KÖŞƏ

Vəli İlyasov

İran ermənilərə nə vaxtadək "bəçeşm" deyəcək?

21 oktyabr 2022 00:57
977

Böyük ərazisi olan İran İslam Respublikasının (İİR) rəhbərlərinin başqa yerdə deyil, məhz Azərbaycanla sərhəddə, Araz çayı kənarında hərbi təlim keçirmələri heç də təəccüb doğurmur. Çünki çəkdikləri "sancı"nın səbəbi məlumdur. Bu "sancı" 1828-ci ildən bu yana davam etməkdədir. Sevincimizə yas tutublar, çətin günlərimizə seviniblər. Həmişə bizə qarşı olanlara züytutan olublar. Onlar Qarabağın və Şərqi Zəngəzurun işğalının davam etdiyi 30 il ərzində bir dəfə də Ermənistanın qarşısına "qırmızı xətt" çəkmədilər, bizə heç bir sahədə dəstək olmadılar. Bu cəhənnəm, əksinə, o vaxt Azərbaycana rəhbərlik edən  Yaqub Məmmədovu Tehrana çağırıb orada mənasız danışıqlarla başını qatdılar, bu tərəfdə isə ermənilər həmin gün Şuşanı işğal etdilər. İİR yenə də Ermənistana heç bir etiraz etmədi, işğalçı hərəkətini pisləmədi.

Ancaq Azərbaycan 2020-ci ildə Qarabağı və digər əraziləri işğaldan azad etdikcə İranın molla rejimi narazılıqlarını açıq surətdə ifadə etdilər və qalmaqal yaratdılar. Ancaq ciddi səhvə yol verdiklərini başa düşərək sakitləşdilər. Təbii ki, bu, nisbi sakitlik idi. Əslində onlar əlaltdan Ermənistana dəstəklərini davam etdirir, qardaşlıqlarını "izhar" edirdilər. Azərbaycanın sıralanan uğurlarını həzm edə bilməyən İİR başçıları Zəngəzur dəhlizinə qarşı çıxmaqla Ermənistana dəstək olduqlarını bir daha sübut etdilər.

“Soğan yeyib içləri göynəyən” bu mollalar görünür əmmamələrini qabaqlarına qoyub fikirləşməyiblər. Düşünməyiblər ki, iki əsr bundan əvvəl Rusiya ilə sövdələşib bir xalqı yarı bölərək əsarət altında saxlamaqla özlərinə təhlükəli gələcək qazanıblar. İndi bir gənc qadının ölümünə görə ayağa qalxan Cənubi azərbaycanlıların qarşısında dizi əsən hökumət bundan da betərinə davam gətirə bilərmi? Çətin.

Ağayi Paşinyan dedikləri ilə komandasına verdikləri dəstək onu göstərir ki, onlar ermənilərlə "qardaşlığa" sadiqdirlər. O dərəcədə ki, özlərinin çətin günlərində belə erməni qardaşlarına kömək əli uzatmağa hazırdırlar.

Zəngilanda Hava Limanının açılışı günündə qısqanclıqdan əziyyət çəkən molla rejimi özünün naşı xarici işlər nazirini İrəvana göndərməklə çirkli sifətini bir daha göstərmiş oldu. Halbuki onların da nümayəndələri bu açılışda xoş məramla iştirak etməli idilər. Ancaq bunun əvəzinə bədxahlarımız Ermənistana öz nazirlərini göndərməklə qəzəbdən boğulduqlarını biruzə verməli olublar. 2001-ci ildə də təxminən belə hərəkətlər etmişdilər.

Arazın o tayındakı bədxahlarımız gərək unutmasınlar ki,  2001-ci ildə Xəzərdə hədlərini aşanda Türkiyənin hərbi hava şahinlərinin Bakı səmasında görünmələri ilə onların köpləri bir anda yatdı. İndi isə təkcə qardaş Türkiyə deyil, daha bir neçə dost dövlət molla rejiminə xəbərdarlıq edir ki, gərginlik yaradacağı halda Azərbaycanı tək buraxmayacaqlar. İsrailin bu sırada yer alması isə mollaları yandırıb-yaxır. Baxmayaraq ki, Azərbaycan arxasında böyük dövlətlərin, elə İranın da dayandığı Ermənistanı diz üstə çökdürdüyü kimi öz gücü ilə digər düşmənlərinin də öhdəsindən təkbaşına gələ bilər.  Təbii ki, onlar düşməncəsinə davranışlarına son qoymasalar, Zəngilanın örüş sahələrində təkcə camış ferması yox, oradakı beynəlxalq hava limanında heç görmək istəmədikləri başqa şeylər də görəcəklər. Çox təriflədikləri İran PUA-larının Ukraynada “raqatka” ilə vurulub yerə salınmasını da unutmasınlar. İndi həmin PUA-ları Paşinyana "bəçeşm" deyib Ermənistana da sırıyırlar. Ancaq Azərbaycan belə “otxod” silahları cəbbəxanasına qoymağı belə rəva görməz, çünki o silahlar müasir silahlarla müqayisədə  dəmir-dümür yığınından başqa bir şey deyil. Bununla bərabər, İran tərəfinin aqressiv siyasətinə Azərbaycan hələ də səbirlə yanaşır və sülh əlini uzadır.

Əgər İİR rəsmiləri Azərbaycanla Türkiyənin irəli sürdükləri çoxtərəfli əməkdaşlıq planına qoşulsalar, Zəngilan Beynəlxalq Hava Limanı İranın və hətta qardaşları Ermənistanın da yıxılmış iqtisadiyyatının dirçəldilməsinə kömək edə bilər. Yox, əgər yenə də qarşıdurma siyasəti yeridəcəklərsə, onda həmin aeroport başları üzərində “Damokl qılıncı”na çevriləcək. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngilan Hava Limanının açılışını birgə etmələri fikrimizi təsdiq edir. Arazın o tayında hərbi təlim keçirildiyi bir vaxtda hər iki Prezidentin Araz sahilinə gəlməsi əslində beyinləri dumanlanmış İran rəsmilərinə ciddi xəbərdarlıq və onun manevrlərini heçə saymaqdır. Odur ki, yaxınlaşan fırtınalar astanasında olan İran rəhbərləri əmmamələrini qabaqlarına qoyub yaxşı fikirləşməlidirlər. Nə qədər ki, gec deyil. Yoxsa Türkmənçay müqaviləsinin şərtləri dəyişdirilə bilər...