KÖŞƏ

Vəli İlyasov

Ermənistan Rusiyadan necə "boşanacaq"?

20 oktyabr 2022 02:36
882

Belə görünür ki,  müstəqil siyasət yeritmək dövlətçilik ənənələri və bacarığı olmayan ermənilərin işi deyil. İyirmi əsrdir ki, bunlar onun-bunun qoltuğunda və himayəsində yaşamağa öyrəşiblər. Yalnız XIX əsrdə Azərbaycan torpaqlarında ermənilərə dövlət quran Rusiya onları öz vassalığında saxlayıb, qurama dövlətə hər cür yardım və kömək etməklə bərabər, nəzarətdən kənara buraxmayıb. Sovet İttifaqı dövründə Ermənistan dotasiya hesabına "şən həyat" keçirib. SSRİ dağılandan sonra da Rusiya ermənilərə qucaq açıb təminatlarını öz öhdəsinə götürüb. "Araba gölgəsi"ndə yatan ermənilər bunu öz kölgələri hesab edərək son illər Rusiyadan ayrılmağı qarşılarına məqsəd qoyublar. Bəhanə onu gətirirlər ki, Rusiya Qarabağ müharibəsində onların əvəzinə Azərbaycanla döyüşməyib. Qəribə məntiqdir. Deyilmi? Bu qədər ərköyünlük və ya həyasızlıq olarmı? Ermənidirsə, bəli, olar.

Qərbin güclü dəstəyi ilə 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın iki əsas vəzifəsindən biri Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Ona görə də Paşinyan gələndən az sonra Rusiyadan "boşanmaq" məsələsi gündəm oldu. Əvvəllər Rusiya əleyhinə xırda piketlərdə və mitinqlərdə bu cür tələblər qaldırılırdısa indi dövlət səviyyəsində səsləndirilir. İrəvanda rusdilli məktəblər bağlandı, ruslar sıxışdırılaraq vəzifələrdən uzaqlaşdırıldılar. Artıq Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi fonunda Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışdığına dair xəbərlər ciddi vüsət alır. Bu, özünü təkcə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması və İrəvanın KTMT-dən çıxması tələbləri şəklində deyil, həm də praktik addımlarda göstərir. Məlumdur ki, Ermənistan və Rusiyanı təkcə strateji müttəfiqlik əlaqələri deyil, həm də iqtisadi əlaqələr birləşdirir. Metsamor AES-i, Ermənistan dəmir yollarını rus şirkətləri idarə edir, qaz təchizatı Rusiyanın “Qazprom” şirkəti tərəfindən təmin edilir. Ermənistanda dağ-mədən sənayesinin böyük bir hissəsi Rusiya kapitalı tərəfindən idarə olunur. Rusiyanın Ermənistandan sıxışdırılması prosesinin başlanğıcı Zəngəzur Mis-Molibden Kombinatının payının yalnız bir hissəsinin Ermənistana verilməsi hesab olunur. Bu da könüllü deyil, məcburi şəkildə baş verib. "Teleqram" kanallarında da Rusiyanın Ermənistanın iqtisadiyyatından sıxışdırılması ilə bağlı yazılar dərc olunur. Xüsusilə qeyd olunur ki, ABŞ bu işə Paşinyanın varisi hesab edilən Tiqran Avinyanı təyin edib.

Erməni politoloqları hesab edirlər ki, Rusiya şirkətlərinin Ermənistandan çıxarılması riskləri çox yüksəkdir: “Siyasi dairələrdə “Qərb, yoxsa Kreml?” mövzusunda ciddi fikir ayrılığı var. Onların bir qismi hesab edir ki, Rusiya şirkətlərinin Ermənistanın enerji sektorundan sıxışdırılıb çıxarılması İrəvan üçün ciddi nəticələrə səbəb olacaq. İlk növbədə, Ermənistan iqtisadiyyatı çökə bilər. Çünki indi ermənilər min kubmetr qazı 178 dollara alır, halbuki Avropada orta qiymət min kubmetr üçün 1200 dollardır. Eyni nümunə atom elektrik stansiyasına da aiddir. Çünki Rusiya dünyada uranla işləyən atom elektrik stansiyalarının demək olar ki, 30-40 faizini uranla təmin edir. Bu sahədə Rusiyanın mövqeyi güclüdür və ABŞ-ın eyni atom elektrik stansiyaları Rusiyanın zənginləşdirilmiş uranı ilə işləyir. Ona görə də Rusiyaya qarşı uranın alqı-satqısından başqa bütün sanksiyalar tətbiq olundu. Ermənistanın Rusiya qazından, uranından asılılığı böyükdür və Qərb bunu əvəz edə bilməz. İndi Ermənistanın apardığı siyasət ölkə üçün çox pis nəticələnə bilər. Ermənistan isə bu nəticəyə öz "töhfə"sini verir. İndiki hakimiyyət Qərblə, Rusiya və ümumiyyətlə, hər kəslə oyun oynayır. Hamıya nəsə vəd verir, amma yerinə yetirmir. Ermənistan bu böyük oyunçular arasında kuryer kimi istifadə edilir. Hazırda kifayət qədər zəif və dayanıqsız siyasət yürütdüyünə görə ətrafındakılar bundan istifadə edirlər.

Hazırda Ermənistan-Rusiya münasibətləri qarşıdurma mərhələsinə çatmaqdadır. Biri digərinin təsir dairəsindən uzaqlaşmaq, sadəcə "boşanmaq" istəsə də o biri "talaq" vermək istəmir. Haqqı da var. Çünki Rusiya yüz illərdir ki, Ermənistanı öz pulları hesabına saxlayır. Bu pullar kiçik rəqəmlə ölçülməz, söhbət yüz milyardlardan gedir. Təkcə Qarabağın işğalı dövründə Rusiya Emənistana digər irimiqyaslı humanitar yardımlardan əlavə qiyməti 10 milyard dollarlıqdan artıq silah-sursat və hərbi texnika vermişdi. Ermənilər iki yüz il ərzində bu qədər pulu "yeyəndən" sonra başlayıblar ki, bəs biz ayrılırıq. Bu yerdə yada Məşədi İbadın məşhur sualı düşür: Bəs mənim pullarım?