Qalib Azərbaycanın regionda iqtisadi, siyasi, hərbi qüdrətinin artması, müstəqil dövlət siyasətinə söykənərək beynəlxalq miqyasda mövqeyinin güclənməsi görünür İranı narahat edir. Əgər belə olmasaydı, bu gün İran hakimiyyəti o boyda ərazisi qala-qala məhz gəlib Azərbaycanla sərhəddə, əsasən də azərbaycanlıların yaşadığı ərazilərdə - Araz çayı boyunca hərbi təlimlər keçirməzdi. Özü də Azərbaycan hakimiyyətinin işğaldan azad edilən ərazilərimizdə beynəlxalq əhəmiyyətli layihələrə imza atması ilə rəsmi açılış mərasimlərini keçirdiyi bir vaxtda.
İranın bu addımı atmaqla öz-özlüyündə əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti şəkildə narahat etmir. Əksinə, molla rejiminin vahiməyə düşdüyündən xəbər verir.
Deputat Arzu Nağıyevin fikrincə İran, Zəngəzur dəhlizinin reallaşdırılmasının bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıdığını qəbul etməkdə çətinlik çəkir: “İranı narahat edən məsələlərdən biri də Zəngəzur dəhlizidir və onlar düşünürlər ki, bu dəhliz olduqda İranla-Ermənistan arasında məsafə yox olur və bunların qorunması üçün regiona guya İsrail və NATO qoşunları gələ bilər. Lakin bunun heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Naxçıvan və Azərbaycanı birləşdirən bir dəhlizdir. Eyni zamanda beynəlxalq logistika üçün ən mühüm şəkildə daşınmaları həyata keçirən bir körpüdür. Ərdoğanın Zəngilanda Hava Limanın açılışına gəldiyi bir ərəfədə İranın xarici işlər naziri Əmir Abdullahianın da İrəvana səfəri bir daha göstərir ki, İran nümayişkərana şəkildə dünyaya Ermənistanla aralarında tərəfdaşlıq olduğunu bəyan edir.
İran qonşuluq siyasətini heç bir beynəlxalq qanunlara söykənmədən idarə edir. Qafanda konsulluğun açılması buna sübutdur. Elə Ərdoğan da bəyanat verdi ki, Şuşada konsulluğumuzu açacağıq. Biz sülhün tərəfdarıyıq və Azərbaycan həmişə qonşuluq siyasətini ən yüksək səviyyədə həyata keçirib”.
Amma buna baxmayaraq İran hakimiyyəti Azərbaycanı təxribata sürükləməkdə maraqlıdır.
Elə götürək 44 günlük Vətən müharibəsi dövrünü. İran nə etdi? Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür çirkin vasitələrdən istifadə etdi.
Ta ki, artıq müharibənin taleyinin həll edildiyini və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olana qədər. Qələbədən sonra İran rəhbərliyi ən sonuncular sırasında ölkəmizə dəstək ifadə edən bəyanat verdi.
Bəs sonra yenə nə baş verdi ki, ağlına deyil, ağzına gəldiyi şəkildə mesajlar göndərdi?
Bəlkə doğrudan da bunun kökündə Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi dayanır? Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün yalnız və yalnız ticarət və sərmayə imkanları təqdim edəcək. O zaman İran nədən narahatdır? Azərbaycanın 28 il işğal altında qalan torpaqlarında əvvəlki kimi at oynada və bizə məlum və naməlum əməllərini becərə bilməməyindən? Hər halda bu sualların özündə əhatəli bir cavab boylanır. Ki, bu qəbildən olan vandalizmi sərhədə texnika yığmaqla kölgədə saxlamaq mümkün olmayacaq.
Siyasi və hüquqi strateji araşdırmalar mərkəzinin rəhbəri Xəyal Bəşirov faktlardan danışıb: “30 illik işğal dövründə Ermənistan tərəfindən o ərazilərimizdə olan 67 məsciddən 61-nin dağıdılması, müsəlmanlar üçün önəm kəsb edən qəbirlərimizin dağıdılması, məscidlərimzdə donuzların saxlanılması kimi faktlar var. Biz əslində ərazilərimizlə yanaşı o məscidlərimizi də azad etdik. Əslində bu gün İran fərqli mövqe sərgiləməli idi. İran unutmamalıdır ki, Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd olmamalıdır. Əslində Azərbaycan bununla İran üçün də iqtisadi gəlirlərə yol açır”.
Müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın islami dəyərlərin müdafiəsi haqqında danışmağa bu gün heç bir haqqı yoxdur.
Bu haqq Xocalıda müsəlman olan hamilə qadınlarımızın, qız-gəlinlərimizin, ana-bacılarımızın, körpələrimizin ağlasığmaz işgəncələrə məruz qalmaqla zorlanması kimi faktlara göz yummaqla batil oldu.
Bu gün İran Ermənistanın mənafeləri üzərində qurduğu siyasətinə son qoymalıdır. Əks təqdirdə dünya dövlətləri bir yana, elə təkcə İranda yaşayan milyonlarla azərbaycanlıların ayağa qalxması kifayət edir ki, ölkəmizə qarşı atılan çirkli addım təhdidlərə son qoyulsun.
Kamaləddin Qafarov: “Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı”
31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixi yaddaş və həqiqətlərin dünyaya çatdırılması
Məzahir Əfəndiyevin 31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı məqaləsi Avropa mətbuatında dərc olunub