturyan özü yaxşı bilir ki, Ermənistan yüz ildir dünyaya yaydığı dəlisov iddialarını məcburi surətdə və rəsmi qaydada geri götürməlidir. Yəni, "böyük Ermənistan", "artsax", "miatsum", “Kür-Araz respublikası” və digər axmaq ideyaları qatlayıb ciblərinə qoymalıdırlar. Ermənistan başbilənləri üçün ən dəhşətlisi də odur ki, bu ideyaların reallaşdırılması adı altında mənimsədikləri yüz milyonlarla dolların da hesabı onlarla aparılacaqdır. Corc Sorosun axıtdığı milyonlar, diaspor cəmiyyətlərinin yüz milyonlarla məbləğdə ianələri, xarici ölkələrdəki erməni milyonçularından “Qarabağda ikinci erməni dövləti” qurmaq adı ilə yığılan milyonların haqq-hesabı aparılacaqdır. Həmin pulları həzm-rabedən keçirən başda Zori Balayan, Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan, David Tonoyan, Samvel Babayan, Arkadi Qukasyan, Bako Saakyan, Vitali Balasanyan və bir çox başqaları olmaqla həm erməni toplumu, həm Azərbaycan, həm də beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlar. Hər kəs işlədiyi cinayətin dərəcəsinə görə öz cəzasını alacaq.

Qorxudan ödünü udmuş Ermənistan prezidenti qeyd edib ki, geosiyasi və regional vəziyyət dəyişib: “Bu gün keçmişə qayıtmağa ehtiyac yoxdur, diqqəti gələcəyə yönəltmək lazımdır, xüsusən də bu gün dünyada hər şey çox sürətlə dəyişir. Gələcəklə bağlı baxışlarımızı ictimaiyyətə təqdim etmək üçün həll yolları müzakirə edilməlidir”.

Əslində Vaaqn Xaçaturyanın Araik Arutyunyanla "dərdləşməsi"nin səbəbi onu dilə tutub bölgədən sağ-salamat uzaqlaşdırmaqdır. Azərbaycan Ordusu öz qədim şəhərinin bir addımlığındadır. Çox yaxın vaxtda  Xankəndinin əsl sahibləri öz şəhərinə gələcək və onda terrorçuların qaçıb aradan çıxmağa imkanları olmayacaq. Əlbəttə, çoxdan gözlənilən gün yetişəcəkdir. İki xalqın qanını nahaq yerə axıdanlar tutulub istintaqa təhvil veriləcəklər. Öz aqibətlərinin xeyirlə qurtarmayacağını bilən bir çox terrorçular artıq Qarabağdan qaçıblar. Ancaq hələ qalanlar var. Xankəndidə yuva salan, Gəncə, Tərtər, Bərdə qatili kimi ad çıxaran Araik Arutyunyan həbs olunmalı ilk cinayətkardır və o, Azərbaycanın inzibati orqanları tərəfindən axtarışa verilib. Yüzlərlə dinc əhalinin qətlinin təşkilatçısı kimi ağır cinayətlər onun çiynindədir. Çox güman ki, Ermənistan prezidenti öz terrorçusuna tapşırıq verib ki, başını götürüb qaçsın, yoxsa Azərbaycan həbsxanaları onun yolunu gözləyir.

Ancaq həbsxanalarımız təkcə Araiki gözləmir...